Banklara inam ciddi şəkildə aşağı düşüb...

Mərkəzi Bankın rəsmi statistikasında da banklardakı əmanətlərin məbləğində azalmalar aydın şəkildə müşahidə edilməkdədir.
 
Maide.Az xəbər verir ki, bu barədə iqtisadçı-alim Vüqar Bayramov öz rəsmi “facebook” səifəsində bildirib.
 
Ekspert qeyd edib ki, bu ilə 9 milyard 472 milyon manatlıq əmanətlə başlayan banklar 2016-cı ilin yalnız 3 ayı ərzində 1 milyard 396 milyon manat depozit itiriblər:
 
“Bunun əsas səbəbi isə banklara olan inamın azalması üzündən əmanətçilərin öz pullarını geri çəkməsidir. Ümumiyyətlə, əmanətlərin həcminə diqqət yetirdikdə birinci devalvasiyadan başlayaraq əmanətərin məbləğində azalmalar müşahidə edilib. Belə ki, ilk devalvasiyadan sonra ümumi əmanətlərin həcmi milli valyutanın dəyərsizləşməsi hesabına 7 milyard 932 milyon manat idi. Bu həmin dövrə olan məzənnə ilə 7 milyard 554 milyon dollar demək idi. Daha sonra bu göstərici ötən ilin dekabr ayında 7 milyard 89 milyon manata düşdü”. /
 
Ekspertin sözlərinə görə, ikinci devalvasiya əmanətlərin manat ifadəsində məbləğini artırsa da dollar ifadəsində dəyərsizləşdirib: “Xarici valyuta ifadəsində yalnız son 1 ildə əmanətlərin məbləği 2 milyard 205 milyon dollar azalıb. Bütün bunlar Mərkəzi Bankın rəsmi göstəriciləri əsasında aparılan hesablamalardır və müqayisələr göstərir ki, son 1 ildə banklara inam ciddi şəkildə aşağı düşüb”.
 
Hələ də bir sıra banklarda əmanətçilərə pulların qaytarılması ilə bağlı ciddi problemlərin qaldığını deyən ekspert bankların, xüsusən də 2010-2014-cü illərdəki arxayın və yanlış bahalı kredit siyasətinin bu sektorda ciddi problemlərin əsasını qoyduğunu bildirib: 
 
“Əslində biz hələ o illər “bir sıra bankların çayxanalarda kredit kartı paylamasının”ciddi böhrana yol açağını bildirirdik. Təəssüf ki, həmin illər Mərkəzi Bank sadəcə seyrici mövqe tutdu. İndi isə problem başqadır: vətəndaş halal pulunu bəzi banklardan geri ala bilmir. Əmanətlərin müqaviləyə uyğun olaraq zamanında və tələb edilən məbləğdə qaytarılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən daha real addımların atılmasına ehtiyac var. Bankların problemli kreditlərinin həcminin artması əmanətçinin deyil, MDB-də ən yüksək kredit faizləri ilə uzun müddət inanılmaz qazanc əldə edən bir sıra bank rəhbərlərinin günahıdır. Ona görə də, heç bir halda kreditlərin yubadılması əmanətlərin qaytarılmaması üçün bəhanə olmamalıdır. Buna görə də, adıçəkilən palata tərəfindən əmanətlərin qaytarılması üçün konkret meyarların müəyyənləşdirilməsi və ona nəzarət edilməsin ehtiyac var. Palata banklara inamı qaytarmaq istəyirsə o zaman pulunu geri almaq istəyəin hər bir əmanətçinin hər bir qəpiyi yubadılmadan ona qaytarılmalıdır”. /