Baş redaktor Avropa məhkəməsinə müraciət edəcək

Vəkil: `Araz Quliyevə qarşı münasibətdə Avropa Məhkəməsinin münasibəti müsbət olacaq`

Vəkil Zaman Səmədov 8 il şərlənərək həbs edilmiş (Xeber44.com) Cenubnews.com İnternet qəzetinin baş redaktoru Araz Quliyevlə görüşüb.
 
Vəkil Zaman Səmədov bildirib ki, “Araz Quliyevin səhhəti yaxşıdır. Hamıya salam dedi. Bundan əlavə görüş zamanı o dedi ki, Ali Məhkəmədə onların kassasiya şikayətinə baxılır. Yəni Ali Məhkəmənin barələrində verilən hökmü qüvvədə saxlamaq qərarını hələ bilmir. Çox güman ki, mən bu dəfə onunla görüşəndə ona məlumat verəcəyəm. Ali Məhkəmənin qərarından sonra 6 ay ərzində Avropa Məhkəməsinə müraciət edəcəyik. Mən hesab edirəm ki, Araz Quliyevə qarşı münasibətdə Avropa Məhkəməsinin münasibəti müsbət olacaq.”
 
Xatırladaq ki, Araz Quliyev və digər yeddi nəfər 2012-ci ilin sentyabr ayının 8-də şərlənərək Masallı rayonunda beynəlxalq folklor festivalı ilə əlaqəli tədbirin pozulmasına cəhd göstərmək, dinc sakinlərə və polis əməkdaşına xəsarət yetirmək ittihamı ilə həbs ediliblər. Sonradan təqsirləndirilənlərə yeni ittihamlar verilib.
 
Qeyd edək ki,Quliyev Araz Faiq oğlu Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər)” maddələri ilə ittiham olunur./İslamazeri