Biləsuvarda etirazlarla əlaqədar 7 nəfər saxlanılıb

Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısında dünənki insidentlə əlaqədar 7 nəfər saxlanılıb.

 
DİN-in və Baş Prokurorluğun mətbuat xidmətlərinin məlumatına görə, "icazəsiz" aksiyanın bir neçə iştirakçısı ictimai asayişi pozub və polisin qanuni tələblərinə tabe olmayıb.
 
Bununla əlaqədar 7 nəfər saxlanılıb, iki nəfər xuliqanlığa və polisə müqavimət göstərdiklərinə görə cinayət məsuliyyətinə cəlb edilib. Beş nəfər barəsində kiçik xuliqanlığa görə protokol tərtib edilib, deyə məlumatda bildirilir.
 
Xatırladaq ki, mayın 4-də yüzlərlə insan pandemiyadan zərər çəkənlərə ayrılmış maddi yardımın paylanmasından narazılıqlarını bildirmək üçün Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısına gəlib. Polis onları dağıtmağa başlayıb və qarşıdurma baş verib. /turan