İbrətamiz hekayələr - Arzusuna çatan qoca

Übeydullah ibn Ziyad Kərbəla faciəsinə don geyindirmək, təbliğat mühiti yaratmaq, öz rəftarına bəhanə gətirmək və camaatın qiyamının qarşısını almaq üçün onları məscidə toplayıb minbərə çıxdı. Seyid ibnTavus yazır: “İbn Ziyad əvvəlcə Allaha həmd-səna söylədi və sözlərinin əsnasında dedi: Haqqı və onun əhlini aşkar edən, möminlərin əmiri (Yezid) və onun tərəfdarlarını qalib edən və yalançı oğlu yalançını öldürən Allaha şükürlər olsun!”

Bu zaman Abdullah ibn Əfif Əzdi yerindən qalxdı və fəryad elədi:

يَابْنَ مَرْجانَةَ! إِنَّ الْكَذّابَ ابْنَ الْكَذّابِ أَنْتَ وَأَبُوكَ، وَمَنِ اسْتَعْمَلَكَ وَأَبُوهُ. يا عَدُوَّاللهِ! أَتَقْتُلُونَ أَوْلادَ النَّبيّينَ وَ تَتَكَلَّمُونَ بِهذَا الْكَلامِ عَلى مَنابِرِ الْمُسْلِمينَ

“Ey Mərcanənin oğlu! Yalançının oğlu yalançı sən və sənin atan, səni bu məqama təyin edən kəs (Yezid) və onun atasıdır (Müaviyədir)! Ey Allahın düşməni! Peyğəmbərin (s) övladlarını öldürdüyünz halda, müsəlmanların minbərinə çıxır və bu cür (həyasızcasına) söz danışırsınız?!

(Heç kəsdən belə sözlər eşitmək intizarında olmayan) İbn Ziyad özünü itirdi və qəzəblənərək dedi: "Bu sözləri danışan kimdir?"

İbn Əfif dedi: “Mənəm, ey Allahın düşməni! Allahın hər cür pislikdən uzaqlaşdırdığı ailəni öldürür və elə güman edirsən ki, müsəlmansan? Mühacirlər və Ənsarın övladları haradadır ki, səndən və o zalımdan (Yeziddən), Allah Peyğəmbəri (s) tərəfindən lənətlənmişin oğlu lənətlənmişdən intiqam alsın?”

İbn Ziyad qəzəbindən boynunun damarları şişdi. Sonra dedi: “Onu yanıma gətirin!”

Məmurlar hər tərəfdən onu tutmaq üçün hücum çəkdikləri zaman, Əzd qəbiləsinin böyükləri olan əmisi oğlanları ayağa qalxıb onu məmurların əlindən aldılar, məsciddən çıxararaq onu evinə apardılar.

İbn Ziyad dedi: "Gedin bu Əzd qəbiləsinin korunu tutun və yanıma gətirin!"

(Qeyd etməliyik ki, Abdullah ibn Əfif Əzdi şiənin yaxşılarından və zahidlərdən idi. "Cəməl" döyüşündə onun sol gözünə xəsarət dəymişdi və "Siffeyn" döyüşündə digər gözü də kor olmuşdu. O, daim Kufə məscidində olar, gecələri orada namaz qılar və ibadət edərdi." ("Lühuf", səh. 203.))

Macəradan xəbərdar olan Əzd qəbiləsi bir neçə yəmənli qəbilə ilə birlikdə toplaşıb Abdullah ibn Əfifin tutulmasına mane oldular. Digər tərəfdən, bu toplanma xəbəri İbn Ziyada yetişdiyi zaman, Muzər qəbiləsini toplayıb Məhəmməd ibn Əşəsi onlara başçı təyin etdi və onlarla müharibəyə göndərdi. Həmin iki qrup arasında şiddətli döyüş başladı, bu arada adamların bir qismi öldürüldü. İbn Ziyadın tərəfdarları Abdullah ibn Əfifin evinə çatıb qapını sındıraraq içəri hücum çəkdilər.

İbn Əfifin qızı onu məsələdən xəbərdar etdi. O, qızına dedi: "Qızım, qorxma, qılıncımı mənə ver!"

Qızı qılıncı atasına verdi və o, özünü müdafiə etdiyi halda, bu şeirləri oxuyurdu:

انَا بْنُ ذِی الْفَضْلِ عَفِیفِ الظّاهِرِ          عَفِیفُ شَیخِی وَابْنُ امِ عامِرِ

کمْ وارعٍ مِنْ جَمْعِکمْ وحاسِرِ وَبَطَلٍ جَدَّلْتُهُ مُفادِ

"Mən fəzilət sahibi və pak xislətli kəsin oğlu Əfifəm. Əfif atamdır və o, Ümmü-Amirin oğludur. Sizin fərdlərinizdən istər zireh geyinmiş, istərsə də, zirehsiz olan çoxlu kəsləri və sizin pəhləvanları ildırım kimi həmlə etməklə yerə sərmişəm."

Qızı atasının şücaətini gördükdə dedi: "Atacan! Kaş, mən kişi olaydım və sənin kənarında bu günahkar və pak xanədanı qətlə yetirən kəslər müqabilində döyüşəydim!"

Sonda düşmənlər onu hər tərəfdən mühasirə etdi, o, cani-dildən özünü müdafiə edirdi. Kim ona tərəf həmlə etsəydi, qızı ona yol göstərir və fəryad edirdi ki, fılan tərəfdən gəlir. (O da həmin tərəfə qılınc çalırdı.) Nəhayət, mühasirə dairəsini daraldıb ona yaxınlaşdılar.

Abdullah ibn Əfif qılıncını fırladır və deyirdi:

اقْسِمُ لَوْ یفْسَخُ لی عَنْ بَصَری‌             ضاقَ علیکم مَوردی ومَضدَری‌

“And içirəm ki, əgər gözlərim görsəydi, gediş-gəliş yolu sizə dar gələrdi!”

Sonda onu tutub İbn Ziyadın yanına gətirdilər. İbn Ziyad onu görən kimi dedi: "Allaha şükürlər olsun ki, səni xar etdi!"

İbn Əfif cavab verdi: "Ey Allahın düşməni! Məni necə xar etdi?! Allaha and olsun, əgər gözüm görsəydi, giriş-çıxış yolunu sizə dar edərdim (sizi rahat qoymazdım!)"

İbn Ziyad soruşdu: "Sənin (üçüncü xəlifə) Osman ibn Əfvan barədə fikrin nədir?"

Cavab verdi: "Ey Mərcanənin oğlu! Osmanın səninlə nə əlaqəsi var?! İstər yaxşı və ya pis iş görmüş olsun, istərsə də islah etsin və ya fəsad törətmiş olsun. Allah camaatın hamisidir, Osmanla camaat arasında haqq-ədalətlə hökm verəcəkdir, lakin məndən özün və atan, Yezid və onun atası barəsində soruş (ki, cavab verim)!"

(Çıxılmaz vəziyyətdə qalan) İbn Ziyad dedi: "Allaha and olsun, ölümü bütün acılığı ilə dadana qədər səndən heç bir şey soruşmayacağam!"

(Sanki öz keçmiş arzusunun intizarında olan) Abdullah ibn Əfif dedi:

اَلْحَمْدُللهِ رَبِّ الْعالَمينَ، أَما إنّي قَدْ كُنْتُ أَسْأَلُ اللهَ رَبِّي أَنْ يَرْزُقَنِيَ الشَّهادَةَ مِنْ قَبْلِ أَنْ تَلِدَكَ اُمُّكَ، وَ سَأَلْتُ اللهَ أَنْ يَجْعَلَ ذلِكَ عَلى يَدَيْ أَلْعَنِ خَلْقِهِ، وَأَبْغَضِهِمْ إِلَيْهِ، فَلَمّا كُفَّ بَصَري يَئِسْتُ مِنَ الشَّهادَةِ، وَالاْنَ فَالْحَمْدُللهِ الَّذِي رَزَقَنيها بَعْدَ الْيَأْسِ مِنْها، وَ عَرَّفَنِى الاِجابَةَ بِمَنِّهِ فِي قَديمِ دُعائي

"Həmd yalnız aləmlərin Rəbbi Allaha məxsusdur! Agah ol ki, anan səni dünyaya gətirməmişdən öncə, Allahdan şəhadəti mənə ruzi etməsini və şəhadətimin onun nəzərində camaatın ən məlunu və ən çox qəzəb etdiyi kəsin əli ilə olmasını istəmişdim. Amma kor olduqdan sonra, şəhadətə çatmaq arzusundan naümid oldum, lakin indi Allaha şükür edirəm ki, həmin ümidsizlikdən sonra mən arzuma çatıram və Allah-Taala öncəki duamı qəbul etdiyini lütf və minnəti ilə mənə göstərdi."

İbn Ziyadın göstərişilə onun boynunu vurdular. Bədənini də Kufənin Səbxə (Kunasə) məhəlləsində dar ağacından asdılar. ("Lühuf", səh.203-207; "Biharul-ənvar", c.45, səh.119-121.)

Şübhəsiz, Abdullah ibn Əfif kimi gözləri görməyən və öz qüdrətini İslam və Peyğəmbərin (s) Əhli-beytinin (ə) düşmənləri ilə müharibədə itirən, öz əməl və rəftarı ilə haqqı müdafiə edən, canını bu işə qurban verərək öz keçmiş arzusuna – Allah yolunda şəhid olmağa çatan və şad olan şəxslər tarixdə nadirdirlər. Onlar tarixin düşmənlərinin zülmət qalalarında işıldayan parlaq ulduzlardır və hamıya, xüsusilə də, gənclərə vuqarlı olmaq, azadlıq və ilahi vədlərə inam dərsi öyərədirlər. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.945-950.)

Maide.az – Maarif bölümü