İbrahim Ləmbəranskinin qəfil təyinatının sirri bilindi

Həbsdəki MTN generalının bacısı oğlu imiş

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranskinin Pirallahı rayonuna prokuror təyin olunmasını onun vəzifəsinin artırılması kimi qiymətləndirənlər var. Bu təyinatı İ.Ləmbəranskinin “vurulması” kimi təqdim edənlər də az deyil. Gələn məlumatlar isə İ.Ləmbəranskinin müstəntiq olduğu qurumdan bu şəkildə uzaqlaşdırılmasını deməyə əsas verir.
 
Belə ki, bir müddət əvvəl Gəncədə məskunlaşan Ağdərə qaçqını, təqaüddə olan polis əməkdaşı Tahir Qədimov ölkə rəhbərliyinə məktubla müraciət edib. Həmin məktubunda T.Qədimov yazıb ki, oğlu  Ramil Qədimovu 2015-ci il sentyabrın 26-da məskunlaşdığı Gəncə şəhərindəki yataqxananın qarşısından oğurlayıblar. 3 gün sonra isə ona bəlli olub ki, oğlunu MTN-in Antiterror Mərkəzinin əməkdaşları oğurlayıb. Məsələnin də məğzi bu olub ki, R.Qədimov Bakıdakı salonlardan birindən bir neçə günlüyə bahalı maşın kirayə götürüb. MTN-çilər isə R.Qədimovun maşınını görüb onun qəfil varlanmasını düşünüblər və onu pul qoparmaq niyyəti ilə oğurlayıblar. 
 
İşin üstü açılandan sonra isə öz cinayətlərini ört-basdır etmək üçün R.Qədimova vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və hədə-qorxu ilə külli miqdarda tələb etmə maddəsi ilə ittiham elan olunub. Və işi MTN-dən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin müstəntiqi İbrahim Ləmbəranskiyə ötürüblər. T.Qədimov ölkə rəhbərliyinə məktubunda yazıb ki, bu ötürülmə, işin məhz İ.Ləmbəranskiyə verilməsi təsadüf olmayıb.
 
T.Qədimov məktubunda qeyd edib ki, İ.Ləmbəranski ilə MTN-in hazırda həbsdəki generalı, uzun illər qurumun Antiterror Mərkəzinin rəisi olmuş Elçin Quliyev qohumdurlar. T.Qədimov oğlunun qanunsuz həbsdən azad olunması üçün bu vacib məqamın araşdırlmasını xahiş edib. Onun məktubundan belə aydın olub ki, İbrahim Lənbəranski Elçin Quliyevin bacısı oğludur.
 
Məlumdur ki, “MTN işi” hazırda məhz Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində araşdırılır. İ.Ləmbəranski isə həmin istintaq orqanının aparıcı müstəntiqlərindən olub. Belə bir halda onun yaxın qohumunun işi üzrə obyektiv araşdırma aparması böyük şübhə altına düşüb. Qanunla da qohumluq əlaqələrində olan şəxslərin cinayət prosesinin araşdırlmasında, qiymət verilməsində iştirakı yasaqlanır. Ona görə də tamamilə mümkündür ki, İ.Ləmbəranskini Bakının yeni yaradılmış rayonuna prokuror təyin etməklə əslində “MTN işi”nin istintaqından uzaqlaşdırıblar.
 
İbrahim Ləmbəranskinin adı ölkə ictimiyyətinə siyasi motivli işlər tapşırılan müstəntiq kimi tanınıb. Məşhur inşaatçı babası Əliş Ləmbəranskinin Bakıya bəxş etdiyi  tikililər sırasında hazırda Heydər Əliyevin adını daşıyan saray da var. Mərhum Ə.Ləmbərənskinin nəvəsi son təyinata qədər həmin sarayın yaxınlığında yerləşən Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində otururdu. “Quba hadisələri”, “NİDA”çıların işi, Leyla Yunusun, martın 17-də azadlığa buraxılan Rauf Mirqədirovun işini də məhz ona tapşırmışdılar. Onun istintaqda təqsirləndirilən şəxslərə qarşı göstərdiyi təzyiq barədə mediada zaman-zaman yazılar olub. Təkcə “NİDA”çıların işində gənclər İ.Ləmbəranskinin ifadə zamanı onlara necə mənəvi təzyiq göstərməsi barədə bir neçə dəfə danışıblar. Bilməyənlər üçün xatırladaq ki, “Quba işi”ndə istintaq qrupunun rəhbəri olan İbrahim Ləmbəranski 2012-ci ilin 1 oktyabrında prezidentin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub.