Bu il qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri və orta balı açıqlanıb

Bu il Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərin əldə etdikləri nəticələr və orta bal açıqlanıb.
 
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib ki, 2017/2018-ci tədris ili üzrə abituriyentlərin ümumi imtahan nəticələri qruplar üzrə təxminən ötən ilki səviyyədədir. Qruplar üzrə nəticələrdə müəyyən fərqlərin olduğunu deyən M. Abbaszadə qeyd edib ki, məsələn III qrupda nəticələr daha yaxşılaşıb.
 
Ali məktəblərə qəbul imtahanlarının iki dəfə keçirildiyini xatırladan M. Abbaszadənin sözlərinə görə, abituriyentlərin orta balı onların hər ikisinin ümumi nəticələrinə əsasən hesablanıb: “Belə ki, I qrup üzrə yaz imtahanında 25 054 nəfər iştirak edib və onların orta balı 161,54 olub. Yəni, bu qrup üzrə abituriyentlərin 50%-dən çoxu 161 baldan yuxarı nəticə göstərib. I qrup üzrə yay imtahanında isə 22 267 nəfər iştirak edib. Onların tam yarısından çoxu 193 bal nəticə göstərib. Bu da orta balın təxminən 30 bal artmasını göstərir ki, abituriyentlər öz imtahan nəticələrini analiz edərək ikinci mərhələdə daha yaxşı nəticə əldə ediblər. I qrupda iki imtahan arasında fərqlər maksimum 100 bala qədər olub. Amma ümumi rəqəmləri götürdükdə hər bir abituriyentin nəticəsi 20 bal artıb. II qrup üzrə ilk mərhələdə 18 349 nəfər iştirak etmişdisə, onların orta balı 204, 49 olub. Yəni, 50%-dən çoxu 204 baldan çox nəticə göstərib. Bu qrup üzrə yay imtahanında iştirak edən 17 321 iştirakçının orta imtahan göstəricisi isə 216, 62 bal olub. Bu qrupda iki imtahan arasında 12 bal fərq var qeydə alınıb və bu rəqəm elə də hiss edilmir. III qrup üzrə yaz imtahanında 16 360 abituriyent iştirak edirdisə, burada orta bal 215, 79 bal olub. Yay imtahanında iştirak edən 15 591 nəfər abituriyentin 50%-dən çoxu 264 baldan yuxarı nəticə (orta imtahan göstəricisi 263,67 bal olub) göstərib. Bu qrup üzrə imtahanlar arasında orta balda 50 bala yaxın artım müşahidə edilir.
IV qrupda isə I mərhələdə 4 455 nəfər iştirak etmişdisə, onların orta balı 265,5 olub, yəni 50%-i bu göstəricidən yuxarı nəticə toplayıb. Yay imtahanında isə 4 248 nəfər iştirak etmişdisə, onların orta balı 334 bal olub. Bu qrupda da kifayət qədər yüksəliş var”. (apa) /