Bu tendensiya olduqca təhlükəlidir

Elşən Mustafaoğlu: `Onlar Azərbaycan dövlətçiliyini qəbul etmirlər, əhalimizi isə heç müsəlman saymırlar`

Son günlər Yaxın Şərqdə, xüsusən də Suriya və İraqda vəhhabi terror qruplaşmalarına bağlı hadisələr Azərbaycanda da ciddi müzakirələrə səbəb olub. Müzakirə yaradan mövzu terror qruplaşmalarına azərbaycanlıların da qatılmasıdır. Bununla əlaqədar olaraq Maide.az saytı Elşən Mustafaoğludan bir məsələyə münasibət öyrənib.
 
- Məlumdur ki, Azərbaycandan Suriyaya döyüşməyə gedən vəhhabilərin əksəriyyəti İŞİD cəbhəsində iştirak edirlər. Onlar və onların Azərbaycandakı dəstəkçiləri ölkəmiz üçün hansı problemlər yarada bilərlər?
- İŞİD - radikal-təkfirçi xarakterli terrorçu qruplaşmadır. Terrorçu qruplaşma isə bütün dünya, o cümlədən də ölkəmiz üçün ciddi problemdir. Qruplaşma artıq İraq və Suriyada nəzarəti altında olan ərazilərdə İslam xilafəti elan edib və müsəlmanları xəlifə adalndırdıqları Əbu-Bəkr Bağdadiyə beyət etməyə səsləyiblər. Bu gün həmin ərazilərdə "İslam" adı ilə qətllər törədilir, qan axıdılır, insanlar təşviş içində öz həyatlarını qorumağa, bu bəladan yaxa qurtarmağa çalışırlar. Təəssüflər olsun ki, bu qanlı cinayətlərə bizim vətəndaşlarımız da cəlb olunub. Acınacaqlı haldır ki, gedib orda savaşan vətəndaşlarımızdan əlavə, həm də ölkəmizdə onların xeyli sayda dəstəkçiləri də var. Bugün onlar söhbətlərilə, sosial şəbəkələrdəki yazıları ilə din adı ilə törədilən cinayətlərə dəstək verirlər, haqq qazandırırlar. Cəmiyyətdə öz təkfirçi görüşlərini yayırlar. Radikal-ekstremist xarakterli bu ünsürlər ölkəmizi də İraqın, Suriyanın gününə salmaq istəyirlər. Odur ki, bu tendensiya olduqca təhlükəlidir. Bu, Azərbaycanımız da daxil olmaqla, həm regionumuz, həm də bütün dünya üçün ciddi təhlükədir. Bilavasitə milli təhlükəsizliyimizi, sabitliyi, əsrlərdən bəri cəmiyyətdə formalaşmış tolerantlıq atmosferini, insanlarımızın həyatını və nəhayət, dövlətçiliyimizi təhdid edir! Onlar ümumiyyətlə, Azərbaycan dövlətçiliyini qəbul etmirlər, əhalimizi isə heç müsəlman saymırlar. Onlara görə İslam adı ilə xilafət qurulmalı və hamı xilafətə qatılmalıdır. 
Çox təəssüf ki, Allah, din, İslam adı ilə insanları aldadıb tora salırlar və insanların dini hisslərini istismar edərək öz məkrli niyyətlə üçün sui-istifadə edirlər. Allah millətimizi, bütövlükdə bəşəriyyəti bu təhlükədən qorusun.