CAHANŞÜMUL İNQİLABA DOĞRU-1

AYDIN GƏLƏCƏK…

Şübhəsiz, ilk baxışda keşməkeşli bu həyat dünyanın “faciə”yə doğru irəlilədiyini göstərir; rəhmsizlik, varlı və yoxsul təbəqələr arasında kəskin fasilə, böyük-kiçik dövlətlərarası qarşıdurma və ixtilaflar, artan cinayətlər, əxlaqi, ruhi və psixoloji sarsıntılar, maşınlı həyatın pis nəticələri və s. onu günbəgün daha da artırır. Mövcud vəziyyətin yaxın keçmişlə müqayisəsi bu həqiqətə tam aydınlıq gətirir və nikbin insanlarda gələcəyə bədbinliyi artırır.

Beynəlxalq statistikalara əsasən, yer kürəsinin bütün abadlıqlarını (bir dəfə yox, yeddi dəfə) məhv etmək üçün yalnız bir neçə dövlətin ixtiyarında olan hazırkı atom bombaları kifayətdir. İnsanın ağlına sığmayan böyük xərclərin sayəsində hasil olan bu silahlar oyun-oyuncaq deyil və bu qədər coğrafi sərhəd və maraqların qarşıdurması ilə üzləşən çağdaş dünyamızda hər an dəhşətli atom müharibəsinə zəmin yaratmağa qadirdir. Bir çox dövlətlərdə müşahidə olunan hədsiz qüdrət və hegemonluq hissi artıq ağlagəlməz müharibələri vücuda gətirir. Buna əsasən, yaxın gələcəkdə dünyanın “böyük faciə” ilə üzləşəcəyi, yaxud böyük atom müharibəsi, yaxud dünya mülkədarlarının yaratdıqları inhisardan doğan yoxsulluq və yaxud enerji mənbələrinin tükənməsi nəticəsində bəşəriyyətin həyatına son qoyulacağını demək olar.

Lakin bu qədər bədbinliyə aydın üfüq bəxş edən nikbin bir görüş və həqiqət də var!

Bu qədər qaranlığın və tükürpərdici vəhşətin sonu var!

Bu zülmətdən sonra aydın səhər var!

Bu qədər cəhalət, nadanlıq, zorakılıq, zülmkarlıq və fitnə-fəsaddan sonra çiçəkli ədalət baharı var!

Nəhayət, bu öldürücü qəm-qüssə sona yetəcək, üfüqlərdə nicat sahilləri aydın görünəcəkdir!

İnsan özünü tanıdığı gündən daxili stimullarından ilham almaqla daim inkişafdadır. O, bir zaman mağaralarda yaşayırdısa, bu gün bir qəsəbənin əhalisinə göydələnlərdə yer verir! Bir zaman özünü ağac yarpaqları ilə örtürdüsə, bu gün min cür model libas geyinir. Bir zaman çox sadə azuqə ilə qidalanırdısa, bu gün çeşidli yeməklərdən bəhrələnir. Bir zaman miniyi yalnız ayağı idisə, bu gün kosmik gəmilərlə göyləri fəth, kürələri seyr edir. Bir zaman onun bütün məlumatları bir kağız səhifəsində yerləşirdisə, bu gün minlərlə sahələrdə elmi nailiyyətləri vardır. Bir zaman xəncər adlı silah onun böyük ixtirası sayılırdısa, bu gün ağır sənaye və heyrətli cihazlar hamını mat qoyur, mütərəqqi elektronika onu röyalar aləminə aparır. Maraqlıdır ki, insan bununla qane olmur və yeni nailiyyətlər əldə etmək üçün yorulmadan çalışır, zəhmətə qatlaşır. Bir sözlə, təkamülə eşq insanın daxilində alovlanan əbədi və sönməz bir şölədir. Həqiqətdə, insanı heyvandan və digər canlılardan fərqləndirən ən böyük səciyyə də məhz budur!

Buradan belə qənaətə gəlirik ki, bu sönməz şölə daim insanı təkamülə doğru aparır, hər zaman həyatın çətinliklərinə qələbə çalmaq üçün əzmini səfərbər edir, maddi meyarları aşaraq mənəvi təkamülə, sülh və ədalətlə yoğrulmuş ideal həyata doğru can atır.

XİLQƏTDƏ NİZAM VƏ UYĞUNLUQ

Bildiyimiz kimi, varlıq aləminə son dərəcə dəqiq nizam-intizam hakimdir və onda təsadüf və uyğunsuzluq qeyri-mümkündür. Bu nizam və qanunauyğunluq onun əsasını təşkil edir. Böyük aləmdən kiçik aləmlərə, məxsusən, canlılar aləminə gəldikdə, nizam-intizam daha da dərinləşir. Məsələn, insan beyni, gözü, qan-damar sistemi və sairdə olan ölçü və qanunauyğunluqlar düşünən beyinləri mat qoyur. Aləmdə bu hüdudları zülm və haqsızlıqla aşan yalnız insandır!

FİTRƏT, SÜLH VƏ DÜNYAMİQYASLI ƏDALƏT

Bəzən qarşıya gələn məsələni iki baxımdan araşdırmaq mümkün olur: əql və fitrətlə.

Fitri idrak dəlil-sübuta ehtiyacı olmayan batini agahlıqdır və bu qavrayışda insan şəkk-şübhəyə düşmür. Çox vaxt batini hisslərin verdiyi məlumatlar əqli çıxar və hökmlərdən daha dəqiq və sərrast olur və bu hiss heyvanlarda “qərizə” (instinkt) adlanır. Heyvanların qərizəvi və instinktiv hissləri biz insanlara nisbətən çox genişdir. Onlarda olan bir çox qəribəliklərlə hətta müasir texnologiya ilə də ayaqlaşmaq olmur. Məsələn, bəzi heyvanlar və həşəratlardakı hava proqnozu ilə bağlı hisslər o qədər güclüdür ki, bəziləri gözlənilən hadisəni bir gün, bəziləri altı ay, bəziləri də bir il öncədən proqnozlaşdıra bilir. Halbuki mütərəqqi cihazlara sahib olan sinoptik və meteoroloqların bir neçə saat öncə hava haqqında verdikləri məlumatları ehtimallardan kənar qalmır... Lakin insanın fitri hisslərindəki məhdudiyyətləri aradan qaldıran əql qüvvəsi vardır! Hər halda, insan fitri ilhamlardan məhrum deyil və bəzən bir çıraq tək onun qaranlıq yollarını işıqlandırır.

Burada belə bir sual qarşıya çıxır: Bəşəriyyətin ən böyük arzusu olan sülh və ədalətin bərpasında fitri ilhamlar bizə kömək göstərə bilərmi? Bəli, cavab müsbətdir. Çünki burada diqqəti cəlb edən iki əlamət bizi ona doğru sövq edir:

1. Sülh və ədalət eşqi: Sülh və ədalət sevgisi hər bir insanın istəyidir. İrq və milliyyətindən asılı olmayaraq, hamı sülh və ədalətdən ləzzət alır, onun arzusu ilə yaşayır. Bu fitri hiss bütün xalqlarda müşahidə olunur. Bununla belə, görəsən, bu hiss xam bir xəyaldır, yoxsa batində həqiqi bir ehtiyac, heç vaxt sönməyən bir tələbdir?

Deməliyik ki, fitri hisslərdə səhvin mənası yoxdur. Amma belə bir röya və arzunun gerçəkliyini bizə yalnız gələcək göstərəcək.

2. Böyük xilaskar arzusu: Bu barədə tədqiqatçıların yekdil nəzərinə əsasən, dünya böyük bir islahatçı və xilaskarın intizarındadır. Hər xalq və millət ona müxtəlif ad versə də, onun ümumi səciyyələri və islahat proqramlarında həmfikirdirlər. Deməli, bəşəriyyətin dözülməz yaralarına məlhəm qoyan böyük xilaskarın zühuruna iman yalnız müsəlmanlara və ya şərqə mənsub deyil. (“Hokuməte cəhaniye həzrət Məhdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.5-8.)

Ardı var...

Tərcümə etdi: Rza Şükürlü (Maide.az)