Dərbəndin azərbaycanlı icra başçısının həbsində “Milyarderlər İttifaqı” izi

Vəzifədən çıxarılaraq həbs edilən Dərbənd klanının rəhbərinin vurulmasının arxasındakı ilginc səbəblər...

Dağıstanın hüquq-mühafizə orqanları Dərbənd rayonu administrasiyasının rəhbəri, Dağıstan azərbaycanlıları klanının lideri Qurban Qurbanovu həbs ediblər. Virtualaz.org saytının məlumatına görə, hüquq-mühafizə orqanları Qurbanovu 2009-2013-cü illərdə torpaq qanunvericiliyini pozaraq Dağıstan hökumətinin mülkiyyətində olan 56 hektar torpağı ayrı-ayrı şəxslərə verməkdə ittiham edir.

 
Qurban Qurbanovun barəsində cinayət işi sentyabrın 16-da qaldırılmışdı. 1998-ci ildən bəri Dərbəndə başçılıq edən Qurbanovun problemləri vəzifəsindən istefa verməkdən imtina etməsindən sonra başladı.
 
Xəbər verdiyimiz kimi, Dağıstan rəhbəri Ramazan Abdulatipov Dərbənd rəhbərinin işində nöqsanlar olduğunu bəyan edərək ona vaxtından əvvəl istefa verməyə çağırıb. Lakin Q.Qurbanov istefa verməkdən imtina edib və öz tərəfdarlarını mitinqə toplayaraq müqavimət göstərib. Bundan sonra Dağıstanın hüquq-mühafizə orqanları onun administrasiyasına basqın edərək bütün sənədləri aparıblar. Ardınca ona qarşı cinayət işi qaldırılıb.
 
Qeyd edək ki, Qurbanovlar Dərbənddə nüfuzlu ailə hesab olunurlar. Qurban Qurbanovun atası Səid Qurbanov 1962-ci ildən etibarən Dərbəndə rəhbərlik edib. Qurbanovun qardaşı Maqomed isə Dağıstanın Bakıdakı nümayəndəsi idi. Abdulatipov hakimiyyətə gələndən sonra onu işdən azad edib. 
 
Qeyd edək ki, Qurbanovun Azərbaycan hakimiyyətindəki ayrı-ayrı məmurlarla yaxın münasibətləri olub. Dərbənddəki azərbaycanlıların aparıcı lideri hesab olunan bu şəxs bir neçə dəfə Dərbənddə azərbaycanlıların sıxışdırılmasına qarşı çıxış edib. Dağıstanda uzun illər davam edən klanlar arasındakı müharibədə bir qayda olaraq öz mövqeyini qoruyub saxlayan Qurbanovlar son vaxtlar sıxışdırılmağa başlanıb. Qurban Qurbanovun əsas rəqibi isə Dağıstanın keçmiş baş prokuroru, bir neçə il əvvəl isə Dərbəndin meri seçilmiş İmam Yarəliyev olub. İ.Yarəliyevin adı “Sadval”ın yaradılmasında hallanır. Q.Qurbanov özü dəfələrlə Azərbaycan KİV-inə müsahibəsində bildirib ki, Dərbəndin yeni meri İmam Yarəliyev şəhərdə müxtəlif vəzifələrdə çalışan 10-dan artıq azərbaycanlını səbəbsiz yerə işdən çıxarıb. 
 
2013-cü ildə Dağıstana prezident təyin olunan Ramazan Abdulatipovun gəlişindən sonra isə durum daha da ciddiləşib. 
 
Qeyd edək ki, son məlumatlara görə, Dərbənd və ətraf kəndlərdə 190 min nəfərdən çox azərbaycanlı yaşayır. Dərbəndə başqa bir millətin nümayəndəsinin rəhbər təyin olunması azərbaycanlı əhaliyə təzyiq kimi qiymətləndirilir. Son illərdə aparılan diskriminasiya, sıxışdırılma nəticəsində Dərbəndin tarixi əhalisi olan azərbaycanlıların sayı kəskin şəkildə azalıb, bundan başqa şəhər və ətrafında torpaq sahələri başqa millətlərin nümayəndələrinin əlinə keçir. Dərbəndin azərbaycanlısızlaşdırılması siyasəti uzun illər Bakının da diqqətində olub. Azərbaycan hakimiyyətin siyasi diplomatik yollarla, o cümlədən Dağıstanla iqtisadi, ticari əlaqələr vasitəsilə Dərbənddəki azərbaycanlıların mövqelərini müdafiə etməyə çalışır.
 
Azərbaycan hökuməti Dərbənd şəhərində Nizami Gəncəvi Parkının, Heydər Əliyev prospektinin, Qırxlar Məzarlığının və Dərbəndin 2000 illik tarixi münasibəti ilə şəhərin abadlaşdırılması, Dərbənd-Azərbaycan Dövlət Dram Teatrının yenidən qurulması, Olimpiya Mərkəzinin inşa edilməsi və bir neçə istehsal müəssisəsinin yaradılması üçün dövlət büdcəsindən 30 milyon manat vəsait xərcləyib. Azərbaycanlı jurnalist Ənvər Börüsoyun media.az saytında dərc olunmuş məqaləsində isə “Milyaderlər klubu” və R.Abdulatipovun Azərbaycandakı gizli dəstəkçilərinin  Dərbənddəki proseslərdə  biznes maraqlarının olduğu qeyd edib. 
 
Belə ki, Ramazan Abdulatipov Azərbaycan hökumətinin ayırdığı vəsaiti mənimsəmək və eləcə də Kizlər şəhərindəki konyak zavodunu ələ keçirməyə cəhd edib. Kizlər konyak zavodu 12 çeşiddə istehsal gücünə malikdir. Abdulatipov və keçmiş baş nazir Abbas Abbasov, sadvalçı Yarəliyevlə hər gün telefon bağlantısında olan Azərbaycandakı iri çəkili məmurlar bir araya gələrək Dərbənd şəhərinin inkişafı üçün ayrılmış vəsaitin sayəsində Kizlər Konyak Zavodunu ələ keçirməyə cəhd ediblər. Kizlər şəhərində əhalinin əksəriyyəti rus kazakları olduğundan, onlar konyak, çaxır və araq mafiyasının qarşısını almaq üçün müqavimət göstəriblər və nəticədə həmin plan baş tutmayıb. Abdulatipova rüşvət kimi verilən 30 milyon manatın qarşılığında isə Dərbənd və onun ətrafındakı torpaq sahələrinin ələ keçirilməsi əməliyyatına başlanılıb. Belə bir siyasətin hansı fəlakətlərə səbəb ola biləcəyinin fərqində olmayan “Milyaderlər klubu” bölgədə Azərbaycan və azərbaycanlıları çıxılmaz duruma salıblar.