Dünyanın Qəzza faciəsini “görməməsinin” sirri

İsrail bütün dünyanın gözü qarşısında Qəzzanı artıq iki həftədir ki, bombalayır. İki həftə davam edən bombardmanın nəticəsi isə fəlakətlidir. İndiyədək İsrailin bombardmanları nəticəsində 300-dən artıq fələstinli ölüb, 2 mindən çox insan isə yaralanıb. Təkcə şənbə günü 15, bazar günü isə 20 Qəzza sakini İsrail bombalarında həyatını itirib. Ölən və yaralananların 80 faizi dinc insanlar, o cümlədən uşaqlardır.  
 
Qəzza tragediyasının rəqəmləri dəhşətin mənzərəsini göstərir. İsrailin bombardmanları nəticəsində ötən günlərdə Qəzzada 1370 bina dağılıb, 17 min nəfər qaçqın düşüb, o cümlədən 40 min nəfər fələstinli Qəzza ərazisində yerləşən BMT-yə aid 34 binaya sığınıb. Bombardmanlar isə davam edir. 
 
İsrailin Qəzzaya hücumu və törədilən vəhşilikləri gözlənilməz olmasa da, dünyanın, xüsusən müsəlman aləminin reaksiyası dəhşətli oldu. Ənənəvi olaraq Qərb ölkələri İsraili müdafiə etdilər, baxmayaraq ki, söhbət HƏMAS-dan, onun raketlərindən deyil, dinc günahsız insanların, xüsusən də uşaqların qətlindən gedirdi. Amma bir mənada dünya güclərinin ədaləti ilə bağlı nümunələrlə getdikcə daha tez-tez tanış olduğumuz üçün bu reaksiyalar bizi narahat etmədi. Amma müsəlman ölkələrinin səssizliyi, yaxud da boğazdan yuxarı çağırışları, bəzi hallarda isə olaylara görə HƏMAS-ı qınaması (Misir kimi) çox dəhşətli mənzərə idi. Yalnız Türkiyədə İsrail diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyaları çıxmaq şərtilə müsəlman dünyası Qəzza olaylarını facebook üzərindən izlədi. Azərbaycan da seçilmədi. Cəmi 20 il əvvəl Xocalı faciəsini yaşayan və bu dəhşətlərin şokundan hələ də çıxa bilməyən Azərbaycan cəmiyyəti çox da uzaqda olmayan Fələstində yaşanan insanlıq dramı üzərindən siyasi analizlər qurdu. Halbuki hər gün dünya mediası Qəzzada öldürülən körpə fotoları paylaşırdı. Dünyadan ədalət uman bir cəmiyyətin Qəzza faciəsinə bu şəkildə reaksiyası dəhşətlidir.  
 
Təxminən eyni günlərdə Türkiyədə dinlərarası münasibətlərə həsr olunmuş konfrans keçirildi. Türkiyə Dəyanət İşləri Başqanı Məhməd Görmezson son dövrdə böyük bir coğrafiyaya yayılan məzhəb savaşları haqda maraqlı fakt söylədi. Sitat: “Gün ərzində orta hesabla min nəfər müsəlman öldürülür. Onların 90 faizi öz müsəlman qardaşı tərəfindən öldürülür”. 
 
Daha artıq izaha ehtiyac varmı? Qəzzada öldürülən günahsız insanlar hər gün qətlə yetirilən müsəlmanların 10 faizini belə təşkil etmir. Qalan 90 faizini müsəlmanlar qətlə yetirir. Daha qəddar, daha vəhşi formada. Miqyası kiçiltmək istəmirəm, amma Suriyada, İraqda daha böyük sayda müsəlmanlar, özü də günahsız insanlar öldürülür. 
 
İsrail ərazi baxımından çox kiçik dövlətdir. Ümumi Fələstin ərazisi 27 min kv.km-dir. İsrail isə bunun təxminən 22 min kv.km-da yerləşir, əhalisi isə 8 milyon nəfərə (ərəb vətəndaşları ilə birlikdə) yaxındır. Müqayisə üçün qeyd edək ki, hazırda yer üzündə 22 ərəb dövləti mövcuddur. Bunların ümumi ərazisi 13 milyon kv.km-dan artıqdır. Əhalisinin sayı isə 333,5 milyon nəfərdir. Siyahıya müsəlman dünyasını da əlavə etsək böyük bir topluluq ortaya çıxır. Amma məsələ heç bunda da deyil. Məsələ ondadır ki, 22 ərəb dövlətinin az qala ortasında yerləşən kiçik İsrail hər istədiyində yüzlərlə fələstinlini qətlə yetirirsə bunun əsas günahını müsəlmanlarda axtarmaq lazımdır. 
 
Mənə görə, İsrailin bu dəfəki Qəzza hücumunun indi baş verməsinin də öz səbəbləri var. Məhz bu səbəblərdən müsəlman dünyası Qəzza üçün lazım olan reaksiyanı göstərə bilmədi. Çünki müsəlmanların başı bir-birlərini kəsməyə qarışıb. Hər gün 900 din qardaşına qıyan “müsəlmanların” Qəzzanı görməsi nə qədər realdır ki?
 
Kənan Rövşənoğlu/Yeni Müsavat