`Doğuş zamanı ölən ana və uşaqların günahı həkim ilə ev sahiblərinin üzərindədir` - EKSPERT

Hal-hazırda televiziya və internet mənbələrindən biz tez-tez doğuş zamanı ölüm halları haqqında məlumatlar alırıq. Son zamanlar Azərbaycanda doğuş zamanı ana və uşaq ölümü ilə bağlı məlumatların sayı artıb.
 
" Bəli, həkimin səhvi qadının doğuş zamanı ölümünə səbəb ola bilər, lakin ölümün səbəbi digər amillərlə də bağlı olur"
 
Bunu Tibbi Klinik Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova Maide.Az-a açıqlamasında bildirib. Xanım mütəxəsis bildirir ki, bu cür halların qarşısını almaq üçün, mütəmadi həkim nəzarəti altında olmaq lazımdır:
 
"Bu problemin əsas səbəbi qadınlarda olan somatik xəstəliklərdir. Bu xəstəliklərin arasında: hipertoniya, ağır şəkərli diabet, ağır ürək-damar, ağ ciyər, böyrək, beyin və s. xəstəlikləri yer alır. Hamiləlik qadın orqanizmi üçün çox ciddi yükləmədir. Sağlam qadının orqanizmi bu yükləmənin öhdəsindən gəlir. Lakin xəstə qadının orqanizmi buna dözməyə bilər ki, nəticədə qadın hamiləlik, doğuş zamanı və ya doğuşdan sonra ölə bilər. Xüsusi olaraq, ana olmaq istəyən xanımlar özlərini hamiləlikdən öncə yoxlatdırmalıdlar. Əgər, onlarda hansısa bir ciddi xəstəlik varsa, onu aradan götürməlidilər. Əks təqdirdə, bayaqda vurğuladığım kimi, doğuş zamanı ciddi fəsadlar və ölüm halına da rast gəlmək olar. 
 
Digər səbəb başlıca səbəb isə qanaxmalardır. Qanaxma nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox yerində ana ölümü ilə məşhurdu. Qanaxma həm doğuş zamanı, həm də doğuşdan sonra inkişaf edə bilər. Doğuşdan sonra inkişaf etmiş qanaxma qadını az bir müddət ərzində öldürə bilər. Qanaxmanı digər üsullarla dayandırmaq mümkün olmadıqda, uşaqlıq cərrahi yolu ilə xaric oluna bilər."
 
T.Həsənova bildirir ki, baş vermiş bu cür ölümlərin baş verməsinin bir səbəbkarı da ev sahiblərinin özləridir. Misal üçün qaynana gəlinə bildirir ki, "bu nədi, sən elə bütün günü həkimlərdəsən, mən 5 uşaq dünyaya gətirmişəm, bir dəfə də həkimə getməmişəm".
 
"Həmin qaynana anlamır ki, Azərbaycanda xəstəliklərin sayı və ömrü cavanlaşıb. Buna birbaşa səbəb, qidalarımızdır. Əvvəllər o qaynanalar sağlam qidalar ilə dünyaya uşaq gətirirdilər, lakin indiki gəlinlər ximikatlı və mənşəyi bilinməyən yeməklərlə. 
İkincisi, hamiləlik zamanı, qadında hansısa bir xəstəlik oyana bilər, bu üzdən o həkimə getməlidir ki, bunu əvvəlcədən bilsin və qarşısını alsin. Əksər vaxtlar çoxları qaynana sözünə qulaq asır, həkimə getmir, sonluqda da xoşagəlməz səbəblər üzə çıxır."
 
Sonda, diqqətinizə doğuş zamanı ölümə səbəb olan digər xəstəlikləri çatdırırıq:
 
- Sepsis doğuş zamanı ölümün digər səbəbidir. Sepsis zamanı qana təhlükəli mikroblar düşür ki, bunun nəticəsində qadın həlak ola bilər. Təbii ki, bu ev şəraitində doğan qadınlar üçün daha aktualdır. Müasir doğum evlərində və klinikalarda lazım olan sterillik təmin olunur.
 
- Gecikmiş toksikoz (hestoz) çox ağır hamiləlik patologiyasıdır. Hestoz zamanı bir çox orqanlarda (ürək, beyin, böyrəklər, qara ciyər və s.) ciddi pozulmalar yaranır ki, bu pozulmalar hamiləlik zamanı, doğuş zamanı və doğuşdan sonra qadının ölümünə səbəb ola bilər. Hestoz tam sağlam qadınlarda inkişaf edə bilər. Hestoz zamanı qadın orqanizmində olan bütün damarların spazmı inkişaf edir. Bu spazm nəticəsində qan orqanizmin orqan və sistemlərinə oksigeni və qidalı maddələri normal miqdarlarda çatdıra bilmir və bu müxtəlif və çox ciddi pozulmalara (böyrək çatışmazlığı, insult və s.) səbəb olur. Məhz bu səbəbdən qadın hamiləlik zamanı daim həkimlərin nəzarətində olmalı və hestoza ilk şübhələr yarandıqda lazım olan müalicə almalıdır.
 
- Emboliya. Bu ağır fəsadı proqnozlaşdırmaq olduqca çətindir. Emboliya zamanı dölyanı maye qana düşərək ürəyə çata bilər ki, bunun nəticəsində ürəyin damarlarında güclü spazm, damarın tutulması kimi hallar yaranır. Bu isə bir çox hallarda ölümə səbəb olur. Dölyanı maye qana qeysəriyyə kəsiyi əməliyyatı zamanı, hamiləlik və ya doğuş zamanı uşaqlığın yırtılması nəticəsində, dölyanı qişaların patologiyaları zamanı düşə bilər. Xoşbəxtlikdən, bu çox nadir patologiyadır.
 
- Narkoz. Qeysəriyyə kəsiyi əməliyyatı zamanı istifadə olunan anesteziya qadının ölümünə səbəb ola bilər.
 
Onu da qeyd edək ki, Dövlət Statistika Komitəsinin Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumatda deyilir ki, Azərbaycanda doğuş zamanı ölüm halları bir qədər artıb. /