Ebolanı AİDS-lə müqayisə edəkmi?

Uzun müddətdir dünya gündəmində İŞİD terrorundan əlavə Ebola virusu da var. Hətta bu yaxınlarda ABŞ prezidenti çıxışında bildirmişdi ki, Ebola epidemiyası nəzərətdən çıxıb. O bildirdi ki, Birləşmiş Ştatlar Afrika üçün 3 milyard dollar, eləcə də tibbi və maddi-texniki yardım göstərmək üçün 3 min əsgər ayırıb. Obamanın sözlərinə görə, xəstəlik üzündən iqtisadi tənazül qorxusu təkcə məntəqə üçün deyil, bütün dünya üçün böyük bir təhlükə yaradır. ABŞ prezidenti onu da vurğulayıb ki, çoxlu sayda insanların həyatı təhlükədə olduğu üçün bu işdə ləngimək olmaz.
 
Lakin elə ilk günlərdən biz bu işləri ləngitdik. Birinci dəfə bu virus mart ayında Qvineya Respublikasında qeydə alınıb. Bir neçə gün ərzində bu virus qonşu Liberiyaya keçib. May ayında  Ebola artıq Serra Leoneyə kimi yayılıb. İyulun axırlarında isə virus Nigeriya kimi əhalisi sıx olan ölkədə özünü büruzə verməyə başlayıb. Bu günlərdə dünyada Ebolanın özündən çox bu virus qorxusu yayılmaqdadır.
Dünya Bankı Qrupunun prezidenti Cim En Kim bildirib ki, bu infeksiyanın iki növünü ayırmaq olar. Birincisi, Ebolanın özünə aiddir, ikincisi isə onunla bağlı yayılan qorxuya: “Dünya Bankının hesabatına görə, qorxu faktoruna görə, Ebolanın iqtisadiyyata mənfi təsiri onun müalicəsinə sərf olunan xərclərdən qat-qat üstündür.  Buraya müəssisələrin və hava limanlarının bağlanması və nəqliyyat sisteminin blok olunmasını aid etmək olar. Biz Afrikaya Ebolayla mübarizə üçün maddi yardım etməliyik. Bu fəaliyyətsizliyimizə görə, bizə heç nə bəraət qazandıra bilməz.” 
 
İstər-istəməz bir sual ortaya çıxır. Bəs görəsən bu Ebola virusu hamımızı məhv edə bilərmi?  Cavab belədir: Yox! Bizi qorxuya salan bütün təbliğatlara baxmayaraq, bu virus hava-damcı yolu ilə yayılmır.
 
Çoxları Ebolanın sürətlə mutasiya etdiyini deyir. Düzdür, viruslarla bu hal baş verir. Lakin onu da qeyd etmək lazımdır ki, viruslar mutasiya edəndə (bəzilərini çıxmaq şərti ilə) daha da zəifləyir. 
 
Qərbi Afrikada yayıldığına görə, Ebola virusun nəzarətdən tam çıxmaq ehtimalı çoxdur. O məntəqədə adi kommunikasiya xətləri, səhiyyə sistemi, yol və təmiz suyu belə yoxdur. 
 
Dünya Bankının hesabatına görə, Liberiyada dövlət tərəfindən illik adambaşı səhiyyə sisteminə ayrılan xərc 65 dollar, Qvineyada 32 dollar və nisbətən inkişaf edən Nigeriyada 100 dollardır. Müqayisə üçün qeyd edək ki, ABŞ-da səhiyyə sistemində illik adambaşı xərc 9 min dollar təşkil edir.
 
Ebolanın müalicəsi mümkündür. Onun yayılmasının qarşısını almaq üçün ilk növbədə xəstələrlə təmasda olan bütün şəxslərin aşkar edilməsi lazımdır. Həmin şəxslər həkim nəzarəti altında olmalıdır. Onların ad, familiyası və əlaqə nömrələri qeydiyyata alınmalıdır. Əgər xəstələnərlərsə, mütləq karantinə götürülməlidir. Həmçinin bu sahədə mütəxəssislərin hazırlanması zəruridir. Onu da qeyd edək ki, əlavə resurssuz Eboladan zərər çəkən ölkələr bu virusun öhdəsindən gələ bilməz.
 
Ebola virusun təhlükəsi tək geridə qalmış ölkələrə aid deyil. 1988-ci ildə İsveçdə AİDS-ə həsr olunmuş 5-ci beynəlxalq konfransında Nyu-Yorkun Səhiyyə Departamentin rəhbəri Stiven bildirmişdi ki, Afrikada peyda olan  AİDS-in yayılmasının qarşısı alınmalıdır və bu işdə ləngimək olmaz. Lakin bu işdə çox ləngitmə oldu. Nəticədə isə bu virus artıq dünyanın ən inkişaf etmiş ölkələrində də geniş sürətdə yayılıb. Hər gün AİDS 5 mindən artıq insanın həyatına son qoyur.
 
Bu gün Ebola virusu bütün dünya üçün ciddi bir təhlükəyə çevrilib. Onun yayılmasının qarşısı zamanında alınmasa, bəlkə də bir neçə ildən sonra bu virus AİDS kimi gündə bir neçə min nəfəri öldürəcək.