Ekspert: `Müsabiqə ballarının aşağı salınması siyasi qərardır`

“Bəzi universitetlərdə müsabiqədə iştirak ballarının aşağı salınması təhsilə aid deyil, siyasi qərardır”.
 
Təhsil sahəsi üzrə ekspert Nabatəli Qulamoğlu Dövlət İmtahan Mərkəzinin bəzi ali təhsil müəssisələrində müsabiqəyə keçid ballarını aşağı salmasını şərh edərkən belə deyib.
 
Ekspertin fikrincə, bu qərarın yeganə məqsədi oxumaqdan ötrü xarici ölkələrə getməyin qarşısının almaqdır.
 
“Hakimiyyət həmişə bunun qarşısını almağa çalışıb. Bu, həm də xaricə müəyyən qədər maliyyə axını deməkdir”, deyən ekspert bu qərarla razı olmadığını ifadə edib.
 
“Çünki hər bir vətəndaşın azad təhsil almaq hüququ var ki, Konstitusiyada və təhsil qanununda öz təsbitini tapır. Bu mənada verilən qərarı nöqsanlı hesab edirəm”.
 
N.Qulamoğlu deyir ki, müsabiqə balları aşağı salınan ali məktəblərdə tələbə çatışmazlığı var.
 
“Tələbə çatışmırsa, deməli, həmin ali məktəb bağlanır. Özəl ali məktəblərin heç biri adi və orta ranqlı insanların deyil. Onların başının üstündə hakimiyyəti təmsil edənlər durur. Onların çoxu özəl müəssisələrdir və bu qərarla da onları xilas etmək məqsədi güdülür. Burda başqa heç bir məqsəd yoxdur. Yəni təhsilin inkişafı baxımından onun bir o qədər xeyri və ya ziyanı yoxdur ”, N.Qulamoğlu vurğulayıb.
 
 
Xatırlatma
Dövlət İmtahan Mərkəzi açıqlayıb ki, 2017/2018-ci tədris ili üzrə bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan abituriyentlərin buraxılması nəzərdə tutulub. Qərarın müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin məktubuna əsasən, verildiyi bildirilir.
 
Bu təhsil müəssisələri Lənkəran Dövlət Universiteti, Qərb Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Kooperasiya Universiteti, Azərbaycan Universiteti, Odlar Yurdu Universiteti, Xəzər Universiteti və bir sıra digər ali təhsil müəssisələridir.
 
Abituriyentlərə ixtisas seçimi iyulun 29-dan avqustun 10-dək həyata keçiriləcək.
 
İxtisas qrupları üzrə ümumi müsabiqə şərtləri isə fərqlidir.
 
I və IV ixtisas qrupları üzrə müsabiqəyə ümumi balı 200-dən yuxarı olan abituriyentlər buraxılır. Üstəlik,hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə onun ayrılıqda topladığı nisbi balı 10-dan az olmamalıdır. Dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı isə250-dənyüksək olmalıdır.
 
II və III ixtisas qrupları üzrə müsabiqəyə isə dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən çox olan abituriyentlər buraxılır.(azadliq.org)