Ekspert yaşa görə pensiya artımı təklif edir

Son rəsmi statistikaya görə, Azərbaycanda əhalinin sayı 9 milyon 477 min nəfər, yaşı 70-dən çox olanların sayı isə 390 min nəfərdir. Statistika yaşı 75 və eləcə də 80-dən yuxarı olan Azərbaycan vətəndaşlarının sayını göstərməsə də, onların çox az olduğu aydındır. Azərbaycanın pensiya sistemi təqaüd məbləğlərinin yaş qrupları üzrə indeksasiyasını aparmır. Amma bir sıra inkişaf etmiş ölkələrdə, hətta qonşu Rusiyada pensiya məbləğləri müəyyənləşdirən zaman yalnız iş təcrübəsi və ya sosial ödənişlərin məbləği deyil, həmçinin təqaüdçünün yaşı nəzərə alınır. Məsələn, Rusiyada pensiyaçı 80 yaşa çatan kimi təqaüd məbləği 30 faiz artırılır.
 
Maide.az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzi pensiya məbləğinin yaş qrupları üzrə indeksasiyasının Azərbaycanda da tətbiqi təklifi ilə çıxış edib. Mərkəzin rəhbəri Vüqar Bayramov deyir ki, yaşı 80-i keçən vətəndaşların xərcləri daha çox olur: “Bu, səhiyyə xərclərinin artması ilə əlaqədardır, insanlar yaşlaşdıqdan sonra sağlamlıqlarına daha çox pul xərcləməli olurlar, ona görə də həmin vətəndaşların pensiya məbləğinin artırılması məqsəduyğundur.
 
Azərbaycan pensiya sistemini xarakteristikasını, əhalinin yaş qrupları üzrə təsnifləşdirilməsini və eləcə də mövcud və potensial maliyyə imkanlarını nəzərə alaraq təklif edirik ki, pensiyaçıların yaşı 70-ə qədər olduqda təqaüd məbləği 10, 75-ə çatdıqda 20, 80-i keçdikdə isə 30 faiz artırılsın.
 
Ölkədəki orta ömür müddətini də nəzərə aldıqda artım büdcə üçün ciddi ağırlıq yaratmayacaq. Əksinə, bu islahat pensiyaçılara xərclərini müəyyən qədər kompensasiya edə bilmək imkanı verəcək. Eyni zamanda təqaüdçü vətəndaşlarımız sosial təminat sistemindən daha yaxşı yararlana biləcəklər. Pensiya məbləğinin proporsional şəkildə vətəndaşların yaşına uyğun olaraq artırılması pensiya islahatlarında sosial təminat baxımdan xüsusi bir mərhələ ola bilər”.