Ermənilər itki verib geri çəkilir

Zakir Həsənov düşmənin kəşfiyyat-təxribat qrupundan danışıb

"İşğalçı Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi ucbatından Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Qoşunların təmas xəttində hər gün atəş səsləri eşidilir. İşğalçı dövlətin kəşfiyyat-təxribat qrupları müdafiə postlarımıza hücum etməyə cəhd göstərirlər. Lakin Silahlı Qüvvələrimizin bölmələri dərhal onlara cavab verir və düşmən qüvvələri itkilər verərək geri çəkilir".
 
Bunu Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənov Gülüstan sarayında silahlı Qüvvələrin yaradılmasının 96-cı il dönümünə həsr edilmiş təntənəli mərasimdə çıxışı zamanı deyib.
 
Nazir qeyd edib ki, bu gün Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Çünki bu işlər vahid komandanlıq və müəyyən olunmuş plan əsasında həyata keçirilir:
 
"Hamınıza yaxşı məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizin iqtisadi inkişafına, Silahlı Qüvvələrin maddi-texniki təminatının gücləndirilməsinə, ordunun müasir silah-sursat, hərbi texnika ilə təchizatına, bütövlükdə dövlətimizin iqtisadi, ictimai-siyasi və hərbi qüdrətinin yüksəlməsinə xüsusi diqqət yetirir".
 
Daha sonra nazir qeyd edib ki, işğalçı Ermənistan dövləti və onun hərbi-siyasi rəhbərliyi bilməli və anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə öldürücü zərbə endirilməsi üçün kifayət qədər gücə, qüvvəyə, canlı, hərbi-texniki resurslara malikdir və bunu həyata keçirməyə həmişə hazırdır: "Ancaq biz bununla kifayətlənmirik, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini və imkanlarını daim artırmaq və gücləndirmək istiqamətində işlərimizi davam etdiririk.
 
Buna bizi düşmən ölkədə baş verən proseslər, onun rəhbərliyinin yürütdüyü siyasət və hərəkətləri vadar edir. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin döyüş hazırlığı, mənəvi-psixoloji vəziyyətinin yaxşılaşdırılması, dövlətimizin və onun rəhbərliyinin diqqət mərkəzində olduğu kimi, hərbi qulluçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi təminatının artırılması da onun diqqqət və qayğısı əhatəsindədir".