Fuad Muradov: Avropa Parlamenti törədilmiş bu qanlı cinayətə hüquqi qiymət verməlidir

Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov Avropa Parlamentinin və Avronest PA-nın üzvlərinə Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin sıx yaşadığı Füzuli rayonunun Alxanlı kəndini ağır artilleriyadan atəşə tutması nəticəsində kənd sakinləri 50 yaşlı Quliyeva Sahibə İdris qızı və 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması ilə əlaqədar müraciət ünvanlayıb. 
 
Müraciətdə deyilir ki, Ermənistan hərbi-siyasi rəhbərliyi 25 ildir ki, ölkəmizin 20 faiz ərazisini silah gücü ilə işğal edib, 1 milyonadək insan evlərindən didərgin düşüb, 30 minə yaxın vətəndaşımız öldürülüb, minlərlə insan hələ də girovluqda saxlanılır və Azərbaycanın mülki əhalisi ilə müharibə aparmasının Xocalı soyqırımı ilə sübuta yetib. 
 
Bildirilir ki, 1994-cü ildə atəşkəs əldə olunmasına dair iki ölkə arasında Bişkek protokolunun imzalanmasından sonra da Ermənistan tərəfi demək olar ki, hər gün atəşkəsi pozaraq cəbhə xətti, eləcə də sərhəd boyu hərbçilərlə yanaşı, yaşayış məntəqələrində mülki əhalinin həyat və sağlamlığına zərər vurur və mülki obyektləri dağıdır.