Gəncə, Şəmkir və Gədəbəydə sel suları evlərə dolub, 1 nəfər ölüb - FOTO

Yağıntılı hava şəraiti Gəncə şəhərində fəsadlar törədib.
 
Şəhərin Məhsəti qəsəbəsində bir neçə sakinin evinə və həyətinə sel suları dolub.
 
Qeyd edək ki, bu qəsəbədə dəfələrlə eyni fəsad yaranır. Sakinlərin sözlərinə görə, aidiyyəti orqanlara dəfələrlə müraciət edilməsinə baxmayaraq heç bir tədbir görülmür.
 
Hazırda Qərb bölgəsində yağıntılı hava şəraiti müşahidə olunur.
 
Məlumata görə, Gədəbəydə də  güclü yağış ölümə səbəb olub.
 
Hadisə rayonun Moruqlu kəndində qeydə alınıb.
 
Sel sularına düşərək boğulan, 1958-ci il təvəllüdlü Sahib Sadıqovdur.
 
Çobanlıqla məşğul olan Sahib Sadıqovun artıq meyiti tapılıb.
 
Hazırda Gədəbəy və ətraf rayonlarda yağmurlu hava şəraiti davam edir.
 
Qeyd edək ki, Şəmkirdə də güclü yağış fəsadlar törədib.
 
Təbiət hadisəsi rayonun “Kraz yolu” adlanan ərazisində qeydə alınıb.
 
Belə ki, güclü yağışdan sonra gələn sel “VAZ 2107” və “VAZ 21011” markalı minik avtomobillərini aparıb. Bu zaman avtomobillərdən olan 3 nəfər son anada xilas edillib. Onlardan ikisinin kimliyi məlum olub - 65 yaşlı Bənövşə Musayeva və 36 yaşlı İlqar Musayev.