Bu abituriyentlər üçün elektron qeydiyyat başlayır

Sentyabrın 14-dən ali təhsilin bakalavriat səviyyəsi üzrə əlavə ixtisas seçimində uğur qazanmış və 11 illik bazadan orta ixtisas təhsili pilləsinə qəbul olunmuş abituriyentlərin təhsil müəssisələrinə elektron qeydiyyatına start verilir.
 
Təhsil Nazirliyindən verilən məlumata görə, müraciət üçün portal.edu.az platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, ödənişli əsaslarla qəbul olan abituriyentlərin təhsil haqqı güzəşti üçün məlumatlarının təqdim edilməsi və təhsil haqqının ödənilməsi mümkün olur.
 
Portalda ödəniş addımı yalnız müəssisə təqdim edilmiş sənədləri yoxlayıb “ödəniş edilməlidir” statusu təyin etdikdən sonra görünür. Daha tez ödəniş etmək istəyən abituriyentlər gpp.az, xidmətindən istifadə etdiyi bankdakı şəxsi kabinetindən və ya banka yaxınlaşaraq ödəniş edə bilərlər.
 
Təhsil müəssisələrinə elektron qeydiyyat üçün son tarixlər:
 
9 illik bazadan kolleclərə qəbul olunan abituriyentlər üçün 22 sentyabr saat 23:59;
11 illik bazadan kolleclərə qəbul olunan abituriyentlər üçün 24 sentyabr 23.59;
Bakalavriat səviyyəsinə ixtisas seçimində uğur qazanmış abituriyentlər üçün 19 sentyabr 23.59;
Bakalavriat səviyyəsinə əlavə ixtisas seçimində uğur qazanmış abituriyentlər üçün 20 sentyabr 23.59.
 
Qeyd edək ki, müəyyən olunmuş müddətdən sonra müraciətlərin göndərilməsi mümkün olmayacaq və qeydiyyatdan keçməyən abituriyentlərin qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.