Gürcüstanda erməniləri dəyənəklə döydülər

 

İyulun 19-da Gürcüstan paytaxtındakı Surb Eçmiadzin erməni kilsəsinə planlaşdırılmış hücum olub.

Maide.az-ın Modern.az-a istinadən məlumatına görə, Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Gürcüstandakı Erməni Apostol Provoslav Müqəddəs Kilsəsi Yeparxiyasının mətbuat xidməti hadisənin etnik və dini zəmində baş verdiyini iddia edib.

Məlumatda qeyd edilir ki, yerli vaxtla saat 16 radələrində kilsənin yerləşdiyi ərazidə provakasiya təşkil olunub. Əraziyə daxil olmaq cəhdi alınmayanda naməlum qadın həyəcanlanaraq deyib ki, din xadimlərinin avtomobilləri onun maşınının manevr etməsinə mane olur. Bu zaman əraziyə aqressivliyi ilə seçilən iki kişl gələrək avtomobili kənara çəkiblər. Bundan sonra kişilər ermənilərin analarını söyüblər. Bununla da kifayətlənməyərək avtomobildən düşən kişi dəyənək götürərək senzuradan kənar ifadələr işlədib, yerdən daş götürərək erməni yeparxiyasının nümayəndəsini vurmağa cəhd edib. Səs-küyü eşidən kilsənin əməkdaşları küçəyə çıxaraq gərginliyi azaltmağa çalışıblar. Bu zaman yeparxiya əməkdaşlarından birini kürəyindən vurublar və qısamüddətli dava-dalaş olub.

 

Bundan iki saata yaxın keçmiş haqqında söhbət gedən kişilər soyuq silahlı təxminən 50 nəfərlik dəstə ilə yenidən kilsəyə yaxınlaşıblar. Onlar kilsənin dini xadimlərini və yeparxiyanın əməkdaşları ilə davaya başlayıblar, eləcə də ermənilərin ünvanına söyüşlər ünvanlayıblar. Bu zaman kilsədə olan qadın və uşaqların qorxudan gizləndikləri də bildirilir. Dava zamanı erməni yeparxiyasının əməkdaşları və kilsənin dini xadimləri arasında bədən xəsarətləri alanlar da olub.

H.R.