Gürcüstan İrəvanla Bakı arasında platforma yaratmağı təklif edir

“Gürcüstan hakimiyyəti Tiflisdə Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmiləri arasında daimi təmaslar üçün bir platforma yaratmağı təklif edir”.
 
“Qafqazinfo” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün keçirilən birifinq zamanı deyib.
 
Qaribaşvili qeyd edib ki, iyun ayında minalanmış ərazilərin xəritələrinə qarşılıq olaraq 15 erməni əsirin qaytarılması ilə bağlı humanitar əməliyyat həyata keçirilib və Tbilisi bu əməliyyat zamanı vasitəçi qismində iştirak edib.
 
“Bu, görünməmiş bir hadisə idi. Müstəqillik əldə ediləndən bu yana, Gürcüstanın iki qonşu ölkə arasında vasitəçi olması halı olmamışdı. Biz bu tapşırığı uğurla yerinə yetirdik”, - deyə Gürcüstanın Baş naziri qeyd edib.
 
Qaribaşvili vurğulayıb ki, onun təşəbbüsü məhz İrəvanla Bakı arasında dialoqu yüksək səviyyədə davam etdirməkdir.
 
Onun sözlərinə görə, Gürcüstan azərbaycanlı və erməni tərəfdaşlarına vasitəçi formatı, yəni Tiflisdə yaradılması planlaşdırılan platformanı təklif edir.