Hər hücumda, `torpağımızı almalıyıq`, - deyə düşünürdük

Artıq bir neçə ildir ki, Respublikamızda Silahlı Qüvvələr günü qeyd olunmaqdadır. Həmin gün hər bir döyüşçünün bayramıdır: silahla, sözlə, qələmlə, ürəklə düyüşənlərin. Bu mənada müstəqilliyimizin qazanılmasında, qorunmasında sadə əsgərlərin və döyüşçülərin rolu olduqca böyükdür. Həmin sadə əsgərlər ki, dostlarını, ailəsini və ən əsası Vətənini qorumaq üçün təbiətin onlara bəxş etdiyi sağlamlığı fəda ediblər. Silahla və ruhla döyüşərək...    
 
Axtarışlarım Azərbaycan döyüşçülərindən birini tanımağımla  nəticələndi. Sadə qəhrəmanım da 90-cı illərdə Azərbaycan ordusunda döyüşərək sağlamlığını itiriənlərdəndir. Döyüş yoldaşları müharibə zamanı fədakarlığı, gücü, inamı, görünüşü ilə seçilən bu gənci Spartak adlandırırdılar. Hətta, həqiqi adını unutmuşdular bu sadə qəhrəmanın... Elə buna görə də Spartaka verdiyim suallar da, aldığım cavablar da sadə amma həqiqi və ruhdan süzülən oldu.
 
 - Əvvəlcə özünüz barədə məlumat verin... 
 - Mən Qasımov Vüqar Tehran oğlu əslən Qarabağ zonasındanam. Hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq 1993 –cü ildə Qarabağa döyüşə getmişəm. 1994 –cü ilin sonlarına - ağır yaralanana qədər döyüşmüşəm.
 
- Döyüş yolunuz barəsində nələri qeyd edə bilərsiz?
- Əvvəlcə Qubadlıda, daha sonra isə Zəngilanda döyüşmüşəm. Döyüş yolum məni Xudafərinə qədər gətirib çıxarıb. Xudafərində olduğumuz zaman düşmənlər Beyləqan yolunu bağladıqları üçün İrana gedəsi olduq. Bu minvalla İrandan Ağdama yenidən döyüşə getdik. Son döyüşüm də Ağdamda olub. Gözücə kəndində qızğın döyüş zamanı ölümcül yaralanmışam. Daha sonra nələrin baş veridiyini xatırlaya bilmirəm.                                                                                                                 
-Bir çox insan sizin müharibə zamanı yaralandıqdan sonra sağ qalmağınızı möcüzə kimi qiymətləndirir. Bunu necə xatırlyırsınız?
- Biz hücüm bölüyü idik. Daima düşmən üzərinə hücuma keçirdik. Bir çox kəndləri də almışdıq. Ən son döyüşümdə dostumun yaralandığını gördüm və onu xilas etmək üçün bir neçə addım arxaya geri çəkildim. Yoldaşımın sağala bilməyəcəyini görüb yenidən hücuma atıldım. Elə bu an düşmən gülləsi alnımdam dəydi. Vurulduqdan sonra kanala düşmüşəm. Bir neçə gün suyun axını ilə huşsuz vəziyyətdə axına doğru getmişəm. Ayıldığım zaman kanalda ixtiyarsız vəziyyətdə üzdüyümü görsəm də taqətim olmadığından heç yerdən tuta bilmirdim. Soyuq suyun mənfi temperaturu qanımı dondurmuşdu. Nəhayət, təsadüf nəticəsində komandirim və döyüş yoldaşlarım məni görüb helikopterlə Bakıya Hərbi Hospitala gətiriblər. Güllə alnımdan dəyib başımın arxa nahiyəsindən çıxdığı üçün heç bir həkim sağ qalacağıma zəmanət verməyib. Hər kəsin öləcəyimi gözlədiyi ərəfədə səhhətimdə qəflətən irəliləyiş müşahidə olunub və möcüzə nəticəsində sağ qalmışam. Güllə beynimi başımdan kənara çıxarmışdı. Hazırda başımın üstü fərqli materialdandır. Bir neçə dəfə əməliyyat olunsamda, hələ də ağrılarım olduğu üçün müalicəm  davam edir. 
 
- Döyüş zamanı diqqətinizi çəkən əsas məqam nədən ibarət idi?                   
- Dediyim kimi biz daima hücumda idik. Amma, kişi kimi - azərbaycanlı kimi döyüşürdük. Girov götürdüyümüz əsirlərə işgəncə vermir, uşaqlara toxunmurduq. Onlar isə tam əksinə olaraq qadınlara, uşaqlara, qocalara qarşı xüsusi amansızlıq göstəriridilər. Xatırlayıram ki, müharibənin qızğın günlərinin birində gecə vaxtı hücuma keçmişdilər. Bizim postun 9 gənc əsgərinin başını kəsmişdilər. Tanıdığım insanları bu vəziyyətdə görməyi hələ də unuda bilmirəm. Həmin gün biz yenidən hücum edib bir neçə kəndi aldıq.Son gülləyə qədər döyüşürdük. Hər hücumda, "torpağımızı almalıyıq", - deyə düşünürdük.
                                  
- Düşmən döyüşçüləri barədə nə deyə bilərsiniz?
- Onların əksəriyyəti muzdlu döyüşçülər idi. Kim pul versə ona qulluq edirdilər. Müharibə zamanı qarşı tərəfdə döyüşənlərin böyük hissəsinin ayrı millətlərdən olduğunu görürdük. Ermənilər əsasən döyüş bitdikdən sonra gəlirdilər.
 
- Əlilliynizə görə dövlət tərəfindən hansı imtiyazları almısınız?
- I qrup əlil olduğum üçün mənzil və avtomobillə təmin olunmuşam. Eyni zamanda aylıq təqaüd alıram. Hal - hazırda sadəcə fəaliyyətsiz olduğum üçün darıxıram.Yenidən döyüşmək istəyirəm. Düzdür, indi məni döyüşə buraxmazlar, amma, çox darıxıram döyüşçün. Nə olaydı tezliklə sərancam çıxaydı , gedib döyüşərdik. Mən getməyim, o getməsin , bəs kim döyüşəcək ?! Hər kəs döyüşə hazır olmalıdır ki, öz yurd-yuvalarından didərgin düşmüş insanlar doğma torpaqlarına qayıda bilsin. Biz görürdük ki, əsgərlərimizə, əsirlərimizə olmazın işgəncələr verirlər. Əsirlərimizə vurduqları xüsusi iynələr onları 1-2 ay sonra öldürürdü. Buna görə də dəyişdirmə zamanı geri qaytardığımız əsir əsgər yoldaşlarımız çox keçmədən vəfat edirdilər. Bu anlar yadıma düşəndə sadəcə döyüş haqqında fikirləşirəm.                                                                   
 
- Ailənizdə də sizin kimi döyüşlərdə fərqlənənlər olubmu?
- Bəli bütün ailəmiz döyüşlərdə iştirak edib. Xalam oğlanları, bacımın yoldaşı və s. Hər biri Qarabağ əlilidir. Biz də döyüş ruhu var idi.                          
 
-  Bugünlük son fikirlərinizi almaq istərdim...
-  Mən həyatımdan razıyam. Bu söz çox işlənsə də amma mənim həqiqətən də sadəcə bir arzum var. Torpaqlarımız tezliklə qayıtsın. Başqa heç nə istəmirəm, sadəcə gücüm çatan çərçivədə döyüşmək istərdim. Sizə də təşəkkür edirəm ki, bizim döyüş yolumuzu dünyaya çatdırırsınız. Bütün mərd insanları təbrik edirəm. Biz güclü , döyüşkən, mərd millətik.
 
Sadə qəhrəmanım öz fikrini tam səmimi sözlərlə ifadə edirdi. Bəlkə də hansısa məqamda, səhhətiylə əlaqədar olaraq qırıq-qırıq danışırdı. Amma, bu cümlələr onun beyninin deyil, ürəyinin məhsulu idi. Sadə döyüşçü təvazökar olduğundan öz döyüş məharətlərindən danışmasa da, yaxınlarından aldığımız məlumata görə, döyüşdüyü müddətdə dəfələrlə düşməni zərərsizləşdirmiş, əsirlərin dəyişdirilməsi prosesində fəal iştirak etmişdir. Bu və ya digər cəhətlərinə görə onu Azərbaycan ordusunun Spartakı adlandırırlar.
 
Bəzən biz qəhrəmanları uzaqlarda, nağıllarda, dastanlarda axtarmağa çalışırıq. Halbuki, həqiqi qəhrəmanlar sadə və təvazökar şəkildə ətrafımızda yaşayırlar.   
 
Fəxri Məmmədli/ karabakhinfo.com