Hacı Vasif Nəftullayev: Qədr gecəsində insanların taleyi həll olunur

Qarşıdan müqəddəs Qədr gecələri gəlir. Bu gecə İslam aləmində xüsusi çəkiyə malikdir. Son səmavi kitab olan Qurani-Kərimin də Qədr gecəsində nazil olması, bu gecənin fəzilətinin necə böyük olmasına bir işarədir. 
 
Qədr gecəsi və onun əməlləri haqda məlumat toplamaq üçün ruhani Hacı Vasif Nəftullayevə müraciət etdik. Hacı Vasif Maide.Az-a fikirlərini bölüşərkən bildirdi ki, mübarək Ramazan ayı digər aylardan fəzilətinə görə Zöhrə ulduzu tək seçilirsə, Qədr gecəsi də, digər gecələrdən bu cür fərqlənir.
 
"Bismillahir Rəhmanir Rəhim (Rəhman və Rəhim olan Allahın adı ilə) 
 
Qədr gecəsi fəzilətli, başqa gecələrdən üstün və böyük əhəmiyyətə malik olan bir gecədir. Allahu-təala (c.c.) bu haqda Qurani-Kərimdə buyurur: “[Ya Peyğəmbər!] Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir (bərəkətlidir, fəzilətlidir)” (Qədr surəsi, 2-3-cü ayələr)
 
Əgər bir şəxs Qədr gecəsi ibadətlə məşğul olarsa, onun bu gecədəki ibadəti 1000 ay (təqribən 84 il) ibadətindən üstün və fəzilətli olar. Yəni, böyük Allahu-təala (c.c.) öz peyğəmbərinə demək istəyir ki, ey Mənim Peyğəmbərim, Mən sənin ümmətinə uzun ömr verməmişəm, lakin əvəzində onlar üçün gecələr arasında bir gecə təyin edirəm və adını Qədr gecəsi qoyuram. Kim o gecəni ibadətlə məşğul olarsa. Ona 1000 ayın ibadətinin savabından artıq savab verərəm.
 
Bu gecənən qədr adlanmasının bir neçə səbəbi var. Allah (c.c) Duxan surəsinin 3-4-cü ayələrində bu cür buyurur: 3. Biz onu (bir yerdə) çox bərəkətli bir gecədə (Qədr gecəsində) nazil etdik. Çünki Biz (Öz ənənəvi qanunlarımıza əsasən) həmişə (aləmdəkiləri) qorxudan olmuşuq.
 
4. Həmin gecə bütün möhkəm işlər (ilin hadisələri, o cümlədən gələn Qədr gecəsinə kimi Quranın nazil olması) bir-birindən ayrılır (və icraçı məmurlara çatdırılır).
 
Qədir gecəsinin bir neçə mənası var. Onlardan biri də bu gecənin "ölçü və miqdar" olmasıdır. Bu gecə təbiət və varlıq aləminin haqqında nə ayırılırsa, elə bu gecədə təyin olur. Bəzi alimlər isə Qədir gecəsinin mənasını özünün qədir qiymətli olması ilə bağlayırlar. 
 
Bu gecələri özümüz üçün fürsət bilib, faydalansaq yaxşı olar. İnsan bi neçə şey bilməz, onlardan biri də dünyasını dəyişəcəyi gündür. Bəlkəm də bu ay ömrümüzün sonuncu müqəddəs ayıdır. Bəlkəm elə bu gecə son bağışlanmaq şansımızdı. Ona görə, gecənin fəzilətlərini əldən verməyib, qədrini bilək."
 
İlahiyyatçı V. Nəftullayev bildirir ki, müqəddəs gecə haqda danışmaqla bitməz. 
 
"Bu gecə həm də müqəddəs Həcc ziyarətinə gedənlər üçün bir şansdır. Bildirilir ki, kim bu gecə Allahdan Oz evinin ziyarətini israrla istəsə, Rəhman ona bu neməti bəxş edər."
 
Sonda müsahibimiz bu gecəni qənimət bilərək dua etdi: Allah bu ayın feyz və bərəkətlərindən bizi bi bəhrə etməsin. Bu ay ömrümüzün son müqəddəs Ramazan ayı olmasın.
 
Bu gecənin müxtəlif əməlləri var. Bu əməllərlə burdan tanış ola bilərsiz. /