Hökumətə “qara kassa”nı açmaq təklifi

Dünya Bankının rəsmisindən Azərbaycandakı kölgə iqtisadiyyatı ilə bağlı sensasion açıqlama

Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankının birgə missiyası Bakıya gələrkən belə məlumat yayıldı ki, Azərbaycan hökuməti adıçəkilən qurumlardan 4 milyard dollar borc istəyib. Əvvəlcə rəsmilər xəbəri təsdiqləsələr də, sonradan məlumatın əsassız olduğunu iddia etdilər.
 
Hökumət bununla kifayətlənmədi. Ölkə başçısı Ilham Əliyev şəxsən bu məsələyə toxundu və Beynəlxalq Valyuta Fondu ilə Dünya Bankından borc istənilməsi məsələsi qəti şəkildə təkzib etdi. Hökumətin bu qəribə addımının səbəbi sonradan bəlli oldu. Aydın oldu ki, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı borc müqabilində Azərbaycan hökumətinin qarşısında bəzi şərtlər irəli sürüb. Bu şərtlərdə iqtisadi və siyasi islahatlar qırmızı xətlə keçib. Hökumət şərtlərlə razılaşmadığına görə adıçəkilən qurumlar borc verməkdən imtina edib. Hökumət də vəziyyətdən çıxmaq üçün məlumatı təkzib etməyə məcbur olub.
 
Amma Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Laqardın açıqlaması hökumətin iddialarının əsassız olduğunu ortaya qoydu. Laqard bəyan etdi ki, böhran başlayandan neft ölkələrinin rəhbərləri onu yatmağa qoymur. Laqard bu açıqlaması ilə neft ölkələrinin rəhbərlərinin borc üçün onu narahat etdiklərinə işarə vurmuşdu. O, daha sonra həmin ölkələrin adlarını da açıqlamışdı. Onların sırasında Azərbaycanın da adı var idi.
 
Dünən isə Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko rəsmi Bakını pis vəziyyətdə qoyub. O, vergi forumunda çıxışı zamanı bildirib ki, Azərbaycanda islahatlar davam etməlidir. “Vergilər Nazirliyinin sadələşdirilmiş vergi üçün limiti 120 mindən 200 minə qaldırması müsbət addımdır. Lakin kölgə iqtisadiyyatının payını da nəzərə almaq lazımdır. Məsələn, bəzi rəqəmlərə görə, bu, 32 faiz, digər rəqəmlərə görə isə 50 faiz göstərilir. Təbii ki, sahibkarlar üzərlərinə düşən vergi yükünü azaltmaq üçün müxtəlif üsullara əl atırlar”, – deyə Leşçenko bildirib.
 
Göründüyü kimi Dünya Bankının rəsmisi Azərbaycanda kölgə iqtisadiyyatının mövcudluğunu dilə gətirməklə hökumətə “qara kassa”nı açmağı tövsiyyə edir. Böyük ehtimalla bu məsələ Beynəlxalq Valuyta Fondu ilə Dünya Bankının birgə missiyasının Bakıya səfəri zamanı da müzakirə olunub. Güman ki, adıçəkilən qurumların rəhbərləri iqtisadi islahatlar şərtində iqtisadiyyatda şəffaflığını təmin olunmasını tələb ediblər. Hökumətin bundan imtinası isə məsələnin açıq şəkildə bəyan olunmasına gətirib çıxarıb. Həmçinin bununla hökumətə niyə borc verilmədiyi Azərbaycan ictimaiyyətinə izah edilib.
 
Məlumat üçün deyək ki, Azərbaycanda kölgə iqtisadiyyatının 32-50 faiz təşkil etməsində biznes strukturlarının əhəmiyyətli hissəsinin məmurların nəzarətində olması ilə bağlıdır. Sirr deyil ki, məmurların nəzarətində olan biznes strukturları xüsusi imtiyazlara malikdir. Onlar nə vergi, nə də digər rüsumları ödəyir. Bununla da dövlət büdcəsinə milyardlarla manat zərər vurulur.(azadlıq)