Hüquq müdafiəçisi: ‘Cinayətkardırsa, niyə məclis xərclərini üzərinizə götürürsünüz?’

 
««Gəncə məhbusu» Aydın Qurbanovun ölümü ilə bağlı Baş Prokurorluğun və Penitensiar Xidmətin yaydığı məlumat cəmiyyətdəki təpki və etirazın nəticəsidir». Hüquq müdafiəçisi Oktay Gülalıyev AzadlıqRadiosuna belə deyir:
 
«A.Qurbanov bir il idi ki, istintaq altında idi, cinayəti sübut olunmamışdı, amma onun ölümünə bilərəkdən yol açdılar və hakimiyyət də fərqindədir ki, belə hallara görə birbaşa məsuliyyət daşıyır».
 
Hüquq müdafiəçisinin sözlərinə görə, Gəncə hadisələri zamanı A.Qurbanov meydanda olmayıb, bu hadisələrdə iştirak etməyib: «Sadəcə, Gəncənin ozamankı icra başçısı Elmar Vəliyevə sui-qəsd etdiyi deyilən Yunis Səfərova görə həbs ediblər. Yəni nə zamansa Y.Səfərovla toyda olub. A.Qurbanovun günahı da Y.Səfərovu tanımasıdır».
 
İşgəncə iddiasına gəlincə, O.Gülalıyev deyir ki, Gəncə hadisələrinə görə saxlananların hamısının yaxınları onlara işgəncə verildiyini deyirlər, özləri məhkəmə proseslərində danışırlar.
 
«Sadəcə, vəziyyət indi ciddi şəkil alıb deyə, bunu təkzib etmək istəyirlər. Hətta o qədər ciddiləşib ki, 2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı güllə yarası alaraq iflic olan Əbülfəz Bünyadlını da tələm-tələsik ev dustaqlığına buraxdılar», - hüquq müdafiəçisi belə deyir.
 
O.Gülalıyevin sözlərinə görə, A.Qurbanovun hüzr məclisinə Gəncə Şəhər İcra Hakimiyyətinin məsulları da gəliblər.
 
«Mənə verilən məlumata görə, hüzr sahiblərinə yas məclisinin bütün xərclərini öz üzərilərinə götürəcəklərini deyərək, hüzr sahiblərindən məclisə jurnalistləri, hüquq müdafiəçilərini buraxmamağı şərt kimi qoyublar. Deməli, bunun yayılmamasını istəyirlər, bu barədə insanların susmasını istəyirlər. Mediadan mənə zəng edib deyirlər ki, bizləri ora buraxmırlar. Bir tərəfdən məlumatda bu şəxs cinayətkar, terrorçu kimi tanıdılır, digər tərəfdən isə icra hakimiyyəti bu yas məclisinin xərclərini öz üzərinə götürür. Onda belə sual yaranır ki, əgər cinayətkardırsa, niyə məclis xərclərini üzərinizə götürürsünüz, yox, cinayətkar deyilsə, o məlumatda yazılanlar nə deməkdir?», - hüquq müdafiəçisi söyləyir.
 
A.Qurbanovun ailəsinin nə rəsmi məlumatla, nə də hüquq müdafiəçisinin səsləndirdiyi iddialarla bağlı fikrini almaq mümkün olub.
 
«Biz dəfələrlə müraciət etmişik ki, Penitensiar Xidmət sistemində ağır xəstə olan məhbuslar, ya istintaq altında olan müttəhimlər evlərinə, ailələrinin yanına buraxılsın».
 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu ağır xəstə olan, həkimlərin bədbin diaqnozuna baxmayaraq, evinə buraxılmayan, ömrünü Penitensiar Xidmətin müalicə müəssisəsində başa vuran Aydın Qurbanovdan danışarkən deyir. Onun sözlərinə görə, belə ağır xəstə olan şəxslərə sərt münasibət bəsləməyin sonu yoxdur.
 
«Yenə də o fikirdə qalıram ki, ağır xəstə olan məhbus və müttəhimlər buraxılmalıdırlar. Əgər qanunvericilik bunu nəzərdə tutmursa, ölkə qanunvericiləri bunu qanuniləşdirə bilərlər», - N.Cəfəroğlu bildirir.
 
 «Gəncə hadisələri ilə bağlı həbs edilmiş Aydın Qurbanovun səhhətinin ağır olması barədə ailəsindən xəbərlər alırdıq. Hətta bununla bağlı bu hadisədən xeyli əvvəl Penitensiar Xidmətə müraciət etmişdik». Gəncə hadisələri ilə bağlı məhkəmə prosesi və saxlananların aqibətini yaxından izləyən hüquq müdafiəçisi Oktay Gülalıyev belə söyləyir.
 
«Verilən işgəncələr, qeyri-insani rəftar, insanlara divan tutulması bu nəticəyə gətirib. Biz prezidentə də A.Qurbanovun sağlıq durumunun ağır, ölüm ayağında olduğu barədə müraciət etmişdik. Bu şəxs ömrünün, heç olmasa, son günlərini ailəsinin yanında olması üçün sərbəst buraxıla bilərdi. Amma təəssüf ki, buna da əhəmiyyət verilmədi. Bir tərəfdən insan əsassız, səbəbsiz həbs olunur, ağır işgəncələrə məruz qoyulur, digər tərəfdən ölüm ayağında doğmalarının, yaxınlarının yanında dünyadan köçməsinə icazə vermirlər. Heç cür anlamaq olmur ki, bu qədər kin, qəzəb haradan qaynaqlanır, lap günahkar olsa belə, vətəndaşa belə münasibət nədən yaranır?», - deyə hüquq müdafiəçisi vurğulayır.
 
 Hüquq müdafiəçisi bu ölümlərə görə məsuliyyətin hakimiyyətin üzərinə düşdüyünü bildirir və hesab edir ki, bütünlükdə bu hadisələrə, bu hadisələrdə həbs olunan insanlarla bağlı cinayət işinə yenidən baxılmalıdır: «Hesab edirəm ki, bu hadisələrdə həbs edilənlərin çoxu hər hansı cinayət törətməyib, sadəcə cəmiyyətdə xof yaratmaq üçün belə zorakılıqlara məruz qoyulublar. Həm də düşünürəm ki, bu hadisələrdə insanlara işgəncə verən şəxslər barədə ayrıca cinayət işi başlamalıdır».
 
Hələlik rəsmi qurumlar bu tənqidlərə münasibət bildirməyiblər. /azadliq.org /