Hüquqşünas İntiqam Əliyev saxlanılıb

İntiqam Əliyev indilərdə istintaqdan çıxıb, polisin müşaiyəti ilə axtarış aparılması üçün rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisinə aparılır.
 
AzadlıqRadiosunun müxbiri İntiqam Əliyevin ofisində axtarışlara başlandığını xəbər verir.
 
«Axtarış İntiqam Əliyevin iştirakı olmadan aparılır. Hüquq müdafiəçisi özü ofisin qarşısında dayanan polis maşınındadır, amma prokurorluq əməkdaşları vəkilin iştirakı ilə ofisdə axtarışlara başlayıblar».
 
BAŞ PROKURORLUQ MƏLUMAT YAYACAQ
 
Baş Prokurorluq İntiqam Əliyevin istintaqa çağırılması ilə bağlı məlumat yayacaq.
 
Prokurorluğun sözçüsü Eldar Sultanov AzadlıqRadiosuna İntiqam Əliyevin saxlanması və həbs olunması barədə məlumatların doğru olmadığını deyib:
 
«Kiminsə istintaqa ifadə verməyə çağırılması həbs deyil. Biz indi onun istintaqa çağırılması ilə bağlı məlumat hazırlayırıq və bir azdan yayacağıq».
 
İNTİQAM ƏLİYEV BAŞ PROKURORLUĞA APARILIB, EVİNDƏ AXTARIŞ GEDİR
 
Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.
 
Bu barədə AzadlıqRadiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib.
 
«Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar».
 
Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.
 
Bir müddət əvvəl İntiqam Əliyevin rəhbəri olduğu Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabına həbs qoyulub. 
 
 
İNTİQAM ƏLİYEV KİMDİR?
 
İntiqam Əliyev BDU-nun hüquq fakültəsini bitirib. Hüquqşünas fəaliyyətinə 1990-cı ildən başlayıb. 1999-cu ildən Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ilə yaxındır ki, vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb. Avropa İnsan Hüquqları Məhkəməsinə 300-dən çox şikayət ünvanlayıb. 23 işi uğurla başa vurub.
 
 
Xəzər, Qərb, Azərbaycan, Odlar Yurdu universitetlərində mülki, mülki-prosessual, qeyri-kommersiya hüququ, insan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri fənlərindən dərs deyib.
 
Bir sıra beynəlxalq qurumların (ATƏT, Avropa Şurası, GTZ və s.) qanunvericilik və insan hüquqları məsələləri üzrə ekspertidir. 20-dən çox kitabın müəllifidir.
 
2013-cü  il  martın 4-də o, «People in Need» insan haqları təşkilatının mükafatına layiq görülüb.
 
«Homo Homini» adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.
 
Mükafat yüzlərlə yerli və xarici qonağın, insan haqları müdafiəçilərinin qatıldığı mərasimdə Çex Respublikasının Baş nazirinin müavini, Xarici işlər naziri Karel Shwarcenberg tərəfindən təqdim olunub. 
 
O, 1962-ci ildə anadan olub. 
 
***
 
Hüquq müdafiəçisi İntiqam Əliyev avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb və evində axtarışa başlanılıb.
 
Bu barədə "Azadlıq" radiosuna İntiqam Əliyevin oğlu Nəcmin Əliyev məlumat verib.
 
«Atamı səhər aparıblar, telefonuna zəng çatmır. İndi bizim Saraydakı evimizdə 10 nəfərə yaxın prokurorluq əməkdaşı axtarış aparır. Hər şeyi yoxlayırlar».
 
Nəcmin Əliyevin dediyinə görə, evə gələn prokurorluq əməkdaşları ona axtarış aparmağa icazə ilə bağlı məhkəmə qərarı təqdim ediblər.