Jurnalist aclığını davam etdirir: ‘Əfqan Sadıqovda qıcolmalar başlayıb’

Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov 48 gündür aclıq edir.
 
Ötən gün jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə deyib ki, Əfqan Sadıqovda artıq qıcolmalar başlayıb, tez-tez huşunu itirir, yeriyə bilmir, oynaqlarında kəskin ağrılar baş qaldırıb.
 
“Həkim Əfqanın ölümünü istəmədiyini bildirdi. Lakin digər tərfdən də Əfqan Sadıqovun qida və su qəbulundan, süni qidalandırıcı maddələrdən imtina etdiyni dedi. Həyat yoldaşımın durumu çox ağırdır, onu hər an itirə bilərik,” Sadıqova Amerikanın Səsinə müsahibəsində bildirib.
 
Sadıqovanın sözlərinə görə, dekabrın 25-də saat 10:30-da Sumqayıt Apellyasiya Məhkəməsində jurnalistin apellyasiya şikayətinə ilkin baxış başlayacaq.
 
“Əfqanın vəziyyəti çox ağırdır. Onun dekabrın 25-dək yaşayıb-yaşamayacağı məlum deyil. Əfqan Sadıqov həyatını itirsə nə dövlət, nə hakimiyyət, nə də bu, məmurlar heç bir xeyir əldə etməyəcək,“ jurnalistin həyat yoldaşı Amerikanın Səsinə deyib.