Jurnalist Ziya Əsədli azadlığa çıxıb

“Azadlıq” qəzetinin regional müxbiri Ziya Əsədli üç illik həbs cəzasını çəkdikdən sonra azadlığa çıxıb. O, 2017-ci ilin sentyabrında həbs edilib və Biləsuvar rayon məhkəməsi tərəfindən AR CM-in 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddəsi ilə mühakimə olunub.
 
İttiham versiyasına görə, Ziya Əsədli yerli kafedə xuliqanlıq törədib. Amma yerli sakinlərin sözlərinə görə, bu kafe yerli polis əməkdaşına məxsusdur və Əsədli heç vaxt oraya getməyib.
 
Əsədli öz ifadəsində bildirib ki, 2017-ci il aprelin 19-da bu kafenin yanından keçərkən kafe işçisi ona hücum edib. Əsədli dərhal DİN-in 102 xidmətinə zəng edib və hücum barədə məlumat verib. Amma cinayət işi onun özünə qarşı açılıb.
 
Qeyd edək ki, Ziya Əsədli 2-ci qrup əlil, iki uşaq atasıdır.
 
Hüquq müdafiəçiləri həbsin əsl səbəbinin onun Biləsuvarda və cənub bölgəsinin digər rayonlarında məmur özbaşınalığı, yerli sakinlərin etirazları haqqında nəşrləri olduğunu hesab edərək, onu siyasi məhbus kimi tanıyıblar. /turan /