Kərbəla caniləri - Şəbəs ibn Ribi

Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən və Kərbəla faciəsində Kufə ordusunun böyük sərkərdələrindən biri də Şəbəs ibn Ribi Kufidir.

O, 39-cu “Amul-fil” ilində, İslam Peyğəmbərinin (s) peyğəmbərliyindən bir il öncə dünyaya gəlmişdir. Onun barəsində İslam mənbələrində müxtəlif məlumatlar verilmiş və “minüzlü adam” kimi tanıtdırılmışdır. (“Peykare-Siffeyn”, Nəsr ibn Müzahim Münqəri, tərcümə: Pərviz Ətabəki, səh.138.)

İslam Peyğəmbərinin (s) vəfatından sonra yalançı peyğəmbər Səccac ibn Haris Təmimiyə qoşulur və onun azançısı məqamına seçilir. (“Tarixi-Yəqubi”, c.2, səh.191.)

Ondan sonra isə İslam dinini qəbul edir. Üçüncü xəlifə Osman ibn Əfvanın qətlində də iştirak edir. İmam Əli ibn Əbu Talibin (ə) xilafətinin başlanğıcında o Həzrətin ordusuna üzv olur. Dövrün müsəlmanlarının xəlifəsi İmam Əli (ə) ilə Müaviyə arasında baş verən “Siffeyn” müharibəsində o Həzrətin fərqli sərkərdələrindən idi ki, Müaviyə ilə müzakirə etmək üçün seçilir və Müaviyəni müsəlmanların haqq xəlifəsi İmam Əlinin (ə) əleyhinə müxalifətini davam etdirməkdən çəkindirir. Əbu Əmrənin rəhbərliyi ilə İmam Əlinin (ə) sülh heyətində iştirak edən Şəbəs, Müaviyəyə xitabən deyir: “Ey Müaviyə! Sənin tələb etdiyin (Osmanın qisası) sözləri qəbul edən ağılsız, şüursuz və əl-ayaqsız bir zümrəni öz ətrafına toplamağınıp* məhz hiylədən başqa bir şey deildir! Şübhəsiz, sənin özün də Osmana yardım etməkdə səhlənkarlıq etdin... Ey Müaviyə! Allahdan qorx və tutduğun yoldan qayıt. Bu işdə (hakimiyyətdə) ləyaqət və səlahiyyəti olan kəslə mübarizə aparma. Ey Müaviyə! Allaha and olsun, Razı olarsanmı ki, Əmmar ibn Yasiri öldürüb əlini onun qanına boyayasan? Allaha and olsun, başları bədənlərdən ayırmayınca və bu geniş dünya ağır müharibədə sənə dar gəlməyincə, heç vaxt əlin ona çatmayacaq!” (“Nəhcül-bəlağənin şərhi”, İbn Əbil-Hədid, c.4, səh.12-13.)

O, çox çəkmədi ki, “xəvaric” zümrəsinə qoşuldu və bu firqənin rəhbərlərindən oldu. (“Əl-kamil”, c.2, səh.31.)

İmam Əlinin (ə) şəhadətindən sonra “xəvaric”dən ayrılaraq, İmam Həsənə (ə) qoşuldu. Amma tez bir zamanda o Həzrəti şəhadətə yetirmək niyyətində nakam qaldı. (“Biharul-ənvar”, c.2, səh. 31.)

İmam Həsənin (ə) şəhadətindən sonra Əməvilər hakimiyyəti ilə müxalifətə qalxdı və müsəlmanların Müaviyə oğlu Yezidin caynağından azad olunması üçün İmam Hüseynə (ə) məktub yazan şəxslərdən oldu. O, məktubunda yazmışdı: “Hər yerin lalələri yaşıllaşmış, meyvələri yetişmiş və quyuları su ilə dolmuşdur. Əgər istəyirsənsə gəl, çünki əsgərlərin döyüşə hazırdır.” (“Tarixi-Təbəri”, c.5, səh. 3535; “Əl-müntəzəm”, c.5, səh.339.)

Minüzlü Şəbəs etiqadında qeyri-sabit, din və mənəviyyata etiqadsız olsa da, İmam Hüseynə (ə) məktub yazmaqda iştirak etməsindən məlum olur ki, Müaviyə oğlu Yezidin əleyhinə qiyamın və Əməvilər hakimiyyətinin aradan qaldırılmasının tərəfdarı olmuşdur. Əlbəttə, onun bu addımında Kufəyə hakim mühitin təsiri az olmamışdır.

Übeydullah ibn Ziyad Kufəyə hakim olduqdan və İmam Hüseyn (ə) Kərbəlaya çatdıqdan sonra Şəbəs İmam Hüseynlə (ə) qarşıdurmadan qorxub özünü xəstəliyə vurur və Übeydullah ibn Ziyaddan o Həzrətlə döyüşməkdə üzürlü hesab edəcəyini istəyir.

Onun döyüşdə iştirak etmək istəməməsinin səbəbindən agah olan Übeydullah ibn Ziyad ona bu məzmunda bir məktub yazır: “Qasidim mənə deyir ki, sən özünü xəstəliyə vurubsan. Qorxuram ki, müsəlman və möminləri gördükdə “mən möminəm”, şeytanlarla xəlvətə çəkildikdə isə “mən sizinləyəm və həqiqətən, istehza edənlərdənik” deyənlərdən olasan. Əgər bizə itaət edənlərdənsənsə, tezliklə yanımıza gəl!” (“Tarixi-Təbəri”, c.5, səh.436-437.)

Şəbəs, Übeydullah ibn Ziyadın ordusuna qoşulub Kərbəlaya doğru hərəkət edir. Tarixi sənədlərdə göstərilir ki, o, İmam Hüseynlə (ə) döyüşməklə müxalif idi və bağışlanmaz günah hesab edirdi. Baxmayaraq ki, İmam Hüseynin (ə) “Ey Şəbəs ibn Ribi! Ey Hicaz ibn Əbcər! Ey Qeys ibn Əşəs! Ey Yezid ibn Haris! Mənə məktub yazan və meyvələrin yetişdiyini deyən... siz deyildiniz?!” – sözlərinin müqabilində onu inkar edərək yalan danışdı. Amma İmam Hüseynin (ə) təqvalı və yaxın dostlarından olan Müslüm ibn Ovsəcənin şəhadətindən sonra Yezidin ordusundan bir qrup sevinib şadlıq etdikdə, onlar öz batini düşüncələrini və qəlbi inanclarını gizlədə bilmədilər və şadlıq edənlərə dedilər: “Ananız matəminizdə əyləşsin, ey namərdlər! Öz adamlarınızı öldürüb özünüzü başqalarına görə bədbəxt edir və Müslüm ibn Ovsəcə kimi bir şəxsi öldürdüyünüzə görə sevinirsiniz?! İslamına etiqad bəslədiyim şəxsə and olsun, onu bir çox həssas yerlərdə müsəlmanlarla birgə görmüşəm. Azərbaycanın fəthi zamanı gördüm ki, müsəlman ordusu çatmamışdan qabaq müşriklərdən altı nəfəri qətlə yetirdi. Ey namərdlər! Onun kimi bir şəxs qətlə yetirildiyi halda, siz sevindiyinizdən hay-küymü salırsınız?!” (“Tarixi-Təbəri”, c.5, səh.425; “Fütuhul-büldan”, təhqiq: Məhəmməd Həvan Məhəmməd, səh.891.)

Həmçinin Şümr özünü İmam Hüseynin (ə) xeyməgahına çatdırıb onu yandırmaq istədikdə, Şəbəs onu bu işdən yayındırdı. Ömər ibn Səd İmam Hüseynin (ə) dostlarının Kufə ordusunun müqabilində müqavimətini gördükdə, Şəbəsə dedi: “Gərək oxatanlar sıraya düzülüb İmam Hüseynin (ə) qoşununu nişan alsınlar. Onların sərkərdəliyini sən öhdənə götür!” Şəbəs ona belə cavab verdi: “Allaha pənah! Mən “Müzər” qövmünün başçısı olduğum və yaşa dolduğum halda, oxatanlarla birgə döyüşə göndərirsən? Doğrudan da, mən bu qədər alçalmışam? Məndən başqasını tapa bilmədin ki, onlarla birgə göndərəsən?” (“Əl-kamil”, c.2d, səh.566-567; “Tarixi-Təbəri”, c.5, səh.436-438.)

İbn Əsir bu məlumatları qələmə aldıqdan sonra, açıq-aydın belə yazır: “Şəbəs Kərbəla faciəsində süst və iradəsiz idi. Ömər ibn Sədin ordusu onu daim ikrah vəziyyətdə görürdülər...” (“Tarixi-Təbəri”, 5-ci cild, səh. 436-438; “İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 2-ci fəsil, səh.158-62.)

Tərcümə edən: Rza Şükürlü (Maide.az)