Kərbəla caniləri -Həsin ibn Nümeyr Təmimi

Kərbəla faciəsinin yaranmasında əsas rol oynayan şəxslərdən biri də Həsin ibn Nümeyr Təmimidir.

O, Kərbəla hadisəsindən qabaq adı dillərə düşən şəxslərdən biri kimi, Übeydullah ibn Ziyadın Kufədə mövqeyini möhkəmlətməkdə, şəhərdə əmin-amanlıq yaratmaqda, həmçinin İmam Hüseynin (ə) tərəfdarlarının işgəncə və edamında böyük rol oynadı. (“Tarixi-Təbəri”, c.5, səh.394 və 401; “Əl-fütuh”, c.5, səh.59, 92 və 99.)

Tarixdə onun 60-cı hicri-qəməri ilindən qabaq mövqeyi və fəaliyyətləri barəsində məlumat verilməsə də, Müslim ibn Əqilin Kufədə olduğu və İmam Hüseynin (ə) İraqa doğru hərəkəti zaman Übeydullah ibn Ziyad tərəfindən Kufənin təhlükəsizlik idarəsinin rəisi vəzifəsinə seçilməsindən Əməvilər hakimiyyətinin, məxsusən, Üneydullah ibn Ziyadın tam etimadını qazandığı aşılanır.

Həsin bu vəzifə ilə yanaşı, Kufənin giriş və çıxış yollarına da nəzarət edirdi. Məsuliyyətini yaxşı icra etmək üçün Qadisiyyəyə getdi və əsgərlərini Kufəyə gedən həssas yollarda qərarlaşdırdı ki, şəhərə girib çıxanlara nəzarət edə bilsinlər. Bəzi rəvayətlərə əsasən, o, həmin yerdə Hürr ibn Yezid Riyahini min nəfərlik qoşunun sərkərdəliyi ilə İraqa doğru hərəkət edən İmam Hüseynin (ə) karvanının Kufəyə daxil olmasının qarşısını almaq üçün yola saldı. İmam Hüseynin (ə) qasidləri Qeys ibn Müsəhhər Seydavi ilə Abdullah ibn Yəqtər həmin məntəqədə Həsin və əsgərlərinin vasitəsilə tutuldu və ağır işgəncələrə məruz qaldıqdan sonra şəhədətə yetirildilər. Həmçinin İmam Hüseynə (ə) kömək etmək və yaxud Übeydullah ibn Ziyadın caynağına düşməmək üçün Kufəni tərk edən bir çox naməlum şəxslər də adıçəkilən sərkərdənin əli ilə naməlum taleyə düçar oldular.

O, Kufə aramlaşdıqdan və əhalisi Übeydullah ibn Ziyada təslim olduqdan sonra dörd min nəfərin sərkərdəliyi ilə Ömər ibn Sədin ordusunu gücləndirmək üçün Kərbəlaya doğru hərəkət etdi və orada zirehli qoşuna sərkərdə təyin edildi. (“Tarixi-Təbəri”, c.5, səh.437; “Əl-fütuh”, c.5, səh.99.)

Kərbəla facisəndə məsum Əhli-beytə (ə) kin-küdurəti ilə tanınan bu qəddar və rəhmsiz sərkərdənin həyatı barəsində tarixdə 60-cı h.q. ilindən öncə bir məlumat gözə çarpmır. O, “Aşura” günü birbaşa böyük cinayətlərə əl atdı. İmam Hüseynin (ə) ən vəfalı köməkçilərindən olan Həbib ibn Məzahir Həsin ibn Nümeyr Təmiminin əli ilə şəhadətə yetirildi. O, Həbibin başını bədənindən ayırdıqdan sonra onu atının boynundan asaraq ordugahda dolandırdı. Sonra isə onu Dəlil ibn Hərim Təmimiyə verdi ki, Übeydullah ibn Ziyadın yanına aparıb mükafat alsın.

Übeydullah ibn Ziyad və Əməvilər hakimiyyətinin etimadını qazanmış Həsin ibn Nümeyr Təmiminin Kərbəla faciəsində, məxsusən, Peyğəmbəri-Əkrəmin (s) övladlarını şəhadətə yetirməkdə peşəkar bir döyüşçü kimi birbaşa rolu olmuşdur. Əbu Təmamə Sayidi günorta namazının vaxtının çatmasını İmam Hüseynin (ə) yadına saldıqda və namaz qılmaq üçün kufəlilərdən möhlət və atəşkəs istədikdə, Həsin ona belə dedi. “Sizin namazınız Allah dərgahında qəbul deyil!” (“Tarixi-Təbəri”, c.5, səh.440-449; “Mənaqibi-ali Əbu Talib”, c.4, səh.103.)

O, “Aşura” faciəsindən sonra Yezidə vəfadarlığında qaldı və “Hirrə” facisəində (Mədinə əhalisinin kütləvi qırğınında) iştirak etdi. Yezidin Məkkəyə göndərdiyi ordunun sərkərdəsi öldükdən sonra Müslim ibn Üqbə ilə Həsin ibn Nümeyr ordu sərkərdəliyini öhdələrinə aldılar.

O, Abdullah ibn Zübeyri 64 gün mühasirədə saxladı və nəhayət, 64-cü h.q. ilinin Rəbiül-əvvəl ayının 3-də Kəbənin pərdəsini yandırdı və Allahın əmin-amanlıq evinin hörmətini sındırdı.

Abdullah ibn Zübeyrlə döyüşü davam etdirdiyi zaman Yezidin ölüm xəbəri çatdı. O, xəbərin doğruluğundan əmin olduqdan sonra Abdullah ibn Zübeyrlə sülh və beyət təklifini irəli sürsə də, Abdullah ibn Zübeyrin ona qarşı bədgümanlığı ilə qarşılaşdı və təklifi rədd olundu.

Həsin ibn Nümeyr Şama qayıtdıqdan sonra Abdullah ibn Zübeyrlə apardığı müzakirələri Mərvan ibn Həkəmə məlumat verdi və onunla birlikdə Məkkəyə gedib Abdullah ibn Zübeyrlə beyət edəcəyi barəsində qərar qəbul etdilər. Amma İbn Ziyad gəlib Mərvanın hakimiyyəti ələ keçirməsini təklif verdi. Mərvan hakimiyyəti ələ keçirtdi və Həsin ibn Nümeyr onunla beyət edərək, onun hakimiyyətini təsbit və onunla beyətində Şamda yaşayan Bəni-Kində qəbiləsinə xüsusi diqqət yetirəcəyini və Şamın “Əl-Bəlqa” məntəqəsini onlara bağışlayacağını şərt etdi. Mərvan da onun şərtini qəbul etdi. (“Tarixi-Təbəri”, c.5, səh. 496.)

Bu qəddar döyüşçü “Təvvabin” qiyamından sonra Übeydullah ibn Ziyad tərəfindən qiyamçıların məhkum edilməsi üçün məmur olundu və on iki min nəfərlik ordunun sərkərdəliyini öhdəsinə götürərək onlarla döyüşmək üçün yola düşdü. Döyüş zamanı “Təvvabin” qiyamının rəhbəri Süleyman ibn Sürəd, Həsin ibn Nümeyrin oğlunun əli ilə qətlə yetirildi. “Təvvabin” döyüşündən sonra da siyasi səhnədən kənarlaşdırılmadı. İbn Ziyad onu Muxtarla döyüşdə sağ cinahın sərkərdəsi təyin etdi və nəhayət, Kufə ordusu ilə döyüşdə öldürüldü. (“Tarixi-Təbəri”, c.6, səh.89; “İnqilabi-Kərbəla əz didqahe əhli-sünnə – Əhli-sünnə baxımından Kərbəla inqilabı”, Ustad Əbdülməcid Nasiri Davud, 2-ci fəsil, səh.162-166.)

Tərcümə edən: Rza Şükürlü (Maide.az)