Kərbəla inqilabının səfiri – Müslim ibn Əqil

Zil-hiccə ayının 9-cu günü Kərbəla inqillabının səfiri Həzrət Müslim ibn Əqilin şəhadət günüdür. Elə bu məqsədlə əziz həmvətənlərimiz və oxucularımıza başsağlığı verir və onun həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:
 
Bəni-Haşimin ləyaqətli gəncləri arasında Əqilin oğlu Müslim parlaq sima və mübariz şəxsiyyətlərdən sayılırdı. Onun atası Əqil İmam Əlinin (ə) qardaşı və Əbu Talibin ikinci oğlu idi. Müslimin böyüyüb boya-başa çatdığı ev elm, fəzilət və şərəf evi idi. Onun dini və insani şəxsiyyəti bu evdə formalaşmışdı. Məhz bu evdə onun tərbiyəsi, mənəvi təkamülü və qəhrəmanlığı üçün münbit şərait yaranmışdı. O, uşaqlıq dövründən başlayaraq, Bəni-Haşim gəncləri, xüsusilə, İmam Həsən (ə) və İmam Hüseynlə (ə) bir yerdə olmuşdu. O, əxlaqi kamillikləri, vilayət əsaslarını, qəhrəmanlıq dərslərini, şücaət və fədakarlığı çox yaxşı əxz etmişdi.
 
Müslim İmam Əlinin (ə) kürəkəni olmaq iftixarını qazanmış, o Həzrətin qızı Rüqəyyə ilə izdivac etmişdi. Müslim İmam Əlinin (ə) xilafəti dövründə o Həzrətin xidmətində haqq müdafiəçisi idi. İmamın şəhadətindən sonra Müslim İmamın övladları Həsən və Hüseyndə təcəssüm edən haqdan uzaq düşmədi. Sonda da pak canını bu yolda fəda etdi. İmam Həsənin (ə) onillik imaməti dövründə, İslam tarixinin bu çətin dönəmində Müslim həqiqət tərəfdarı idi. Haqq yolda bütün vücudu ilə, xalisanı addım ata Müslim İmam Həsənin (ə) ən vəfalı köməkçilərindən və xüsusi səhabələrindən sayılırdı. İmam Həsənin (ə) şəhadətindən sonra imamət İmam Hüseynə (ə) çatdıqda, yenə də Müslim Əhli-beytdən (ə) ayrılmadı və daim İmam Hüseynin (ə) yanında oldu.
 
Əqilin övladlarından doqquzu İmam Hüseynin (ə) ilahi hərəkatının qurbanı oldu və Müslim bu simaların ən parlağıdır. Bu ailə Quran yolunda şəhadəti qəbul etməklə böyük bir iftixar qazanmışdır. Müslimin övladları da şəhid atalarının ilahi yolunu davam etdirərək Kərbəla səhnəsinə çıxır və Əhli-beytə vəfadarlıqlarını sübuta yetirirlər.
Aşura gecəsi bu vəfadarlığın, məsuliyyət və ixlasın canlı şahididir. Kərbəla faciəsində Müslim ibn Əqilin övladlarından ikisi şəhadətə yetdi. Onun övladlarının başqa ikisi düşmənə əsir düşdü, onları Kufəyə aparıb, İbn Ziyada təhvil verdilər. Onlar bir ilə yaxın zindanda yatdıqdan sonra qaçmağa müvəffəq oldular. Amma, nəhayət, şəhadətə yetirildilər.
 
Məlum olduğu kimi, Müslim ibn Əqil Kərbəla inqilabının öncülü, İmam Hüseynin (ə) Kufəyə göndərdiyi səfir idi.
 
Altmışıncı hicri il idi. İmam Hüseyn (ə) dörd ay Məkkədə qalmaqla xalqla görüşüb danışdı, onlara Yezidə beyət olunmamasının zəruriliyini açıqladı. İmam Hüseynin (ə) inqilaba qalxması Kufə əhlini xüsusi ilə sevindirdi. Kufə əhli Ələvilərin dördillik hakimiyyətini unutmamışdı. Bu şəhərdə Əhli-beytə vəfalı tanınmış şəxsiyyətlər vardı. Buna görə də, Kufə və Bəsrənin tanınmış şiələri İmam Hüseynə (ə) minlərcə məktub yazdılar. Kufəlilər Həzrətin yanına Əbu Əbdillah Cədəlinin başçılığı ilə nümayəndə heyəti də göndərdilər. İmama ünvanlanmış məktublardakı imzalar arasında Şəbəs ibn Ribi, Süleyman ibn Surəd, Museyyib ibn Nəcbə kimi böyük şəxsiyyətlərin də imzaları var idi. Onlar İmamdan xahiş edirdilər ki, xalqı özünə beyətə dəvət etsin və Kufəyə gəlib, Yezidi xilafətdən uzaqlaşdırsın. İmam Hüseyn (ə) Kufə əhlinin israrını və dəvətini cavabsız qoymamaq qərarına gəldi. Kufənin vəziyyətini dəqiq öyrənmək, xalqın məhəbbətini dəqiq qiymətləndirmək, başlanğıc hazırlıqları görmək, inqilabi qüvvələri nizamlamaq zəruri işlər idi. Kimsə əvvəlcədən Kufəyə gedib, bu işləri yerinə yetirməli və şəhərin vəziyyətini dəqiq şəkildə İmama çatdırmalı idi. (“Nəfəsul-məhmum”, Şeyx Abbas Qummi, səh.36.)
 
İmam Hüseyn (ə) bu iş üçün Müslimi hamıdan münasib bildi. Onun həm siyasi agahlığı, həm təqvası vardı, həm də İmamın yaxını idi. İmam Kufədən gələn nümayəndələrə buyurdu: “Mən qardaşım və əmim oğlu Müslimi sizinlə Kufəyə göndərirəm. Əgər xalq ona beyət etsə, Kufəyə gələrəm...”
 
Nəhayət, Müslim Məkkədən yola düşüb, Kufəyə daxil oldu və İmam Əlinin (ə) xalis şiələrindən olan Muxtar Səqəfinin evinə getdi. Şiələr dəstə-dəstə Muxtarın evinə gəlir və Müslimlə görüşüb, ona beyət edirdilər. (“Əl-irşad”, Şeyx Müfid, c.2, səh.205.)
 
Müslimə beyət edən Hüseyn (ə) tərəfdarlarının sayı günbəgün artırdı. Bir neçə gün ərzində artıq minlərlə insan Müslimə beyət etmişdi. İmam Hüseyn (ə) yolunda bütün fədakarlıqlara hazır olan, canını ovcunda tutmuş beyətçiləri nəzərə alaraq, Müslim ibn Əqil qiyam üçün münasib şərait olduğunu İmama xəbər verdi.
 
Digər tərəfdən isə, Yezid öz hakimiyyətini qorumaq üçün Kufəyə Bəsrə hakimi çirkin və amansız şəxs olan Übeydullah ibn Ziyadı göndərdi və onu Kufə valisi təyin etdi. Ona tapşırıldı ki, Kufəyə gedib, Müslimi həbs edərək sürgünə göndərsin, ya da öldürsün. (“Nəfəsul-məhmum”, səh.39.)
 
Bu hərəkatı yatırmaq üçün böyük səlahiyyətlərə malik olan İbn Ziyad qiyafəsini dəyişib, üzünə niqab salaraq, gecə vaxtı məxfi şəkildə Kufəyə daxil oldu. O, Müslimin tərəfdarları arasında ikitirəlik yaratmaq üçün öz satqın muzdurlarından istifadə etdi və onlar şaiyələr yaymaqla Müslümün tərəfdarlarını onun ətrafından dağıtdılar. Bir sözlə, Müslüm üçün Kufə şəhəri qürbətə çevrildi. Müslüm tək-tənha qaldı və nəhayət, Zil-hiccənin 9-cu günü Kufədə kiçik bir Kərbəla quruldu. Müslüm şəhadətə yetdi və bu hadisə tarixdə əbədi imzasını qoydu.
 
Maide.az