Kiminin əvvəli, kiminin də...

Azərbaycanda keçmiş hakimə qarşı ittiham elan olunub

Azərbaycanda keçmiş hakim dələduzluqda təqsirləndirilir. Vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevə qarşı istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə ittiham elan olunub.  

 Qeyd edək ki, bir müddət əvvəl mətbuatda H. Əliyevin Rusiyadan gəlmiş iş adamı Ramazan Səlimovu aldadaraq 600 min manat pulunu mənimsədiyi barədə məlumat yayılıb. Məlumata görə, Ramazan Səlimov işə düzəlmək üçün 2011-ci ildən tanıdığı iş adamı Elman Məmmədova müraciət edib.  E. Məmmədov isə onu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən Əliyev isə R. Səlimovdan işə düzəltmək adı ilə 600 min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra R. Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi başlanılıb və E. Məmmədov həbs edilib. Hazırda həmin cinayət işi üzrə istintaq davam etdirilir.

 Vəkil A. Məmmədov bildirib ki, E. Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bu gün Nəsimi rayon Məhkəməsi tərəfindən 3 ay uzadıb.

 Onu da qeyd edək ki, həmin məsələdən sonra prezident İlham Əliyev Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması göstərilib.