Klassik Xalq Cəbhəsi Partiyası Leyla Yunusun qanunsuz həbsi ilə bağlı bəyanat yayıb

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının Bakıda keçirilən illik toplantısını yenicə yola verən Azərbaycan hakimiyyəti ATƏT-in Nazirlər Kabinetinə sədrlik edən dövlət olaraq qanunsuzluğun və anti demokratiyanın analoqu olmaya nümunələrini yaratmaqda davam edir.  
 
Dövlət siyasəti səviyyəsinə qaldırdığı seçki saxtakarlıqları, korrupsiya, rüşvət kimi məsələlərdə beynəlxalq təşkilatların, demokratik dünyanın hesabatlarında öncüllük edən Azərbaycan hakimiyyəti dünyada tanınmış hüquq müdafiəçisi Leyla Yunusu vergidən yayınmaqda, qanunsuz bizneslə məşğul olmaqda, dövlətə xəyanət etməkdə suçlayaraq həbs edir, həyat yoldaşı xəstə Arif Yunusun hərəkətlərini məhdudlaşdırır.      
 
Azərbaycanın dünyada tanınmış hüquq müdafiəçisi Leyla Yunus insan haqlarını qoruyanlar içərisində ən etibarlılarından biri kimi hakimiyyətin qanuna zidd siyasətini ifşa etməkdən heç zaman çəkinməmiş, ölkədə baş verən total haqsızlıqlara qarşı mübarizə aparan siyasiləri, mediya nümayəndələrini, vətəndaş cəmiyyəti üzvlərini müdafiə etmiş, onların siyasi dustaq, vicdan məhbusu olduqlarını sübut etməklə dünya ictimaiyyətinə təqdim edə bilmişdir. Heç zaman hakimiyyətin basqıları qarşısında əyilməmiş, haqqa, ədalətə inamı bu dəyərli xanımı böyük mübaizə çevirmişdir.  
 
Leyla Yunus ötən il keçirilmiş prezident seçkilərində baş verən total saxtakarlıqları ifşa edərək beynəlxalq aləmə təqdim edən Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) koordinasiya şurasının üzvüdür. KXCP Leyla Ynusun saxta ittihamlarla həbsini DQMŞ-a qarşı hakimiyyətin apardığı basqıların tərkib hissəsi kimi qiymətləndirir və hakimiyyətin bu əməllərini pisləyir.
 
    Yunuslar ailəsi ilə bağlı baş verənlər bir daha göstərir ki, hakimiyyət orqanlarının  vətəndaşlara yönəltdiyi  bu cür saxta ittihamlar heç bir hüquqi əsası olmayan siyasi ittihamlardır və hakimiyyətin korrupsiya siyasətinə xidmət etməklə ölkədə siyasi fəaliyyətlərin, vətəndaş cəmiyyətinin məhv edilməsinə yönəlmişdir.
 
KXCP ATƏT-in Nazirlər Kabinetinə sədrlik edən Azərbaycan hakimiyyətini heç olmazsa təmsil etdiyi qurumun dəyərlərinə sayğı ilə yanaşmağı tələb edir, Yunuslar ailəsinə qarşı apardığı qanunsuz hərəkətlərə son qoymağa, bu ailənin üzvlərinə qarşı qaldırılan qondarma cinayət işini ləğv etməyə, Yeyla Yunusun dərhal həbsdən azad edilməsi və Arif Yunusa qarşı qoyulan qadağaların ləğv edilməsi üçün təxirəsalınmaz tədbirlər görməyə çağırır.