Kölgə iqtisadiyyanı, vergidən yayınma, korrupsiya

Maide.az xəbər verir ki, "Bizim Yol" qəzeti ölkədə onlayn alış-verişə problem yaradılmasından söz yazıb. «Banklar elektron alış-verişi öldürür» adlı məqalədə bunun mənfi tərəflərinə toxunulur: «İnsanlarda sanki kartlara qarşı antipatiya var. Kart dedikdə qorxurlar, elə bilirlər aldanacaqlar.
 
Bu, birbaşa məlumatsızlıqla bağlıdır. Hətta ölkədaxili mağazalarda da kart sistemi rahatdır. Ancaq son zamanlar problem yaradılır. Mağazada kartla alış-veriş edərkən faiz tutulur. Halbuki, bu hal kart sistemində yox idi. Bu məsələ insanları kartdan uzaqlaşdıracaq. Onsuzda insanlarımız nağd pula üstünlük verirdi, indi bununla da karta qarşı nifrət artacaq».
 
Bank üzrə ekspert Əkrəm Həsənov qəzetə bütünlükdə nağdsız ödənişin aşağı olmasının səbəblərini belə izah edib: «İnkişaf etmiş ölkələr elektron ticarətdən öncə nağdsız ödənişlər mədəniyyətini yaradıblar. Bizdə isə ödənişlərin əksəriyyəti nağd formada həyata keçirilir. Səbəb sadədir: kölgə iqtisadiyyatı, vergidən yayınma, korrupsiya. Digər bir səbəb banklara etimadın aşağı olmasıdır. Çıxış yolu nağdsız ödənişlər üzrə güzəştlərin tətbiqidir».
 
İqtisadçı Natiq Cəfərli isə bildirib ki, ABŞ-da elektron ticarət ümumi ticarətin 30-35 faizini təşkil edir: «Cəmi 5 il öncə bu, 1-2 faizdən artıq deyilmiş»,- deyə o qeyd edib.
 
N.Cəfərli də Azərbaycanda elektron ticarətə mane olan məqamların üzərində dayanır: «Azərbaycanda bunun inkişaf etməməsinin birinci səbəbi qanunvericiliklə bağlıdır. Bəzi aktlarda elektron ticarətlə bağlı düzənləmələrə ehtiyac var. Əsasən də Vergi Məcəlləsində. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycanda ümumiyyətlə elektron kartlarla (bank kartları ilə) alış-verişə insanlar öyrəşməyiblər. Bunu təşviq etmək lazımdır».