Leyla Yunus şəkər xəstəliyindən əziyyət çəkir

Arif Yunus səfirliklərlə görüşlər keçirir

İyulun 30-da həbs edilən Sülh və Demokratiya İnstitutunun(SDİ) rəhbəri Leyla Yunus hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Şəkər xəstəliyindən əziyyət çəkən 60 yaşlı hüquq müdafiəçisinin səhhəti günü-gündən pisləşir. Vəkil və həbsxana daxilindən gələn məlumatlar heç də ürəkaçan deyil. Belə ki, əldə etdiyimiz məlumata görə, Leyla Yunusun xəstəliyi həyatı üçün təhlükəli vəziyyətə gəlib. 
 
SDİ rəhbərinin həyat yoldaşı, onunla eyni zamanda, barəsində Cinayət Məcəlləsinin 274 və 178-ci maddələri ilə cinayət işi açılaraq, səhhəti ilə əlaqədar ev dustaqlığına məhkum edilən Arif Yunus “Yeni Müsavat” a açıqlamasında Leyla Yunusun xəstəliyinin günbəgün artdığını bildirdi: “Həyat yoldaşımla görüşümə icazə verilmir. Yalnız vəkil görüşə bilir. Şənbə günləri ona dərmanlar apara bilirəm. Bildiyimiz kimi, o, şəkər xəstəsidir. Ona xüsusi, dərmanlar və yemək lazımdır. Leyla xanım hər 3 saatdan bir dərman qəbul etməlidir. Əks halda, səhhətində cidd problemlər yarana bilər. Şəkər xəstəliyi insan stressdə olan zaman daha tez sürətlənir. Keçən ildən başlayaraq, Leylada şəkər xəstəliyi yaranıb. İndi yenə də problem yaranıb. Hazırda bu məsələ ilə bağlı səfirlərlə görüşürəm. Yaxın zamanlarda yenidən bəzi səfirlik, beynəlxalq təşkilatlarla görüş planlaşdırıram. İndiyə qədər onun özü ilə danışmamışam. 
 
Buna şərait yaradılmır. Bəzi suallar məndə yaranıb. Amma Leyla xanımın özü ilə əlaqəm olmadığına görə suallarım cavabsız qalıb”.
 
Arif Yunus təcridxananın hədsiz dərəcədə isti olmasından gileyləndi: “Şənbə günü təcridxana getmişdim. Leylaya dərmanlar və lazımı ləvazimatlar aparmışdım. Deyilməyəcək dərəcədə isti bir yerdir. Mənim özümün bir anlığa vəziyyətim pisləşdi. Bayırda elə bir isti varsa, görün içəri nə vəziyyətdədir. Təcridxananın daxilində xəstəliyin necə müalicə olunmasından, ambulansın olub-olmamasından xəbərim yoxdur. Əsas problemlərdən biri təcridxananın uzaqda olmasıdır. Çünki mən saat 6-da şəhərdə olmalıyam. Geciksəm, raport yazırlar. Özüm də hər gün saat 6-da polisdə olmalıyam. Təcridxana getdiyim zaman növbə gözləməliyəm. Bu isə gecikməyimə səbəb olur. Yaxın günlərdə aidiyyəti orqanlara müraciət edəcəm. Tez-tez təcridxanaya getməyimə şərait yaradılması ilə bağlı. Çünki həqiqətən bu çox vacibdir. Həyat yoldaşıma dərmanlar tez-tez aparılmalıdır”.
 
Arif Yunus şəxsinə qarşı irəli sürülmüş ittiham maddələri ilə bağlı sualımıza belə cavab verdi: “Özü haqqımda ümumiyyətlə, fikirləşmirəm. İyulun 30-da prokurorluqda olanda dedim ki, may ayında xəstəxanada olarkən, vəkil vasitəsilə ifadə vermək istəmişəm. Amma gəlmədilər. Onların əsas məqsədi Leylaya qarşı ifadələr almaq olub. Bütün suallardan mən və xanımım imtina etdi. Biz heç bir sənədə qol çəkmədik.  Sona qədər mövqeyimiz belə də qalacaq. Çünki Azərbaycanda istintaq yoxdur. Açıq-aşkar yuxarıların tapşırıqları icra edilir. Məhkəmələrdə bu sistemdə işləyir. “Yeni Azərbaycan”, “Səs”, “Kaspi” və başqa bu tərzdə yazan qəzetlərin 20 ildir dərc etdikləri məlumatlar bizə qarşı irəli sürülən ittihamnamədədir. İttihamnaməni oxuyan hər bir insanda bu fikir formalaşır ki, hansısa jurnalist yazıb. Yəni bunların hamısı birbaşa sifarişdir. Sadəcə olaraq, yerinə yetirilir”.
 
Xatırladaq ki, Leyla Yunus haqqında Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 178 (dələduzluq), 192 (qanunsuz sahibkarlıq) və 223 (vergidən yayınma) maddələri ilə cinayət işi açılaraq, barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. Arif Yunus haqqında isə 274 və 178-ci maddələrlə ittiham irəli sürülüb.