Leyla Yunus həbsxanadan məktub yazdı: `Bizim inamımızı heç vaxt qıra bilməzsiniz`

Hüquq müdafiəçisi Leyla Yunusun məktubunu olduğu kimi təqdim edirik:
 
"Yaşlı cütlük Leyla və Arifin üzərində qazandığınız qələbə münasibəti ilə sizi təbrik edirəm, rejimin çaqqalları.
 
Sözsüz ki, bu sizin üçün böyük bir döyüş idi. Mən məhkəmə salonundan müstəntiq İbrahim Ləmbəranskinin danışığını eşitdim. O çox xoşbəxt idi və qışqıraraq deyirdi "Nə oldu, qonaqlığı axşam verirsiniz?"
 
Biz Ariflə "peredaça"sız (sovqatsız) qalmışıq. Mənim kamerama hava daxil olmur. Kamera yoldaşlarım yaxşı başa düşürlər ki, bunların hamısı mənə görədi, lakin giley etmirlər.
 
Mənim orqanizmim gözlədiyimdən də zəif çıxdı, köhnə yaralar yenilənib, kəskin ağrılar ortaya çıxıb. Mən çalışıram ki, Arifin yaşadığı fiziki çətinliklər barədə düşünməyim. Ləmbəranskilər, Paşayevlər, Əhmədovlar, Usubovlar, Qasımovlar, Qaralovlar - sizlər isə bizim fiziki əzablarımızın sağlığına tost qaldırıb, təmtəraqlı qonaqlıqlar təşkil edə bilərsiniz. 
 
Siz bizim sözlərimizə dözə bilmədiniz. Siz qəddar zorakılıq tətbiq etdiniz.
 
Lakin, bu Pirr qələbəsidir. Hərçənd, siz Pirr qələbəsinin nə olduğunu hardan biləsiniz?
 
Siz bizim inamımızı heç vaxt qıra bilməzsiniz. Biz bir yerdə 36 il yaşamışıq və əgər biz çaqqal nəzarətində, müxtəlif kameralda ölsək belə, biz bir yerdəyik!"