Livanda ümumi matəm günü elan edilib

Livanda ötən gün keçirilən aksiyalara hücum nəticəsində ölənlər və yaralananlarla bağlı ümumi matəm elan edilib.
 
Maide.Az əl-Məyadinə istinadla xəbər verir ki, Livan hökumətinin başçısı baş nazir Nəcib Miqati ötən gün Beyrutda aksiyaçıların ölümü ilə bağlı ümumi matəm elan edib.
 
Eyni zamanda prezident Mişel Oun çıxış edərək, “silah səslərinin danışıq məntiqini üstələməsini” pisləyib.
 
Xatırladaq ki, Hizbullah hərəkatının və Əməl Partiyasının Beyrut partlayışının məhkəmə işi ilə bağlı ötən günkü aksiyasına açılan atəş nəticəsində ölənlərin sayı altıya çatıb. 40 nəfərin yaralandığı deyilir.
 
Hizbullah və Əməl bəyanat yayaraq tərəfdarlarını təmkinli olmağa çağırıblar. Bəyanatda bildirilib ki, fitnə yaradan tərəflər ölkəni və Hizbullahı qarşıdurmaya çəkirlər. Hizbullah və Əməl partiyası mənbələri bu hücumun arxasında “Quvvat Lubnaniyyə” qrupunun lideri Səmir Cəcanın durduğunu bildirirlər.
 
Qeyd edək ki, Hizbullah və Əməl partiyası Beyrut partlayışının məhkəmə işinin gedişatına etiraz etmiş, onun siyasiləşdirildiyini və cinayətkarların məsuliyyətə cəlb olunmadığını bildiriblər. Onlar məhkəmə işinə baxan hakimin kənarlaşdırılmasını tələb edirlər.