''Ölkəyə gələn turistlərin sayı azalıb''

İqtisadçı Rövşən Ağayev də öz Facebook səhifəsində Statistika Komitəsinin 2015-ci lin yekunları üzrə açıqladığı turizm statistikasından bəhs edib.
 
“Ötən il hökumət Avropa oyunlarına görə ölkəyə əvvəlki illərdən daha çox turist gələcəyini təbliğ edirdi. Amma rəsmi statistikaya görə, 2015-ci ildə ölkəyə gələn xarici ölkə vətəndaşlarının sayı əvvəlki ilə nisbətən təxminən 293 min nəfər (15 faiz) azalıb. 2012-2013-cü ilə nisbətən azalma 450-500 min nəfər (20-25 faiz) təşkil edib” – deyə istisadçı qeyd edib.
 
Statistik göstəriciləri təhlil edən Rövşən Ağayev deyir ki, turistlər azalsa da, onların gecələməsi üçün yerlərin sayı son illər xeyli artıb: “Məsələn, rəsmi statistikaya görə, 2015-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə turistlərin gecələməsi üçün yerlərin birdəfəlik tutumu 37728 ədəd olub. Yəni, həmin müəssisələrdə bütün yerlər tutulsa, bir gecədə 37 mindən çox qonağı saxlamaq mümkündür. Bu rəqəm 2011-ci ilə nisbətən 5.3 min ədəd çoxdu. Əgər ilin bütün günləri həmin yerlərin hamısı tutulmuş olsa, hazırda Azərbaycanın bütün mehmanxana və mehmanxana tipli müəssisələri il ərzində 13.8 milyon sutka-çarpayı sifarişi qəbul edə bilər (100% doluluq səviyyəsi). Amma rəsmi statistikaya görə sifarişlər təxminən 1.6 milyon sutka-çarpayı olub. Bu, o deməkdir ki, mehmanxanaların doluluq səviyyəsi təxminən 11.5 faiz təşkil edib. Müqayisə üçün deyim ki, dünyada top 10-luqda olan turizm ölkələrində bu göstərici 60-75 faiz intervalında dəyişir.
 
Azərbaycanın özündə bu göstərici 2011-2013-cü illərdə 12-14 faiz olub. Sadəcə son 2 ildə mehmanxanaların və gecələmə yerlərinin sayı artıb, amma turistlərin sayı azalıb. Ona görə də mehmanxanaların "doluluq səviyyəsi" göstəricisi azalmaqda davam edib”. (meydantv)