Ölkədə boşanmaların sayının artmasının səbəbi açıqlandı

2019-cu ilin 9 ayı ərzində 46.745 nəfər nikaha daxil olub. 2018-ci ilin 9 ayında bu rəqəm 45.963 olub.
 
Maide.Az bildirir ki, bu barədə Ədliyyə Nazirliyindən Sputnik Azərbayan-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, 2019-cu ildə respublikanın rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 50 yaşdan yuxarı şəxslərlə 2.453 nikah qeydiyyata alınıb. Onlardan 814-ü 60 yaşdan yuxarı, 197-si isə 70 yaşdan yuxarı, 54-ü 80 yaşdan yuxarı şəxslərin nikahının qeydiyyatıdır. 2019-cu ilin 9 ayı ərzində nikahın pozulmasının sayı 12.814 olub, 2018-ci ilin 9 ayında 11.191
 
Əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlanan nikahıların sayı 2019-cu ilin 9 ayı ərzində 1.669, 2018-ci ilin 9 ayı ərzində 1.666 olub. Əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə boşanmaların sayı 2019-cu ilin 9 ayı ərzində 324, 2018-ci ilin 9 ayı ərzində 299 olub.
 
Maraqlıdır, boşanmaların sayının artmasının səbəbləri nədir?
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ailədə tərəflərin bir-birinə güzəşt edə bilməmələri boşanmalara səbəb olan başlıca amillərdəndir:
 
"Rəsmi statistikalar göstərir ki, boşanmalar daha çox evliliyin ilk illərində qeydə alınır. Bu da ailə həyatında evliliyin ilk illərinin böhran dövrü hesab edilməsi ilə əlaqədardır. Bu dövr birgə yaşayışın təməlinin qoyulması, tərəflərin bir-birini daha yaxşı tanımasıdır. Əgər ailə mənəvi cəhətdən möhkəm olarsa, bir o qədər uğurlu olar. Biz boşanmaların səbəblərini araşdırdıqda bu pillədə ilkin yerdə tərəflərin xasiyyətinin uyğun olmamasını görürük. Xasiyyətlərin uyğun olmamasının səbəbi, ailədə "mən" və "sən"in olmasıdır. Ailədə "biz" ifadəsi olmalıdır. Ailədə məsləhətləşmək, birgə qərar vermək lazımdır. Çünki ailədə güzəşt olanda söz-söhbət də az olur".
 
Veysəlova hesab edir ki, ailədə tərəflərin bir-birlərinə güzəşt etməməsi, hörmətsizlik varsa, bu zaman davamlı münaqişələr boşanmalara səbəb olur. Bundan başqa, ailənin uğurlu olması həm də ailədə görülən tərbiyədən, təhsil səviyyəsindən də asılıdır. Buna görə, ilk növbədə övladlarımıza normal təhsil verməliyik ki, digərlərinə qarşı tolerantlığı, ədalətliliyi, empati duyğusunu öyrənə bilsin.
 
Komitə yetkilisinin fikrincə, ailədə övladlara müxtəlif əmək bacarıqları aşılanmalı, qayğı hissi təlqin edilməlidir ki, böyüyəndə, ailə başçısı olanda, artıq məsuliyyətlərinin nə olduğunu dərk edə bilsinlər. Təəssüf ki, bəzən bu cür nüanslar hələ erkən yaşlarda nəzərə alınmır.
 
Veysəlova deyib ki, ailədə qadın və kişi hüquqlarının bərabərliyinin pozulması da müəyyən problemlərə səbəb olur:
 
 
"Ana mətbəxdə qab yuyarkən ata da uşaqla vaxt keçirməlidir. Bu hiss uşağın gələcəyi, onun özünün ailə modelinin qurulması üçün müsbət töhfə verəcək. Öhdəliklərin bərabər olması isə o deməkdir ki, ailədə bütün yük qadının üzərinə düşməyəcək. Ailədə normal münasibətlər görən uşaq gələcəyin gözəl ailə başçısı olacaq. Mənfi tendensiyalar görən uşaq elə düşünəcək ki, ata imici, ya da ki, ana imici elə bu cür də olmalıdır. Belə olan halda ana obrazı qız, ya oğlan uşağının düşüncəsində bütün öhdəlikləri, işləri üzərinə götürən şəxs kimi qalacaq". 
 
Qeyd edək ki, ötən ilə aid rəqəmlərə nəzər yetirdikdə əksəriyyətin evliliklərinin 5 ilədək olan müddətdə boşandığını görmək mümkündür. Belə ki, ötən il 5 ilədək boşanan kişilərin sayı 5 min 296, 5-9 ilədək olanların sayı 4 min 188, 10-19 ilədək olanlar isə 3 min 441 olub. 20 il evlilikdən sonra boşanan kişilərin sayı cəmi 1 932 olub.
 
Bu ilin ilk 7 ayında ən çox boşanan kişilər 25-29 yaş aralığında olublar. Onların sayı 2 min 862 olub. Onların 2 min 25-i isə 25-29 yaşlarda boşanıb. 50-54 yaşda boşanan kişilərin sayı 872 olub.
 
İllər üzrə rəqəmlərə də nəzər yetirdikdə, boşanmaların sayının getdikcə artdığını görə bilərik. Belə ki, 2010-cu ildə 9 min 61, 2011-ci ildə  10 min 747, 2012-ci ildə 11 min 87, 2013-cü ildə 11 min 730, 2014-cü ildə 12 min 88, 2015-ci ildə 12 min 764, 2016-cı ildə 13 min 114, 2017-ci ildə 14 min 514, 2018-ci ildə isə 14 min 857 boşanma qeydə alınıb.