Məmur övladlarına instagram zərbəsi...

Sosial şəbəkələr bəzi məmurların vəzifələrini itirmələrinə səbəb olub; “papanın gül balaları”nın özbaşınalığı nəticəsində həyatını itirənlər də az deyil 

Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yüksək postlarda çalışan məmurların təkcə özləri deyil, övladları, yaxınları haqda yayılan məlumatlar daim ictimaiyyətin diqqət mərkəzindədir. Onlarla bağlı xəbərlər, qeyri-rəsmi söhbətlər, görüntülər daha çox diqqəti cəlb edərək, geniş müzakirələrə səbəb olur.

 
Sirr deyil ki, ölkəmizdə məmur övladları əksərən cəmiyyət üçün nümunəvi olmurlar. Onların bəziləri valideynlərinin tutduğu vəzifəyə güvənərək, ciddi qanun pozuntularına yol verir, xoşagəlməz hadisələrlə gündəmə gəlirlər. Mətbuatda bahalı maşınları, “avtoşluq”ları ilə ad çıxaran, qiymətli qızıl-zinət əşyaları ilə öyünən, bahalı villalarını sosial şəbəkələrdə açıq-aşkar reklam edən məmur övladları və onların “şıltaqlıqları” gözdən yayınmır. Qiyməti yüz minlərlə ölçülən maşınlarla Bakıda avtoxuliqanlıq edən məmur balalarının yol verdiyi nöqsanlardan gələn zərbə özlərindən daha çox valideynlərinə dəyir. Məmurların işdən çıxarılmasında özlərinin yol verdikləri nöqsanlarla yanaşı, bir çox hallarda övladlarının da davranışları mühüm rol oynayır...
 
 
Əndazəni aşan həyat tərzi sürən bəzi məmur övladlarının özlərini ifşa etdikləri əsas yer isə sosial şəbəkələrdir. Onlar əsasən öyündükləri maşınlarını və dəbdəbəli saraya bənzəyən evlərini instagram səhifələrinə yerləşdirirlər. Təxminən 4 ay öncə nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədovun oğlu Aynar Məmmədovun instagram səhifəsində yerləşdirilmiş fotolardan birində onun son model “BMW” avtomobili ilə Zığ şossesində saatda 238.2 kilometr sürət yığdığı avtomobilin bort kompüterinin göstəricilərinə əsasən nümayiş olunurdu. A.Məmmədovun instagram fotolarından məlum olurdu ki, onun kolleksiyasında “Lamborghini Avendator LP700-4" (qiyməti 440 min 500 dollardan 650 min dollara qədərdir), ”Mercedes CLS 63" (72 min dollar), “Ferrari” (bu maşınların qiyməti 200 min dollardan başlayır) kimi çoxsaylı dəbdəbəli superkarlar yer alır.
 
Yeri gəlmişkən, Aynar Məmmədovun rəsmi iş yeri Milli Məclisdir. Yəni o da məmur sayılır. Amma görünən budur ki, deputat oğlunun həyatında ən başlıca yeri qanun layihələri və seçicilər yox, bahalı maşınlar tutur. Buna görə də Aynar Məmmədov maşınlarının sayını getdikcə artırmaqla məşğuldur. Avtomobillərinin qiyməti 15.000 -  650.000 avro arasında olduğunu nəzərə alsaq görərik ki, Aynar Məmmədov üçün pul məsələsi o qədər də böyük problem deyil. İstədiyi avtomobili almağa qadirdir. Elton Məmmədov 10 ildir ki, deputatdır. Aylıq əmək haqqını 2000 manat olaraq hesablasaq 10 il ərzində 240.000 manat pul edir. Bu da sadəcə A.Məmmədovun “Maserati” markalı avtomobilinin qiymətini ödəyə bilər. 
 
Deputatın digər oğlu Elnur Məmmədov isə daha “təvazökar” görsənir. Çünki onun 10-LZ-100 dövlət nömrə nişanlı avtomobillərinin sayı daha azdır.
 
Nissan GTR600 Hennessey 150.000 avro
Nissan GT-R 140.000 avro
BMW X5 60.000 avro
Lexus IS Series 50.000 dollar
Porsche Panamera 250.000 avro.
 
Bu avtomobillərin qiymətləri ümumi hesablandığı zaman 650.000 avro edir. Bu qədər pulları haradan qazanmaqları naməlumdur. Elnur Məmmədov daha çox idman sahəsi ilə maraqlanır və bir neçə ay öncə kiq-boksinq üzrə turnirin qalibi olub. 
 
Məmur övladlarının facebook və “İnstagram” səhifələrində paylaşdıqları şəkilləri işi o yerə çatdırmışdı ki, prezident bir müddət öncə buna sərt reaksiya verərək, “qudurğan” və “harınlamış” məmur övladları kimi ifadələr işlətmişdi. 
 
Hətta oliqarx məmurlar öz uşaqlarını sosial şəbəkələrdən istifadəyə həsrət qoymuş, yalnız sadə həyat tərzini sürmələrini ifadə edən şəkillər yaymaq, adi insanlar kimi yaşadıqlarını ehtiva edən fikirlər paylaşmaq icazəsi vermişdi. 
 
Məmur övladlarının özbaşınalığı o yerə çatıb ki, günün günorta çağı öz bahalı avtomobillərini paytaxtın küçələrində nümayiş etdirməkdən çəkinmirlər. Onların bu “qəhrəmanlığı” indiyə qədər neçə günahsız insanın həyatlarını itirmələrinə səbəb olub. Doğrudur, bəzi məmurlar məhz övladlarının bu özbaşınalıqları nəticəsində ciddi cəzalandırılaraq, vəzifələrindən azad olunublar. Amma üzdə olan budur. Qanları batırılan insanlar da az deyil.
 
Övladlarına görə vəzifələrindən azad edilən və ciddi şəkildə cəzalandırılan bəzi məmurları sizlərə təqdim edirik.
 
 
Xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə (həyat yoldaşı və nəvəsinin ölümü) səbəb olmuş məmur övladının törətdiyi qəzadan çox yazılıb. Belə ki, xalq artistinin ailəsinə ölüm gətirən bahalı “Mercedes-Benz G-55"in sürücüsü Xalid Mədətov və onun məmur atası Mübariz Mədətov cəzasız qalmadı. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov ”Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədr müavini vəzifəsindən azad edildi. 
 
Məhkəmənin hökmü ilə X. Mədətov 5 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 12 il həbs cəzasına məhkum edildi.
 
Övladının yol verdiyi nöqsana görə vəzifəsindən azad olunan məmurlardan biri də sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Ötən ilin yanvar ayında oğlu Vüqar Ələkbərovla İsmayıllı sakinləri arasında yaranan insident sonrada həmin rayonda böyük etirazlara səbəb oldu. 
 
 
Mətbuatda “İsmayıllı hadisələri” kimi işıqlandırılan bu hadisə zamanı eks nazirin oğluna məxsus “Çıraq” hoteli və onun bir neçə bahalı avtomobili yandırılıb. Nazirin həmin rayonun icra başçısı olan qardaşı Nizami Ələkbərov da bu hadisələrdən sonra tutduğu vəzifədən azad olundu.
 
Bir neçə ay öncə Zığ şossesində avtoxuliqanlıq edən polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib.
 
Həmçinin daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə T. Həsənov da polis orqanlarından xaric olunub. 
 
Övladının törətdiyi qəzaya görə işdən çıxarılanlardan biri də Tərtər rayon icra başcısını keçmiş birinci müavini Vidadi Bəylərov olub. Ötən il V. Bəylərovun yeniyetmə oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölüb.
Bir neçə müddət işsiz qalan Vidadi Bəylərova bu yaxınlarda yeni vəzifə verilib. 
Tərtər rayonuna yeni icra başcısı təyin edilən Müstəqim Məmmədov tələbə yoldaşı Vidadi Bəylərovu Tərtər Rayon Telekommunikasiya Qovşağının rəisi təyin edib.
Övladının sosial şəbəkədə dəbdəbəli həyatlarını nümayiş etdirməsi bir prokuroru da işindən etdi. Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə xeyli sayda pulları və müxtəlif avtomobilləri sosial şəbəkədə nümayiş etdirib. 
 
 
1988-ci il təvəllüdlü, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunu olan Elvin Nəbizadənin fotosunu paylaşdığı “Volkswagen” və Rusiya istehsalı olan “Niva” markalı avtomobillər onun özünə məxsus olub. Digər “Jeep” markalı bahalı avtomobil isə atası Ramiz Nəbiyevə məxsus olub. “Lexus” markalı avtomobilin sahibi isə Elvin Nəbizadənin böyük qardaşıdır. Prokurorun oğlu yaşadıqları lüks evin fotosunu da sosial şəbəkədə yayıb. 
 
Bütün bunlarla bağlı mətbuatda yazılandan sonra onun atası öz ərizəsi ilə vəzifəsindən azad olunub./Yeni Müsavat