Məktəb direktorları vakansiyaları niyə gizlədir? – ARAŞDIRMA

 
Orta məktəblərdə, xüsusilə şəhər mərkəzlərində və paytaxtda vakansiyaların gizlədilməsi ilə bağlı gələn xəbərlərin sayı artır. Bu dəfə Samux rayonu M.Xəlilov adına Poylu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Növranə Paşayeva fins.az-a  müraciət edərək iş yerinin dəyişdirilməsində  ciddi maneələrlə üzləşdiriyi bildirib: 
 
Samuxda müəlliməyə hədə-qorxu gəliblər
"Mən ötən il Samux rayonu M.Xəlilov adına Poylu kənd tam orta məktəbinə Azərbaycan dili və ədəbiyyat müəllimi qəbul olunmuşam. Bu il anamın xəstəliyi ilə əlaqədar olaraq Samux rayon İnstitut qəsəbə tam orta məktəbinə keçmək istəyirəm. Bilirəm ki, məktəbdə 65 yaşı tamam olmuş 2 müəllim işdən azad olunub. Digər müəllimlərin də yetərli qədər dərs saatı var. Ancaq mənim müraciətmn aylardı cavabsız qalır”.
 
Problemlə bağlı dəfələrlə Təhsil Nazirliyinə (TN) müraciət etdiyini deyən N.Paşayeva laqeydliklə üzləşdiyini söyləyib: “Lazımı sənədləri də təqdim etmişəm. Amma məsələyə baxılmır. Bu günlərdə isə tanımadığım adamlar  yolda qarşımı  kəsərək mənə hədə-qorxu gəlib, şikayətlərdən əl çəkməyimi tələb edib". 
Bununla da gənc müəlliməyə ağır mənəvi və  psixoloji zərər yetiriblər. 
Müəllimlər müqavilə ilə işə  götürülür
 
Bu, vakansiyaların gizlədilməsi və müraciətlərə baxılmaması ilə bağlı ilk müraciət deyil. Bundan öncə müəllimlərin işə qəbulu üzrə imtahanlarda yüksək nəticə göstərən bir qrup gənc də redaksiyamıza müraciət edərək məsələnin ictimailəşməsini istədilər. 
 
“Biz müəllimlər hər il müəllimlərin işə qəbul imtahanında iştirak edib vakansiyaların azlığı səbəbindən işsiz qalırıq. Rayon təhsil şöbələri tərəfindən  vakansiyalar gizlədilir, şəxsən tanıdıqları müəllimləri müqavilə ilə işə qəbul edirlər. Biz buna etiraz edirik. Əgər müqavilə ilə işə qəbul olunmaq mümkündürsə, nə üçün həmin müəllimlər müəllimlərin işə qəbulu müsabiqəsində yüksək nəticə göstərmiş namizədlər arasından seçilmir?”
 
Şəhərlərdə heç bir vakansiya açıqlanmır
Müraciətdə qeyd edilib ki, Gəncə, Sumqayit, Şirvan, Mingəçevir şəhərlərindən  1 vakansiya belə verilməyib. İmtahanda 54 bal  toplayan Mehriban Əliyeva  Suraxani rayonunda Azərbaycan dili və ədəbiyyatı müəllimi üçün vakansiya verilməsini istəyir. Nərmin Mehdiyeva  (51bal) isə deyib ki, Gəncədə Azərbaycan dili və ədəbiyyatı müəllimi üçün 1  dənə də vaķansiya verilməyib .  
Günel Vəĺiməmmədova da 54 bal toplasa da Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi Sumqayıt şəhəri və ya Abşeron rayonu, ya da ətraf qəsəbələrdən vakansiya verilməməsindən şikayətlənib.  
 Pərvin Xəlilova isə  52 bal  toplasa da ibtidai sinif müəllimi kimi Xırdalanda işləmək istəyi baş tutmayıb. Bildirib ki, 3 ildir ona ixtisasına uyğun vakansiya verilmir.   
Qazax rayonunda da eyni vəziyyət yaşanır. Carçıyeva Yeganə 53 balla təsviri incəsənət müəllimi vakansiyası tapa bilmir.   
Qeyd edək ki, adları çəkilən və çəkilməyən xeyli  namizədlər müəllimlərin işə qəbul imtahanından 80-90% nəticə göstəriblər. Bəziləri  hətta  6 dəfə imtahan verib, lakin vakansiyalar açıqlanmadığından hələ də işsizdilər. Bütün bunlar deməyə əsas verir ki, paytaxtda və digər şəhər, rayon mərkəzlərindəki  yüksək potensiallı müəlli m kadrlarına ehtiyac olan məktəblərdə vakansiyalar gizlədilir. Əvəzində isə hansısa ucqar kənddə cəmi bir vakansiya elan olunur və namizədləri    zorla məhz oranı seçməyə məcbur edirlər. Bu isə əmək qanunvericiliyinə və digər normativ hüquqi  aktlara ziddir. 
 
Təhsil Nazirliyinin mənasız cavabı
Məsələyə TN-nin mürasibəti isə çox qısa olub:
“Bildiririk ki, müddətli müqavilə ilə (sosial məzuniyyət yerinə, əvəzçilik və saathesabı qaydasında) müəllimlərin işə qəbulu tabelik üzrə təhsili idarəetmə orqanının razılığı ilə müəssisə rəhbəri tərəfindən həyata keçirilir. İşə qəbul zamanı üstünlük mərkəzləşdirilmiş müsabiqədən keçid balı toplayan namizədlərə verilir”.
Vakant yerlərin açıqlanmamasına gəlincə, TN qeyd edib ki, respublikanın ümumi təhsil müəssisələrində vakant yerlər barədə məlumat elektron baza əsasında toplanılır və www.miq.edu.az saytında yerləşdirilir. 
“Mövcud qaydalara əsasən, müsabiqənin dördüncü mərhələsində (müsahibə) test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müvafiq komissiya tərəfindən yoxlanılır. Müsahibəyə çağrılan namizədlərə ixtisaslarına uyğun mövzu verilir. Namizədlər həmin mövzunu müsahibə komissiyasına açıq dərs formatında təqdim edirlər”.
TN-dən bildiriblər ki, bu il ümumilikdə  31.779 nəfər namizədin imtahanda iştirak etmək üşün elektron ərizəsi təsdiq edilib. Açıqlanan vakant yerlərin sayı isə cəmi 3 385 olub. 
 
Nazirlik vakansiyaları gizlətməkdə maraqlıdır
Onu da deyək ki, TN göndərdiyimiz 10-a yaxın sorğuya verilən cavab yalnız bunlardan ibarətdir. Bu da onu göstərir ki, Nazirlik öz yerlərdə, xüsusilə şəhər mərkəzlərində  vakansiyaların gizlədilməsinə şərait yaradır. Hətta bu məsələdə TN-nin xüsusi marağı da var. Çünki paytaxta, eləcə də rayon və şəhər mərkəzlərindəki məktəblərdə  müəllimin işə qəbulu daha bahadır.
Vakansiyaların açıqlanması maraqlı qurumları bu asan "qazanc mənbəyi"ndən məhrum edə bilər. Ona görə də vakansiyalar açıq-aşkar gizlədilir. Bu barədə məlumatı olan vətəndaşlar isə polis gücünə susdurulur. 
TN isə bütün bunlara illərdir göz yumur. Bir neçə il əvvəl rəhbərliyin dəyişməsi isə təhsil sistemində köklü dəyişikliklərin olacağı ilə bağlı gözləntilər də puça çıxdı. İctimaiyyət təhsil sistemində rüşvət sindromunun, xüsusilə müəllimlərin işə qəbulundakı açıq alverin aradan qaldırılaçağını gözlədiyi halda, problem daha dərinləşdi.
İnformasiya texnologiyalarının yüksək inkişaf səviyyəsinə çatdğı bir dövrdə  müəllim vakansiyalarının gizlədilməsi ağlasığmazdır. TN bu  cür texnoloji yenilikərdən təhsilin,  təlim-tərbiyənin inkişafı üçün deyil, Qubada yay məktəbinin təşkili ilə bağlı mənasız xəbərləri  paylaşmaq üçün istifadə edir.