Məhbus sayına görə Azərbaycan dünyada üçlükdədir

Azərbaycan Avropa Şurası ölkələri arasında adambaşına düşən məhbus sayına görə ilk üçlükdədir.
 
Bu barədə Avropa Şurasının aprelin 2-də yaydığı məhkumların sayı ilə bağlı illik statistik hesabatda qeyd olunur.
 
2018-ci ilə dair hesabata görə, Azərbaycanda hər 100.000 nəfərə 235 məhkum düşür. İlk 2 yeri isə Rusiya (418.3) və Gürcüstan (252.2) tutur. Analoji rəqəm Ermənistanda 118.9-dur, bu isə 2016-cı illə müqayisədə 8.7 faiz azalma deməkdir. Adambaşına düşən ən az məhkum sayı San-Marino (17.9), Lixtenşteyn (31.5) və İslandiyada (46.8) qeydə alınıb.
 
Hesabatda göstərilir ki, Azərbaycan narkotik vasitələrlə bağlı cəzaların ən çox verildiyi ölkələr sırasındadır. Məhkumların 25%-dən çoxu bu tip cinayətlərə görə cəza çəkir.
 
2016-2018-ci illəri əhatə edən araşdırma 44 Avropa Şurası ölkəsinin verdiyi məlumatlara əsaslanır. Sənəd hazırlanarkən Albaniya, Belçika, Bosniya-Hersoqovina, Macarıstan, Malta, Ukrayna və Türkiyənin verdiyi məlumatlara istinad olunmayıb. Araşdırmaya əsasən, bu illər ərzində Avropa miqyasında məhkumların sayı 6.6 faiz azalıb. /Rakurs.tv /