Məhbus ailələrinin aksiyasının qarşısı alınıb

Mayın 7-də Gəncə hadisələri ilə bağlı həbs edilmiş və işgəncələrə məruz qalmış şəxslərin bir qrup ailə üzvü Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.
 
Etirazçılar "Gəncə işi" ilə bağlı istintaqa rəhbərlik etmiş müstəntiqin və digər şəxslərin fotolarını nümayiş etdirib, hökumətdən insanlara həbs və istintaq zamanı işgəncə vermiş şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsini tələb edib. Bu barədə "Amerikanın Səsi"nə hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.
 
Onun sözlərinə görə, etiraz aksiyası polis tərəfindən dağıdılıb. Bir neçə etirazçı və jurnalist saxlanılıb.
 
"Biz jurnalıistlər, - Arzu Abdulla, Sevinc Sadıqova və Teymur Kərimov, Gülnaz Qəmbərova - aksiya zamanı polis tərəfindən saxlanıldıq. İki saatadək Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində saxlanıldıqdan sonra üç qadın jurnalist azad buraxıldıq. Amma Teymur Kərimov hələ də polis bölməsindədir", deyə Arzu Adulla "Amerikanın Səsi"nə bildirib.
 
Bu il martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs edilən iki qrupa hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.
 
Bəzilərinin əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.
 
Birinci qrupda mühakimə olunan 6 şəxsə 6 ildən 8 ilə qədər həbs verilib. İkinci qrupda mühakimə olunan 8 şəxsin isə 5 ildən 8 ilə qədər cəza aldığı qeyd olunur.
 
Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb. Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilib ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.
 
Hüquq müdafiəçiləri və həbsdə olan şəxslərin ailə üzvləri həbs və istintaq zamanı insanlara ağır işgəncələr verildiyini bildirir. Onlar işgəncə faktlarının araşdırılıb hüquqi qiymət verilməsı tələbi ilə dəfələrlə müxtəlif hökumət qurumlarının binaları qarşısında askiyalar keçirib, ölkə prezidentinə müraciət qəbul ediblər. /contact.az/