Dövriyyədə olan nağd pul kütləsinin artımını, manatın dövretmə sürətinin aşağı düşməsini, eləcə də banklarda kənarda olan valyuta ehtiyatlarının çoxalmasını tənzimləyə bilməyən Mərkəzi Bank valyuta bazarında sərt nəzarət qaydalarının tətbiqinə qərar verib. Bununla əlaqədar olaraq kommersiya banklarına ünvanladığı təlimatda bildirilir[1] ki, onlar valyuta dəyişmə əməliyyatları zamanı xarici valyuta alan müştərilərdən daha detallı məlumatlar toplamlıdırlar.
Bundan sonra valyuta alan müştərilər ad və soyadla yanaşı, vəsaitin mənbəyi və alınan xarici valyutanın təyinatını da (yəni hansı məqsədlə alındığı və necə sərf ediləcəyi) açıqlamalıdırlar. Bu məqsədlə müştərilər 500 dollardan yuxarı əməliyyatlar üçün xüsusi blankı doldurmalıdırlar.
İl ərzində alınan valyutanın məbləği 20 min manatı keçdikdə isə müştəri Maliyyyə Monitorinq Xidmətinin qaydalarına uyğun olaraq təqdim etdiyi məlumatları sənədlərlə də təsdiqləməlidir. Məsələn, müştəri hansısa əmlakının satışından əldə etdiyi manatı dollar çevirmək istəyirsə, onda dollar çevurmək istədiyi manatın mənbəyinə dair notariusun təsdiqlədiyi alqı-satqı müqaviləsini təqdim etməlidir. Bu zaman müştəri müqavilədə göstərilən məbləğdə manatı dollar dəyişə biləcək. Əgər müştərinin dollar çevirmək istədyi manatın mənbəyi kimi əmək haqqı göstərilirsə, son bir ilin əmək haqqı barədə möhürlü arayış təqdim etməlidir./ Turan