İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

29 sentyabr - 15 zil-hiccə - İmam Əliyyən Nəqinin (ə) mövlududur

 

İmam Əliyyən-Nəqinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə çatdırırıq:

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi də Əbülhəsən olduğu üçün səhv olmasın deyə, imam Kazimə (ə) birinci Əbülhəsən, imam Rzaya (ə) ikinci Əbülhəsən və imam Hadiyə (ə) üçüncü Əbülhəsən deyilir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də Mədinə yaxınlığındakı Sərya adlı məntəqədə dünyaya gəlmişdir. Atası imam Mühəmməd Cavad (ə), anasının adını isə Səmanə və yaxud Süsən qeyd etmişlər.  (“Əl-irşad”, Şeyx Müfid, s. 327)

İMAM HADİNİN (Ə) MÜASİRİ OLMUŞ XƏLİFƏLƏR

İmam Əliyyən-Nəqi (ə) imam olduğu müddətdə aşağıda adları çəkilən Abbasi xəlifələrinin müasiri olmuşdur: Məmunun qardaşı Mötəsim (218–227 h.q); Mötəsimin oğlu Vasiq (227–232 h.q); Vasiqin qardaşı Mütəvəkkil (232–247 h.q); Mütəvəkkilin oğlu Müntəsir (altı ay); Müntəsirin əmisi oğlu Müstəin (247–251 h.q); Mütəvəkkilin digər oğlu Mötəzz (251–255 h.q).

İMAM HADİNİN (Ə) İMAMƏ

İmam Əliyyən-Nəqi (ə) 220-ci hicri ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən imamət məqamına çatmışdır Şiələr imamın həddi-büluğa çatmamışdan öncə imamətə çatması məsələsini imam Cavadın (ə) üzərində təcrübə və həll etdiklərindən imam Əliyyən-Nəqinin (ə) imaməti barəsində şübhəyə düşmədilər. Şeyx Müfid və Növbəxtinin qeydlərinə görə, imam Cavadın (ə) şiələrindən bir neçəsindən başqa, hamısı imam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etdilər. İmam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etməyən az bir qrup isə, yalnız qısa bir müddət “Musa Mübərqə” adı ilə məşhur olan və Qum şəhərində dəfn edilən Musa ibn Məhəmmədin (vəfat tarixi: 296-cı h.q. ili) imamətinə inandılar. Amma bir müddət keçdikdən sonra onun imamətindən üz çevirib imam Əliyyən-Nəqinin (ə) imamətini qəbul etdilər. Səd ibn Abdullah onların imam Əliyyən-Nəqiyə (ə) üz tutmasına səbəb kimi, Musanın özünün onlardan yorulması və onları öz ətrafından qovmasını göstərmişdir. (“Əl-məqalatu vəl-firəq”, s. 99.)

O həzrət otuz iki il imamət etmiş, qırx bir il və bir neçə ay həyat sürmüş, hicrətin 254-cü ilinin Rəcəb ayında, iyirmi il doqquz ay Samirra şəhərində yaşadıqdan sonra Abbasi xəlifəsi Mötəzzin vasitəsilə şəhadətə yemiş və öz evində də torpağa tapşırılmışdır.

Rza Şükürlü /