İMAM ƏLİYYƏN-NƏQİDƏN (Ə) ON İKİ HƏDİS

21 mart - 3 rəcəb - İmam Hadinin (ə) şəhadət günüdür.

Əhli-beyt imamları (ə) məsum və pak insanlar olduqlarından, bəşəriyyətə pak həyatı tanıtdıran ən gözəl örnək və nümunələrdir. Həmin insanlardan biri də imam Əliyyən-Nəqidir (ə). On iki imamın bir üzvü və on dörd məsumun on ikincisi olan imam Əliyyən-Nəqinin (ə) şəhadət günü münasibətilə başsağlığı deyir, o həzrətin tövsiyələri və əxlaqi hədislərindən on ikisini əziz oxucularımızın diqqətinə çatdırırıq:

1. Həyatda uğur və müvəffəqiyyətin rəmzi:

مَنِ اتَّقَی اللَّهَ یُتَّقَی وَ مَنْ أَطَاعَ اللَّهَ یُطَاعُ وَ مَنْ أَطَاعَ الْخَالِقَ لَمْ یُبَالِ سَخَطَ الْمَخْلُوقِینَ وَ مَنْ أَسْخَطَ الْخَالِقَ فَلْیَیْقِنْ أَنْ یَحِلَّ بِهِ سَخَطُ الْمَخْلُوقِین

“Allahdan qorxandan qorxarlar, Allaha itaət edənə itaət olunar, Xaliqə itaət edən (Onun əmrlərinə təslim olan) məxluqatın qəzəbindən əsla qorxmaz və Xaliqi qəzəbləndirən bilməlidir ki, məxluqatın (xalqın) qəzəbindən amanda olmayacaqdır.” (Tuhəful-uqul”, səh.361.)

2. Dünya bazardır:

الدُّنْيا سوقٌ رَبِحَ فيها قَوْمٌ، وَخَسِرَ فيها آخَرون

“Dünya elə bir bazardır ki, bir qrup orada (qiyamət üçün) xeyir qazanır, digər bir qrup isə ziyana uğrayır.”

3 Helm:

الْحِلْمُ أَنْ تَمْلِكَ نَفْسَكَ، وَ تَكْظِمَ غَيْظَكَ مَعَ الْقُدرَةِ عَلَيْهِ

“Helm odur ki, nəfsinə sahib olasan və qüdrətin ola-ola hirsini boğasan.”

4. Yaxşılıqlar:

خَيْرٌ مِنَ الْخَيْرِ فَاعِلُهُ، وَأَجْملُ مِنَ الْجَمِيلِ قائِلُهُ، وَأَرْجَحُ مِنَ الْعِلْمِ عَامِلُهُ

“Yaxşılıqdan yaxşı onu yerinə yetirən, gözəllikdən gözəl onu deyən və elmdən üstün ona əməl edəndir.”

5. İmam Hadinin (ə) Abbasi xəlifəsi Mütəvəkkilə nəsihəti:

“Narahat etdiyin şəxsdən səfa və səmimiyyət gözləmə, xəyanət edib aldatdığın şəxsdən sədaqət gözləmə, sui-zənn etdiyin (bədgümanda olduğun) şəxsdən nəsihət gözləmə…”

6. Pis əxlaq:

شَرُّ الرَّزِيَّةِ سُوْءُ الْخُلُقِ

“Ən pis fəlakət pis əxlaqdır.”

7. Həsəd və xudbinlik:

الْحَسَدُ ماحِقُ الْحَسَناتِ، وَالزَّهْوُ جالِبُ الْمَقْتِ

“Həsəd yaxşılıqları məhv edir, xudbinlik isə nifrət qazandırır.”

8. Pis adamlarla dostluq etmək:

مُخالَطَةُ الاْ شْرارِ تَدُلُّ عَلى شِرارِ مَنْ یُخالِطُهُمْ

“Pis adamlarla dostluq etmək insanın pisliyinə dəlalət edir.”

9. İstehza:

الْهُزْءُ فَكاهَةُ السُّفَهاءِ وَ صِناعَةُ الْجُهّالِ

“İstehza və masqara etmək səfehlərin xasiyyəti və nadanların peşəsidir.”

10. Cahillik və paxıllıq:

الْجَهْلُ وَالْبُخْلُ أَذَمُّ الْأَخْلَاقِ

“Cahillik və paxıllıq ən pis əxlaqdır.” (“Əl-məsdərul-mütəqəddim”, səh.164.)

11. Qəzəb:

الْغَضَبُ عَلى مَنْ لا تَمْلِكُ عَجْزٌ، وَ عَلى مَنْ تَمْلِكُ لُؤْمٌ

“Gücün çatmadığın insanın üstünə qəzəblənmək acizlik, gücün çatdığın insanın üstünə qəzəblənmək isə alçaqlıqdır.” (Biharul-ənvar”, 75-ci cild, səh.371.)

12. Tamahkarlıq:

مَا اسْتَراحَ ذُو الْحِرْصِ

“Tamahkarın istirahəti olmaz.” (“Müstədrəkül-vəsail”, Mühəddis Nuri, 2-ci cild, səh.336, hədis 11.)

(“Əxlaqun-Nəbiyyi (s) və Əhli-bəytihi (ə)”, Ustad Baqir Şərif əl-Qüreyşi, “İmam Hadinin (ə) həyatı” bölümü.)

Rza Şükürlü (Maide.Az)