İmam Əli (ə) ziyarətgahında 'Mübahilə günü' qeyd edildi - FOTO

İslam Tarixində mühüm hadisələrdən biri olan Mübahilə günü İraqın Nəcəf şəhərində, İmam Əli (ə) ziyarətgahında qeyd olunub.
 
Hicrətin 10-cu ilində bir neçə nəfər Rəsuli-Əkrəm (s) tərəfindən Yəmənin Nəcran məntəqəsində İslamı yaymağa, təbliğ etməyə təyin olundular. Nəcran xristianları Peyğəmbəri-Əkrəmlə (s) danışıq aparmaq üçün bir nümayəndə heyətini Mədinəyə göndərdilər. Danışıqlardan sonra onlar bəhanə axtararaq şəkdə olduqlarını deyir, heç bir məntiq və dəlilə əsaslanmadan həzrət İsanın (ə) allahlıq məqamında şərik olduğunu iddia edirlər. Bu ayə nazil olaraq buyurur: “Ya Peyğəmbər! Səninlə mübahisə apararaq haqqı qəbul etməkdən imtinaedənlərə de: Gəlin biz də oğullarımızı, siz də oğullarınızı; biz də qadınlarımızı, siz dəqadınlarınızı; biz də özümüzü, siz də özünüzü çağıraq! Sonra mübahilə edib(yalvarıb qarğış edərək) yalançılara Allahdan lənət istəyək.” Yəni bu qarğış hər kəsi tutsa, onun batil yolda olması məlum olacaqdır. Bununla da mübahisəni sona yetirərik.
 
Bu ayə nazil olandan sonra Peyğəmbəri-Əkrəm (s) Nəcran xristianlarını mübahiləyə çağırdı. Onlar o həzrətdən fikirləşmək üçün bir gün möhlət istədilər. Xristianların başçısı və alimi dedi: “Əgər sabah Mühəmməd öz ailəsi və övladları ilə birgə mübahiləyə gəlsə, onunla mübahilə etmədən geri qayıdarıq; amma hay-küylə, təmtəraqla, öz mürid və tərəfdarları ilə gəldiyini görsək, onunla mübahilə edərik.”
 
Ertəsi gün Peyğəmbər (s) Əli (ə), Fatimə (ə.s), Həsən (ə) və Hüseynlə (ə) birlikdə xristianların qarşısına çıxdı. Xristianların başçısı ətrafındakılardan soruşdu: “Bunlar kimdir?” (Bu hadisəni Peyğəmbər (s) özü müşahidə edirdi.) Ona dedilər: “Biri əmisi oğlu və kürəkəni, o iki oğlan uşağı qız nəvələri və o qadın da hamıdan əziz bildiyi qızıdır!” Xristianların yepiskopu dedi: “Mənim gördüyüm kişi öz qərarında möhkəmdir, mübahiləyə şücaət və cürətlə gəlmişdir. Qorxuram ki, haqq olsa, ağır bəlaya düçar olaq!” Sonra üzünü Peyğəmbərə tutub dedi: “Ey Mühəmməd! Biz qərara gəldik ki, səninlə mübahilə yox, sülh edək!” Bəzi rəvayətlərdə isə onun belə dediyi nəql olunmuşdur: “Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər onlar Allahdan istəsələr, dağ yerindən qopar! Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız!”
 
Bundan sonra məsihilər mübahilə etməkdən imtina edir və məğlub olurlar. Vergi verməklə İslam dövlətinin himayəsində və öz dinlərində qalırlar.