İMAM BAQİRİN (Ə) MƏDƏNİ MİRASI

 

İmam Mühəmməd Baqir (ə) öz imaməti dövründə ilahi maarifi nəşr edərək elmi çətinlikləri həll etməklə sonradan oğlu imam Cəfər Sadiqin (ə) imaməti dövründə təsis edilən böyük İslam məktəbinin yaranmasına şərait yaradan elmi inqilabı həyata keçirtdi.

Şiənin fiqh və təfsir qaynaqlarına nəzər saldıqda, fiqhi, əxlaqi və təfsiri rəvayətlərin böyük bir qisminin imam Baqirdən (ə) nəql edildiyi asanlıqla aydınlaşır. İmam Baqirdən (ə) nəql edilən fiqhi məsələləri başa düşmək üçün Quran ayələrinin təfsiri və nazilolma səbəbləri ilə əlaqədar bir çox hədislər “Vəsailuş-şiə” və Əllamə Bəhraninin “Əl-bürhan” və Mühəqqiq Feyz Kaşaninin “Safi” kitabında toplanmışdır.

Bunlardan əlavə, Əmirəlmöminin Əlinin (ə) həyat tərzi və tarixi hədislər haqda imam Baqirdən (ə) çoxlu sayda hədis nəql edilmişdir. (“Tarixi-Təbəri”, c. 3, s. 37, c. 5, s. 176-197.) Həmçinin əxlaqi məsələlər barəsində çox dəyərli kəlamlar da o həzrətdən nəql olunmuşdur. Bu kəlamlar lakonik və yığcam, son dərəcə gözəl olmaqla yanaşı, o həzrətin məsumluq ruhundan və batini istedadından qaynaqlanmışdır.

İmam Baqirin (ə) elmi-əxlaqi dərslərinin bir nümunəsi kimi, quru və sönük müqəddəsliklərlə mübarizə aparmasını göstərmək olar. O həzrət, bütün dünya nemətlərini tərk edərək bunu təqva və zahidlik hesab edən kəslərin düşüncə tərzinə qarşı çıxırdı.

İmam Baqirin (ə) xüsusilə təfsir sahəsində fəaliyyət və hədisləri məşhurdur. O həzrət “kəlam” elmi haqda da imam Əmirəlmöminin Əlinin (ə) tövhid və ilahi sifətlərlə əlaqədar xütbələrini nəql etmişdir. (“Həyati imam Baqir (ə)”, c. 1, s. 190.) Eyni zamanda, şiə ilə əhli-sünnə arasındakı bir çox ixtilaflı və mübahisəli “kəlam” elmini də açıqlamışdır. Bu rəvayətlərin əksəriyyətini “Üsuli-kafi” kitabında açıq-aşkar görmək olar.

İbn Nədim “Əl-fehrest” kitabında bir təfsir kitabını imam Baqirə (ə) isnad vermiş və bu barədə Əbu Çarud Ziyad ibn Münzirin o həzrətdən nəql etdiklərinə əsaslanmışdır. (“Təsisuş-şiə li-ulumil-İslam”, s. 327.)

İmam Baqirin (ə) yorulmaq bilməyən fəaliyyətləri və ondan sonra da imam Sadiqin (ə) təlaşları şiə fiqhinin Rəsulullahın (s) hədisləri və məsum imamların qəlbinə nazil olan qeybi ilhamlara söykənərək əhli-sünnədən daha tez tənzimlənmə mərhələsinə çatmasına səbəb oldu.

Mustafa Əbdürrəzzaq bu haqda belə yazır: “Şiə fiqhinin digər islami təriqətlərdən daha tez yarandığını qəbul etmək məntiqə əsaslanır. Çünki şiələrin imamların məsum və günahsızlığına etiqadı onların verdikləri hökm və fətvaların toplanmasını tələb edirdi.” (“Təmhidun li tarixil fiqhil islami”, s. 203.)

İmam Baqir (ə) və imam Sadiqin (ə) fiqhə əhəmiyyət verməsində məqsəd xalq arasında unudulan və tərk edilən fiqhi hökmləri yenidən bərpa edərək təhrifləri aradan qaldırmaq idi.

İmam Baqir (ə) Əhli-beyt məktəbinin nümayəndəsi olaraq şiə məktəbində fiqh və təfsir elmini tənzimləyən ilk şəxsiyyətlərdən biri idi. Bu məktəb baxımından, təkcə Rəsulullahın (s) elm qapısı olan Əhli-beyt yolu ilə zəngin islami elmlər əldə edilə bilər. Buna görə də, imam Baqir (ə) Sələmət ibn Kuheyl və Həkəm ibn Üyeynəyə belə buyururdu: “İstər dünyanın şərqində olun, istərsə də qərbində, bizim elmimiz kimi həqiqi bir elm tapa bilməzsiniz.”[1]

Yenə buyururdu: “Həsən Bəsri! Dünyanın harasına istəyirsənsə get, lakin and olsun Allaha ki, buradan başqa bir yerdə elm tapmayacaqsan!”

Başqa bir hədisdə belə buyurulmuşdur: “Xalq hara istəyirsə getsin, amma and olsun Allaha, elm buradan – öz evinə işarə etdi – başqa bir yerdə əldə edilməz!”[2]

İmam Baqir (ə) də digər şiə imamları kimi, Əhli-beytin mövqeyinin əhəmiyyətini camaata başa salmaq üçün həmişə təbliğ edərdi. Bu haqda o həzrətdən belə bir hədis nəql edilmişdir: “Rəsulullahın (s) övladları ilahi elmlərin qapısı, Allah rizasını qazanmağın yolu, camaatı cənnətə dəvət edən kəslərdirlər.” (“Əl-əmali”, Şeyx Müfid, s. 42.)

Rza Şükürlü

 



[1] “Rical”, Kəşşi, s. 209-210; “Kafi”, c. 1, s. 399; “Bəsairud-dərəcat”, s. 9.

[2] “Kafi”, c. 1, s. 399; “Bəsairud-dərəcat”, s. 12.