İMAM CAVAD (Ə) VƏ ELMİ MÜZAKİRƏLƏR

Məlum olduğu kimi, imam Cavad (ə) uşaq ikən imamət məqamına sahib olduğundan, o həzrət bir sıra elmi müzakirələrə qatılmış və bəzən də həmin müzakirələr çox təntənəli şəkildə keçirilmişdir O həzrət iki səbəbdən elmi müzakirələrə qatılırdı:

1. Şiələr o həzrətin azyaşlı olmasına baxmayaraq, onun elmi yığıncaqlara qatılmasını və nəticədə, ilahi elmini görmək istəyirdilər;

2. İmam Cavadın (ə) müasiri olan xəlifələr, xüsusilə, Məmun və Mötəsim tərəfindən elmi yığıncaqlar təşkil edilirdi. Şiələr imamların ilahi elmə sahib olduqlarını iddia etdikləri halda, xəlifələr onların bəzi suallar qarşısında acız qalacaqlarını düşündüklərindən, belə elmi məclislər təşkil edir və imamların qarşısına zamanın ən məşhur alimlərini çıxarırdılar. Xəlifələrin məqsədi şiələrin “Əhli-beyt imamları ilahi elmə sahibdirlər!” – əqidəsini və nəticədə, onların imamlara etimadını sarsıtmaq idi. Həm də, Məmun elmi müzakirələrə xüsusi maraq göstərdiyindən, tarixdə Abbasi xəlifələri arasında elmsevər bir xəlifə kimi məşhur olmuşdur.

Bu elmi müzakirələrlə əlaqədar əlimizdə olan ən mühüm sənəd Şeyx Müfidin Rəyyan ibn Şəbibdən nəql etdiyi ətraflı bir rəvayətdir. (“Rical”, Nəcaşi, s. 165.) Biz burada həmin rəvayəti qısa şəkildə qeyd etməklə kifayətlənirik:

Məmun öz qızı Ümmül-Fəzli imam Cavadla (ə) evləndirməyə qərar verdikdə, Abbasilər narahat olur və bu qərarla ciddi müxalifətçilik edirlər. Çünki onlar xəlifənin bu işinin imam Rza (ə) ilə əlaqədar təşəbbüsü kimi, bəzi gözlənilməz nəticələr doğuracağını güman edirdilər. Buna görə də, Məmunun yanına gəlib xilafətin Abbasilərin əlindən çıxa biləcəyini bildirərək onun öz qərarından imtina etməsini istəyirlər. Onlar Abbasilərlə Ələvilər arasında baş verən köhnə çəkişmələrə işarə edərək deyirlər: “Artıq Əli ibn Musər-Rzanın gördüyü işlər bəsdir!” Məmun onların cavabında deyir: “Sizinlə Ələvilər arasında baş verən hadisələrdə əsl günahkar siz özünüzsünüz. Çünki insafla davransaydınız, onların sizdən üstünlüklərini bilərdiniz. Məndən əvvəlki xəlifələrin onlarla rəftarları qohumluq tellərini qırmaqdan başqa bir şey deyildi. Mən isə Əli ibn Musər-Rzanın vəliəhdliyindən əsla peşman deyiləm. (“Tuhəful-uqul”, s. 335.) İmam Cavadı (ə) azyaşlı olmasına baxmayaraq seçməyimin əsas səbəbi onun bütün elm və fəzilət əhlindən üstün olmasıdır. Ümid edirəm ki, mənim hazırda başa düşdüklərim gələcəkdə sizə aydın olacaq və o zaman mənim onun barəsindəki nəzərimin düzgün olduğunu biləcəksiniz.”

Onlar deyirlər: “Məhəmməd ibn Əli (imam Cavad) hələ uşaqdır, din və fiqhdən bir şey bilmir. Əvvəl onun din haqqında məlumat toplaması lazımdır. Ondan sonra nə məsləhət görsəniz, onu da edin.”

Məmun deyir: “Mən onu sizdən yaxşı tanıyıram. O, elmləri lədünni olan və ilahi ilhamlardan qaynaqlanan ailədəndir. Bu məsələyə aydınlıq gətirmək üçün, istədiyiniz zaman onu sınaqdan keçirə bilərsiniz!”

Nəhayət, onlar Məmunla müvafiq olduqlarını bildirərək, imam Cavadla (ə) münazirə üçün məşhur qazı və fəqih Yəhya ibn Əksəmi seçirlər. (“Mizanul-etidal”, c. 4, s. 361-362.) Yəhyanın razılığını aldıqdan sonra, uyğun məsələ üçün çətin suallar hazırlayacağını, onun sualları qarşısında imam Cavadın (ə) cavabsız qaldığı təqdirdə ona nəfis əşyalar, var-dövlət verəcəklərini vəd verirlər. Bu iş üçün müəyyən bir gün təyin edirlər. Həmin gün münazirəni dinləmək üçün Abbasilərin hamısı və hətta Məmunun özü də yığıncaqda iştirak edir.

Yəhya ibn Əksəm suallarını soruşmaq üçün, əvvəl Məmundan, sonra isə imam Cavaddan (ə) icazə istəyir. O həzrət hazır olduğunu söylədikdə, Yəhya suallarını soruşmağa başlayır: “Ehram geyən şəxsin heyvan öldürməsinin hökmü nədir?”

İmam Cavad (ə) bu sualın müqabilində bəzi suallar soruşur: “Heyvanı hərəmdə öldürmüşdür, yoxsa onun çölündə? Heyvanı öldürən ehramlı şəxs hökmü bilmədən bu işi görüb, yoxsa bilərəkdən? Səhvən öldürüb, yoxsa bilə-bilə? Ehram geyən şəxs azaddır, yoxsa kölə? Məkkəyə gedərkən öldürüb, yoxsa Məkkədən qayıdarkən? Öldürülən heyvan quş cinsindəndir, yoxsa, başqa bir cinsdən? Kiçikdir, yoxsa böyük? Ehramlı şəxs bu işindən peşmandır, ya yox? Bu işi gündüz görüb, yoxsa gecə? Ümrə halında imiş, yoxsa həcc halında?”

İmam Cavad (ə) məsələnin bütün yönlərinə toxunduqda, Yəhya həyəcan içərisində qalıb özünü itirir. Məğlub olduğu üzünün rənginin dəyişməsindən aşkar görünürdü. Bu vəziyyətdən razılığını bildirən Məmun, Abbasilərə xitabən deyir: “İndi, Cavad (ə) haqqında doğru mövqedə olduğumu anladınızmı?” Sonra qızı Ümmül-Fəzli o həzrətlə evləndirir və mehriyyəsini də, eynilə xanım Fatimeyi-Zəhranın (ə) mehriyyəsi qədər təyin edir. Oradakılar məclisi tərk etdikdən sonra, Məmun imam Cavaddan (ə) Yəhya ibn Əksəmə verdiyi sualların cavablandırılmasını istəyir. O həzrət bütün suallara cavab verir və Yəhya ibn Əksəmdən soruşur: “O kimdir ki, səhərin ilk çağlarında bir qadın ona haram olduğu halda, günəş doğduqdan sonra həmin qadın ona halal olur, günorta vaxtı haram, ikindi vaxtı halal, gün batarkən haram, şam vaxtı halal, gecə yarısı haram və günəş doğarkən halal olur. Bu qadının məsələsi necədir və necə olur ki, daim kişiyə ya halal, ya da haram olur?”

Yəhya ibn Əksəm bu sualın cavabından aciz qalaraq imam Cavadın özünün cavab verməsini istəyir. O həzrət belə cavab verir: “O qadın başqasının kənizidir və buna görə də, həmin kişiyə haramdır, günəş doğduqdan sonra onu sahibindən alır və ona halal olur. Günorta vaxtı çatdıqda, onu azad edir və yenidən kəniz ona haram olur. İkindi vaxtı azad etdiyi kənizlə evlənir və halal olur. Gün batarkən “zihar” edir və nəticədə, yenə özünə haram olur. Şam vaxtı çatdıqda “zihar” kəffarəsini ödəməklə o qadın yenidən ona halal olur. Gecə yarısı qadını boşadığı üçün qadın ona haram olur və ertəsi gün qadına müraciət etməklə yenidən qadın ona halal olur.”

Bir dəfə Məmun imam Cavadın (ə) elmi müqabilində təəccübünü bildirərək deyir: “Azyaşlılıq bu xanədanın əql və zəkasının kamalına mane ola bilməz.” (“Əl-irşad”, s. 46-51.)

Bir dəfə də Mötəsimın hüzurunda münazirə məclisi təşkil edilir və imam Cavadın (ə) elmi üstünlüyü isbat edildikdə, bu məsələ o həzrətin şəhadətə yetirilməsi ilə nəticələnir. Şiə təfsirçisi Əyyaşi, Zərqandan belə nəql edir: “Bir gün dostum İbn Əbu Duad Mötəsimın yanından qayıdarkən narahat idi və həzrət Cavaddan (ə) gileylənirdi. Bunun səbəbini soruşduqda dedi: “Mötəsimın məclisinə oğurluq etdiyini etiraf edən bir şəxsi gətirdilər və ona “hədd” (islami cəza tədbiri) icra olunacaqdı. Bu vaxt fəqihlər onun əlinin haradan kəsiləcəyi haqda müzakirəyə başladılar. Mən dedim: “Biləyə qədər olan hissə əl sayılır. Deməli, onun əli biləkdən kəsilməlidir.” Başqaları da mənimlə müvafiq oldular. Bəziləri də əlin dirsəkdən kəsilməsini söylədilər. Mötəsim bu barədə imam Cavadın (ə) fikrini soruşduqda, buyurdu: “Səcdə yerləri Allaha məxsusdur...” (“Cin” surəsi, ayə 18.)

Mötəsim onun fikrini qəbul edir. Mən utandığımdan yerə girməyi arzuladım. Hadisədən bir neçə gün sonra Mötəsimın yanına gedib bir uşağın fikrini fəqihlərin fikrindən üstün tutduğu üçün, onu qınadım və bunun pis nəticələrini söylədim. Məmun sözlərimdən təsirlənərək katiblərindən birinə imam Cavadı (ə) evinə dəvət edib zəhərləməsini əmr etdi və o da Mötəsimın əmrini yerinə yetirdi. (“Müsnədi imam Cavad (ə)”, Əzizullah Ətarudi, s. 181-183.)

Rza Şükürlü