İmam Hüseyn (ə): Məni tanıyın!

İmam Hüseyn (ə) Aşura günü qılıncını qınından çıxarıb şəhadət meydanına doğru addımladığı halda, özünü tanıtdırmağa başladı və höccəti tamamladı ki, sabah (Qiyamətdə) "Biz Hüseyni (ə) tanımadıq!" deməsinlər. Elə bu məqsədlə özünün mənalı və könüloxşayan şeirlərdən birini dilə gətirib buyurdu:

أنـا ابن عليّ الطهر من آل هاشمٍ

كـفاني بـهذا مـفخراً حين افخر

وجدي رسول الله ا كرم من مشى

ونحن سراج الله في الأرض نزهر

وفـاطم أمـي مـن سـلالة أحمد

وعـمّي يدعى ذا الجناحين جعفر

وفـينا كـتاب الله أنـزل صادقاً

وفـينا الهدى والوحي بالخير يذكر

فـنحن أمـان الله لـلناس كـلّهم

نـسرّ بـهذا فـي الأنـام ونجهر

ونـحن ولاة الحوض نسقي ولاتنا

بـكاس رسـول الله ما ليس ينكر

وشـيعتنا فـي الحشر أكرم شيعة

ومـبغضنا يـوم الـقيامة يخسر

فـطوبى لـعبدٍ زارنـا بعد موتنا

بـجنة عـدن صـفوها لا يـكدّر

Mənəm pak Əlinin (ə) övladı və Haşim xanədanından olan. Əgər iftixar etmək istəsəm, bu iftixar mənə kifayətdir. Cəddim insanların ən üstünü olan Allahın Rəsuludur və Allahın yer üzündəki parlaq çıraqları bizik. Anam Fatimə (s.ə) Əhmədin (s) ailəsindəndir və əmim iki qanad sahibi kimi tanınan Cəfərdir. Həqiqətən, Allahın kitabı bizim xanədanda nazil oldu və vəhy ilə hidayət bizim aramızda yaxşı şəkildə yad edilir. Biz bütün insanlardan bunu gizlətsək də, aşkar etsək də, Allahın pənahıyıq. Öz dostlarımızı Allah Rəsulunun (s) camı ilə sahib olduğumuz Kövsər hovuzundan sirab edən bizik! Bizim şiələrimiz camaatın arasında ən dəyərli tabe olanlardır və düşmənlərimiz Qiyamət günü zərərə uğrayacaqdır. Allah-Taala bizim sayəmizdə hidayəti azğınlıqdan aşkar etmiş və öz nemətlərini çoxaldaraq pak etmişdir. Qiyamət günü teşnə olan biri Kövsər hovuzuna daxil olduğunda Heydər (İmam Əli (ə)) onu iki mübarək əli ilə sirab edər. O, haqqını Allahın hamıya vacib etdiyi hakim İmam və camaata (əməllərinə) şahid olan bir kəsdir. Bizim ölümümüzdən sonra ziyarətimizə nail olan bəndəyə əbədi və suyu əsla iylənməyən Cənnət müjdə olsun! ("Mənaqib", İbn Şəhr Aşub, c.4, səh.88.)

İmam (ə) Aşura günü bütün planlarını diqqətlə həyata keçirirdi, çünki bu böyük və bənzərsiz hadisənin həmişəlik olaraq tarixin qəlbinə həkk olacağını bilirdi. O, həmin hadisənin simasını dəyişə biləcək bütün ehtimali bəhanə və üzr yollarını bağlamışdı. O cümlədən, döyüşə və şəhid olmağa hazır olduğunun nişanəsi olaraq qılıncı qınından çıxardığı halda, ömrünün son anlarında başqa bir şeirlə yenə də özünü tanıtdırmağa başladı. Özü, atası, babası Allah Rəsulu, anası xanım Zəhra və əmisi Cəfər barədə söhbət açdı və sonra bu həqiqətə işarə etdi ki, sizin zahirdə onunla iftixar etdiyiniz Quran və İslam bizim evimizdə nazil olub və Qiyamətdə sizin pənah yeriniz yenə də bizik.

Maraqlıdır ki, hər bir yatmışı oyadan və hər bir sərxoşu ayıldan bu sözlər bu daşqəlblilərə təsir etmədi. ("Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.833-837.)

Maide.az