İMAM RZANIN (Ə) KƏLAMINDA MÖMİNİN ÜÇ GÖZƏL XİSLƏTİ

İmam Rzanın (ə) şəhadət günü olduğundan, təbərrük məqsədilə o həzrətdən nəql olunan bir rəvayəti əziz oxucularımıza təqdim edirik. İmam Rza (ə) bir rəvayətdə möminin üç gözəl xüsusiyyətindən söz açaraq buyurur:

لا یَكُونُ الْمُؤْمِنُ مُؤْمِنًا حَتّى تَكُونَ فیهِ ثَلاثُ خِصال:1ـ سُنَّةٌ مِنْ رَبِّهِ 2ـ وَ سُنَّةٌ مِنْ نَبِیِّهِ 3ـ وَ سُنَّةٌ مِنْ وَلِیِّهِ. فَأَمَّا السُّنَّةُ مِنْ رَبِّهِ فَكِتْمانُ سِرِّهِ، وَ أَمَّا السُّنَّةُ مِنْ نَبِیِّهِ فَمُداراةُ النّاسِ، وَ أَمَّا السُّنَّةُ مِنْ وَلِیِّهِ فَالصَّبْرُ فِى الْبَأْساءِ وَ الضَّرّاءِ

“Mömin üç xislətə sahib olmayınca mömin ola bilməz: 1. Rəbbinin adətinə sahib olsun; 2. Peyğəmbərinin (s) adətinə sahib olsun; 3. İmamının adətinə sahib olsun. Amma Rəbbinin adəti sirri qorumaq və faş etməmək, Peyğəmbərin adəti insanlarla gözəl və mülayim davranmaq, imamın adəti isə yoxsulluq və çətinlik zamanı səbirli olmaqdır.” (“Tuhəful-uqul”, səh.442.)

Hədisin birinci hissəsi ilə əlaqədar deməliyik ki, qeyb elmi Allah-Taalaya məxsusdur və “Cinn” surəsinin 26-cı ayəsində buyurulur:

 عالِمُ الْغَيْبِ فَلا يُظْهِرُ عَلى‏ غَيْبِهِ أَحَدا

“Allah qeybi biləndir və Öz qeybini də heç kimə bildirməz.”

Allah-Taala kainatda baş verəcək hər bir hadisədən, gizli sirlərdən agah olduğu halda, heç kim Onun qeybi sirlərindən agah deyil və Öz bəndələrinin sirlərini heç kimə aşkar etmir. Elə buna görə də, Allah-Taala Özü sir sahibi olduğu üçün, başqalarının da sir sahibi olmasına təkid edir.

Faş olunmuş sir kamandan çıxan oxa bənzəyir ki, onun geri dönüşü mümkünsüzdür. Sir həmin ox, dil isə həmin kamandır, sir dildən çıxdıqda, artıq insanın ixtiyarından xaricdir. Söz mülkünün soltanı Əmirəlmöminin Əli (ə) necə də gözəl buyurmuşdur:

سرک اسیرک،فان افشیته صرت اسیره

“Sahib olduğun sir sənin əsirindir. Onu faş etdikdə isə, sən ona əsir olursan.” (“Qurərul-hikəm”, 1-ci cild, səh.437.)

Məxsusən, çağdaş dünyamızda həyatın bir çox sahəsini asanlaşdıran, rabitə imkanlarını çox asanlıqla təmin edən virtual aləmin və internet resuslarının inkişafı ilə bir çox fürsət qulları və saxtakarların sui-istifadəyə əl atması, çəkinmədən, utanmadan başqalarının ictimaiyyətə bilinməyən şəxsi həyatı və sirlərinin ortalığa atılması, ifşa edilməsi və başqaları ilə paylaşılması, sözsüz, acı nəticələrlə, bir çox problemlərlə sonuclanır. Odur ki, İslamda bu məsələyə xüsusi əhəmiyyət verilir və internet resuslarından istifadə edərkən əxlaqi ölçülər, isalmi dəyərlər, insani keyfiyyətlərdən çıxmamaq hər bir kəsin dini, insani vəzifəsidir.

Uyğun hədisin ikinci hissəsində mehribançılıq, xoşrəftar və xoşəxlaqlılıqdan söz açılır ki, bu da Peyğəmbərin (s) xüsusiyyəti idi. Peyğəmbər (s) bu xüsusiyyətinə görə Allah-Taala tərəfindən “İnnəkə lə-əla xuluqin əzim” (Sən böyük əxlaq sahibisən) ibarəsi ilə təriflənir. “Tövbə” surəsinin 128-ci ayəsində də o həzrətin uyğun xsüsusiyyətindən söz açılır və buyurulur:

لَقَدْ جاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزيزٌ عَلَيْهِ ما عَنِتُّمْ حَريصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنينَ رَؤُفٌ رَحيمٌ

“(Ey insanlar!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o, sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!”

Üçüncü xüsusiyyət isə möminin öz İmamına itaət edərək çətinliklər, müsibətlər zamanı səbirli, dözümlü olmasıdır. Tarixdə göstərildiyi kimi, Əhli-beyt imamlarının (ə) başlarına nələr gəlmədi? İmam Əli (ə), imam Həsən (ə), imam Hüseyn (ə) və digər imamlar nə qədər müsibətlərə sinə gərdi?! İmam Əli (ə) “Şiqşiqiyyə” adlı xütbəsində öz səbri haqda belə buyurur:

فَصَبَرتُ و فی العین قَذًی، وَ فی الحَلقِ شجاً

“Gözündə tikan, boğazında isə sümük qalantək səbir etdim.” (“Nəhcül-bəlağə”, xütbə 3.)

Başqa bir hədisdə də o həzrət səbir və onun əhəmiyyəti haqda belə buyurur:

الصَّبرُ فِی الامورِ بمَنزِلَةِ الرَّأسِ مِنَ الجَسَدِ، فإذا فارَقَ الرَّأسُ الجَسَدَ فَسَدَ الجَسَدُ و إذا فارَقَ الصَّبرُ الامورَ فَسَدَتِ الامورُ

“İşlərdə səbirli olmaq bədənin üstündə olan baş kimidir; necə ki, baş bədəndən ayrıldıqda, bədən fasid olur (çürüyür), səbir də işlərdən ayrıldıqda işlər fasid olur.” (“Əl-kafi”, Kuleyni, 2-ci cild, səh.90.)

Bir sözlə, imam Rzanın (ə) kəlamında üç gözəl xislətdən söz açılır; Allaha itaət edərək sirləri qorumaq, Peyğəmbərə (s) itaət edərək xoşəxlaqlı olmaq və məsum imamlara (ə) itaət edərək səbirli və dözümlü olmaq möminin ehtiyac duyduğu xüsusiyyətlərdir.

Rza Şükürlü (Maide.Az)